“Galenvagen”i həyat yoldaşımla birlikdə..." - Şəbnəm Tovuzlunun bu müsahibəsi qalmaqal yaradacaq

12 Aprel 2019 11:51 (UTC+04:00)

Tanınmış azərbaycanlı müğənni Şəbnəm Tovuzlu AzNews.az-a müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

- Bu gün şou-biznesdə gündəm sizin adınızla bağlıdır...

- Bunu özləri yaradırlar, özləri bilmədən məni reklam edirlər. Bəxtim belədir, şans yaxşı şeydir. Yaxşı ifaçı hər zaman öndə olur. Elin gözü tərəzidir. İnsanlar heç vaxt sevmədiyi ifaçını el şənliyinə dəvət etməz. Deməli, o ifaçını sevir ki, ailəsinə dəvət edir. Toya hamımız gedirik. Şou-biznesdə toy bazarı var. Heç bir müğənni deyə bilməz ki, konsertdən bu qədər pul qazanıram. Hər biri qazanclarını toydan qazanırlar. Bunu etiraf etmək lazımdır. Mən də bir söz deyəndə deyirlər ki, toy müğənniləri bayağıdır. Əslində bizim sənətkarlarımız Ağaxan Abdullayev, Arif Babayev, Alim Qasımov, Nazpəri Dostəliyeva və s. hamısı toydan gəliblər, orada püxtələşiblər. Sonra bəstəkarlarla işləyiblər. Bizi niyə baltalamağa çalışırlar? Mən bir-iki müğənniyə sərt cavab verdim, sonra düşündüm ki, cavab verməyə dəyməzmiş. Yaxın günlərdə bir müğənniyə sual verirlər ki, Şəbnəm xanımı dinləyirsiniz? Mənim hörmət etdiyim xanım idi. Bəlkə elə düşünür ki, cavabı ilə hörmətsizlik etməyib və olanı deyib. Amma ən pis hörmətsizliyi cavabı ilə etdi. Hər zaman xanım xanıma dəstək olar. Sənin oxuduğun nədir? Dinlədiyin ifaçılar kimdir? Şou-biznesdə ən yüksəkdə Aygün Kazımova və Röya Ayxan dayanır. Mən də onları dinləyirəm. Aygün xanım da zamanında Üzeyirlə meyxana tipli mahnı oxudu və ifa sevildi də.

- Siz, Günay İbrahimlini nəzərdə tutursunuz? O, sizin mahnılarınızı dinləmədiyini deyib...

- Mən hörmətsizlik edən insan olmamışam. Ay bu gün populyaram, özümdən razı olum və s kimi xarakterim də yoxdur. Hamı bilir ki, sadə insanam. Yalnız Günayı nəzərdə tutmuram. Bilmirəm, nəyə görə bizi bayağı mahnı ifa etməkdə günahlandırırlar? Şou-biznesdə hərənin öz yolu var. Şükür Allaha təhsilim də var, savadım da. Bəzən deyirlər ki, savadsızsınız. Niyə savadsız oluruq? Savadsız insanın danışıq qabiliyyəti olmaz. Ağzına nə gəlir danışar. Mən muğamı bitirmişəm. Meyxana tipli, estrada tipli də mahnılarım var. “Xəstəyəm” mahnısının nəyi pisdir? Müxalifdir... Bir çox müğənnilərimiz müxalif oxuyublar. Bütün toylarda “Bayatı-şiraz”ı oxumalıyıq. Tovuz, Şəmkir, Masallı toylarında oxuyuram. Bütün toylarda “Biz mehriban ailəyik” mahnısını istəmirlər. Aygün Kazımova, Röya Ayxan, Natavan Həbibi, Xumar Qədimova, Könül Kərimova, Nazpəri Dostəliyeva və s. hər biri ilə Şəmkir toylarında olmuşam. Şəmkir toylarında Röya Tunar ilə oxuduğu duetini ifa edib. Orada caz, pop janrında mahnılar istəmirlər. Estradanın da öz yeri var. Bu normaldı. Bunu niyə böyüdürlər? Pis mahnı yoxdur, onu pis ifa edən ifaçı var. Bunlar da istiqaməti səhv salıblar. Onlara deyiləcək sözləri bizə deyirlər. Yıxmaq istəyirlər. Elə toylar olur ki, ziyalı insanlar, dövlət adamları iştirak edirlər. Onların da kökü rayondandır. Röya da getsə “Qəmərim” və s mahnısını ifa edəcək. Onu gözəl ifaçı bildiyim üçün adını çox çəkirəm. Mən Röyanı heç vaxt kimlərinsə ayağına vermərəm. Bu yaxınlarda yazmışdılar ki, Şəbnəm deyir ki, “Röya da “bozbaş”dır. Mənə sual verdilər ki, “Niyə toy müğənnilərinə bozbaş deyirlər?”. Toya bizim ifaçılarımızın çoxu, Röya Ayxan, Aygün Kazımova, Brilliant Dadaşova, Eyyub Yaqubov da gedir. Bu o deməkdir ki, “bozbaş”dırlar?. Toya hamımız gedirik də. Toy xalqın sevimli, xoş günüdür. Sadəcə bir çox özləri də bilmirlər ki, nə danışırlar.

- Bir neçə gün öncə Samir Cavadzadə sizi musiqimizi bayağılaşdırmaqda günahlandırdı...

- Samir Cavadzadə ilə salamım yoxdur. Amma mənə söz deyə biləcək insan deyil. Çünki janrımız da fərqlidir. Günaya gəlincə o, məni xəyal qırıqlığına uğratdı. Ən azından deyə bilərdi ki, Şəbnəmi dinləmir, amma yaxşı xanımdır. Şəbnəm heç birinizə pis olmayıb. Məndən hörmətsizlik görübsənmi?

Bu cür danışmaqla insanları da kateqoriyaya bölürlər. Əslində Günayın nəsli, kökü Füzulidəndir. Şəhərdə doğulmusan? Sənin də kökün rayondur. Hara gətirsən, rayon qızısan. Mən nə olsun ki, Tovuzluyam. "Sovetski"də doğulmuşam, üç yaşından Tovuzda böyümüşəm. O zaman mən də deyim ki, şəhərliyəm. Guya ki, bunlar yalnız ziyalı toylarına gedirlər.

Onları məndən çox Şəmkir, Gəncə, Tovuz toyunda görən ikinci müğənni yoxdur. Zaman olub ki, onların siyahısını mən tutmuşam ki, filan toya gəlin. Mənsiz gediblər və toylarda iştirak ediblər. O zaman sırf öz ifanızı oxumusunuz?

Hər aşiqin öz dövranı var. Bizdən sonra o qədər ifaçılar gələcək ki... Niyə bizi yıxmağa çalışırsınız? Mən Qazaxıstanda konsert verdim. Konsertimə 500 nəfər tamaşaçı gəlmişdi. Gəlməkləri üçün onları məcbur etmişdim? Zamanında Zeynəb Xanlarova bütün ölkəni gəzib, konsert verib. İnsanlar onu sevib. Zeynəb xanım “Əsən yellər” mahnısını ifa edib. Onun oxuduqları mahnılar da bayağıdırmı? Düşünmədən danışırlar və özlərini ağıllı hesab edirlər. İnsan ona deyərəm ki, həyatda özünə hörmət qazansın, dost itirməsin. Tədbirlərin birində sən içəri giririsən, “ay canım mənim” deyərək 32 dişinin hamısını göstərirlər, amma kamera görəndə dəyişirlər. Həyatda necəsinizsə, həyatda da elə olun.

- Tənqidlər sizə necə təsir edir? İfa tərzinizi dəyişməyi düşünürsünüz?

- Xeyr, janrımı dəyişmək fikrim yoxdur. Mən nə Sara Qədimova, nə də Şövkət Ələkbərova olacam. Bu gün nə əməkdar artist, nə də xalq artisti olmaq istəyirəm. Gözəl yaşayıramsa, xalqım məni dolandırırsa, gözəl ailəm varsa, övladımın yanında üzü ağamsa, istədiyi beş manatı verə bilirəmsə, xaqlım dəstəkdirsə, bu, mənə bəsdir. Bu yerə gəldiyimə görə, Allahıma şükür edirəm.

- 380 minlik villanızla, idarə etdiyiniz “Galenvagen” markalı avomobilinizlə də diqqət çəkirsiniz... Özünüzü varlı müğənni hesab edirsiniz?

- Demirəm ki, milyonçuyam, çoxlu pulum var. Nəyim var, özümə qismət. Allah hər kəsin ruzisini bol etsin. Villanı həyat yoldaşımla birlikdə almışıq. “Galenvagen” markalı avtomobili də həyat yoldaşımla birlikdə almışıq.

- Sirr deyilsə, neçə avtomobiliniz var?

- İki avtomobilimiz var, biri mənim, biri isə həyat yoldaşımındır. Amma uşaqlar üçün bir maşın da almaq istəyirik. Əlini üzgüçülüyə, qızımı dərsə aparmaq üçün. Hamının hər şeyi ola bilər. Bunu şişirtmək lazm deyil. Nəyim varsa, xalqın sayəsindədir. Nə olsun ki, həyat yoldaşım dövlət adamıdır. Nəsildə o qədər yardım etdiyim insanlar var ki...

- Şəbnəm Tovuzlu kasıb olsaydı, necə yaşayardı?

- Tibb bacısıyam. 300 manata klinikada işimə davam edərdim. Xərclərimi azaldardım. Bir pencəyi bir il yox, iki il istifadə edərdim.

- Günə nə qədər pul xərcləyirsiniz?

- Elə gün olur ki, heç pul xərcləmirəm. İsrafçılığı sevmirəm. Qızımı da belə öyrətmişəm. Milyonum da olsa, onun hər dediyini etmirəm. 20 yaşından sonra hər şeyi özü həll edəcək. Çünki birdən-birə belə yaşamamışam. Atam orta kasıb insan olsa da heç vaxt korluq verməyib. Tək övlad olmuşam və hər kəsin nəzəri üstümdə olub. Şükür Allahın bu gününə...

Rəqsanə

AzNews.az