Kiyevdə azərbaycanlı rəssam Vüqar Muradovun fərdi sərgisi açılıb - FOTO

13 Aprel 2019 11:27 (UTC+04:00)

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradovun fərdi sərgisi açılıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin də dəstək verdiyi sərgidə Ukraynanın tanınmış rəssamları, diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai-siyasi xadimlər və soydaşlarımız iştirak edib.

Azərbaycanın dünyanın mədəniyyət beşiyinə çevrildiyini deyən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, V.Muradov artıq öz əsərləri ilə sözünü demiş rəssamdır. Rəssam Ukraynada ilk dəfədir ki, fərdi sərgisini keçirir. “Rəssamın digər xarici ölkələrdə olduğu kimi Ukraynada da fərdi sərgisinin uğur qazanacağına inanıram. Bu cür sərgilər Azərbaycanın mədəniyyət sahəsində inkişafını göstərir. Bu gün ölkəmiz multikulturalizm, mədəniyyət sahəsində lokomotiv rolunu oynayır. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmiz dünyada məşhurluq qazanan iri layihələr həyata keçirməkdədir”, - deyə səfir əlavə edib.

Tarixən Azərbaycanda istedadlı, tanınan rəssamların yetişdiyini qeyd edən Kiyev Milli Art Qalereyasının rəhbəri Luri Vakulenko çıxışında ölkəmizin mədəni zənginliyindən danışıb. O bildirib ki, V.Muradovun əsərləri Ukraynada uğur qazanacaq. Vüqar Muradov gördüyünü, düşündüyünü çox uğurlu formada insanlara təqdim edə bilir.

Tədbirdə çıxış edənlər rəssamın yaradıcılığı barədə ətraflı məlumat verib.

Sərgiyə gələnlərə təşəkkürünü bildirən Vüqar Muradov burada 18 əsərinin sərgiləndiyini açıqlayıb.

Sərgi bir ay davam edəcək. (AZƏRTAC)