Rövşən Abdullaoğlu: Tanrı anlayışı dinlərdən daha əvvəl yaranıb – Müsahibə

13 Aprel 2019 11:48 (UTC+04:00)

Rövşən Abdullaoğlu Azərbaycanda populyar yazarlardan biridir. Hətta bir neçə il əvvəl əsərləri “ən çox satılanlar” siyahısında idi. Ötən həftənin şənbə günü “Əsarət” kitabının imza günündə də xeyli oxucu yığışmışdı. Onunla söhbətə elə yeni kitabdan başladıq.

- Şənbə günü imza günü keçirdiniz, izlədim, xeyli insan vardı. Nədən bəhs edirdi yeni kitabınız, mövzu nə idi?

- “Əli və Nino” kitab mağazasında “Əsarət” kitabının imza gününü keçirdik. “Əsarət” kitabı “Tanrı – mif, yoxsa həqiqət” silsiləsindən üç kitabdan birincisidir. Bu silsilənin ümumi hədəfi Yaradanın varlığı mövzusunu araşdırmaqdır. Elə bir insan yoxdur ki, bu mövzu onu maraqlandırmasın. Tanrı var, yoxsa yoxdur? Biz əgər eramızdan əvvəldən bu günə qədər düşüncə tarixinə nəzər salsaq, heç bir mütəfəkkirin bu sualdan yan keçmədiyini görərik.

Bütün filosofların, tarixçilərin, sosioloqların bu mövzuda öz mülahizələri var. Mən də bu mövzuda olan araşdırmalarımı bir kitabda cəmləşdirib oxucuların ixtiyarına vermək istəyirdim, lakin sonra çox geniş olduğunu görüb üç hissədə nəşr etməyin daha münasib olacağını düşündüm.

Birinci kitab “Əsarət” adlanır, burada fiziki əsarətdən deyil, düşüncənin, azad təfəkkürün əsarətindən söhbət açılır. Psixoloji təsir altında olub, müstəqil düşünmə qabiliyyəti əlindən alınmış kütlələrin manipulyasiyasından danışılır. Bizim yanaşmamıza görə, “Tanrı var, yoxsa yoxdur” sualına cavab verməzdən əvvəl insan öz düşüncəsində olan buxovlardan azad olmalıdır. Yalnız tam müstəqil, şəffaf düşünmə qabiliyyətinə malik olandan sonra bu mövzuya girməlidir. Bir çoxları dünyaya gələndən qocalana qədər ya ailənin, ya təhsil aldığı ocağın, ya da bütünlüklə cəmiyyətin ona geydirmiş olduğu qəliblər daxilində düşünməyə başlayır. Ətrafına bu prizmadan baxdığı üçün bir çox mühüm mövzuları da o “qəliblərlə” təhlil etməyə başlayır. “İdeoloji dəb” deyilən psixoloji təsir amili var. Bəzən ideologiya dəb halına gəlir. Bu zaman insan özü də bilmədən onu öz düşüncəsi olaraq qəbul edir. Sonra da müxtəlif suallara, mövzulara o “eynəklə” baxmağa başlayır. Biz yeni bir yanaşma ortaya qoymağa çalışdıq. “Əsarət” kitabında bütün bu mövzuları ətraflı təhlil elədik. Düşüncə əsarəti nədir, necə yaranır və bundan azad olmaq üçün nə etməliyik?

Psixologiyada belə bir metod var: Hansısa sindromdan azad olmaq üçün ilk növbədə diqqəti bu sindroma yönəltmək lazımdır. İnsan daxili psixoloji düyününə diqqət etdisə, artıq problemin 50 faizini həll etmişdir. Çünki bu zaman problemin həlli asanlaşır. Biz də çalışdıq ki, Tanrının mövcudiyyəti kimi mühüm mövzuya girməzdən əvvəl düşüncələri əsarətdə olan insanların diqqətini o “buxov və zəncirlərə” yönəldək. Əslində əsas məsələ də elə budur. Şəffaf düşüncəli insan daha dəqiq və rasional düşünür.

- Bu gün bu mövzular cəmiyyət üçün nə qədər aktualdır? Niyə bunu soruşdum? İndi belə bir fikir var ki, cəmiyyət onsuz da dinə və eləcə də xurafata sürətlə yuvarlanır.

- Bir mövzunun ictimai, həyati aktuallığının əsas göstəricisi cəmiyyətdəki təsir gücüdür. Ateist filosof Bertran Rasselin bir mühazirəsində qeyd edir ki, tanrı mövzusunun aktuallığı bu barədə illərlə danışmağa, müzakirələr aparmağa haqq qazandırır. Rassellə bu məqamda həmfikirəm. Tanrı mövzusunun əhəmiyyətini göstərən daha bir bariz məqam – bu sualın cavabından asılı olaraq insanın dünyagörüşü, əxlaq kodeksi, davranışları və nəticədə də həyatı köklü surətdə dəyişir. Bu etiqad bir cəmiyyətin taleyini dəyişə, bir ölkənin qanunlarına, ailə institutuna təsir edə bilər. Bu, tarixin gəldiyi qənaətdir. Elmə, tərbiyə üsullarına təsir edir. Psixoloqların nəzəriyyələri, konsepsiyaları dəyişir. Filosofun düşüncələri bunun əsasında qurulur. Ədəbiyyatda, hətta tibb sahəsində dəyişikliklər baş verir. Tanrı mövzusu cəmiyyətin ruhuna işləsə, o zaman bütün təbəqələrinə sirayət edəcək.

İkinci göstərici – cəmiyyətdə bu mövzunun nə qədər hallanması, insanlar tərəfindən nə qədər danışılmasıdır. Tanrının varlığı tarix boyu ziyalı, alim, siyasətçi, zadəgan, fəqir, müəllim, şagird, savadlı-savadsız – hamının müzakirə mövzusu olub. Hətta Tanrını qəbul etməyən, bu mövzunu aktual bilməyənlər belə saatlarla bu mövzu ətrafında danışırlar.

- Əvvəl dini mövzularda yazırdınız, sonra isə bir neçə romanınız dərc olundu və rəğbətlə qarşılandı. Amma sonra dəyişdi, Tanrı axtarışı mövzusuna keçdiniz. Bu dəyişiklik sosial sifariş idi, yoxsa sizin daxili ehtiyac?

- İlk qələmə aldığım kitab “Nəfsi təzkiyənin elmi əsasları” adlanırdı. Bu, irfani, mənəvi mövzuları əhatə edən kitabdır. İnsanın mənəvi təkamülü zamanı qarşısına çıxan maneələrdən bəhs edir. İnsanın ruhunda olan zülmət mənşəli və nurani maneələr, onları aradan qaldırmaq yolları. Ondan sonrakı kitablarda da seçimim teoloji, fəlsəfi və irfani mövzular oldu. İbn Sinanın “İşarat və Tənbihat” kitabının on fəslindən ikisi irfana həsr olunub. O iki fəsli “Ariflərin irfani məqamı və görüntülər” adı ilə şərhlər və izahlar formasında işlədim. Ondan sonrakı mərhələdə fərdi inkişaf mövzularında kitablarımız oldu. Motivasiya janrında, emosiya psixologiyasına həsr olunmuş kitablar qələmə aldım.

Bundan sonra bədii ədəbiyyata müraciət etdim. İlk psixoloji romanım “Bu şəhərdə kimsə yoxdur” adlanır. Daha sonra “Relslər üzərinə uzanmış adam” yazıldı, Srebrenitsa soyqırımından bəhs edən, tarixi motivləri olan bu psixoloji romanda intihar mövzusuna da toxunmuşam. Üçüncü romanım “Abaddon” detektiv janrında yazılmış intellektual, psixoloji romandır. Zahirən bu kitablar fərqli-fərqli mövzulara həsr olunmuş kimi görünsə də, hamısının mərkəzində insan düşüncəsi, təfəkkürü, ətrafa baxışı dayanır. Fərdi inkişaf, psixologiya, motivasiya, ilahiyyat, irfan, fəlsəfə – bunlar hamısı düşüncə ilə əlaqəli mövzulardır. Mənim maraq dairəmin mərkəzində düşüncə mövzusu dayanır. Din ona görə mənim üçün önəmlidir ki, dinin insan həyatında misilsiz praktik təsirini görürəm.

Dinin düzgün təqdim olunmaması bir cəmiyyəti süquta apara bilər və əksinə, doğru şəkildə tanıdılmış din inkişafa aparıb çıxardar. Əgər bir məsələ həyatımızda bu qədər təsirə malikdirsə, təhlükəli və ya uğura səbəb ola bilərsə, mən bu mövzudan yan keçə bilmərəm. Tanrıya, dini həqiqətlərə meyil insan mənəviyyatı, psixologiyası və düşüncəsi ilə birbaşa bağlıdır. Ona görə də cəmiyyətin, insanın fərdi, ictimai həyatının ayrılmaz hissəsidir. Belə bir mövzunu da diqqətdən kənarda qoya bilməzdim.

- Azərbaycanda “oxucu məsələsi”, kitab oxuyanların sayının azlığı hər zaman şikayət mövzusu olub. Amma sizdə sanki elə olmadı. Mən xatırlayıram, bir kitabınız “çox satılanlar” siyahısında birinci oldu. Sizcə, bu nə ilə əlaqədar idi? Seçdiyiniz mövzuların, yoxsa dinin burda rolu vardı?

- Məncə, mövzularla əlaqəsi yoxdur. Bu mövzular mənə qədər də işlənib. Romanlar, psixoloji ədəbiyyat, fərdi inkişaf mövzuları, detektiv janrı – yerli və ya gəlmə olsun – həmişə olub. Mən çalışmışam ki, hamının müraciət etdiyi mövzuya bir qədər fərqli mövqedən, daha yaradıcı və deyərdim, daha dərin yanaşım, məsələlərin mahiyyətini, alt qatlarını göstərim, eyni zamanda o mövzuları insanların anlayacağı, ruhlarını oxşayacaq formada təqdim edim. O mövzularla əlaqəli bir çoxunun toxunmadığı aktual məsələləri qabartdım.

- Yeri gəlmişkən, oxuculardan məktub alırsınız? Nə yazırlar sizə?

- Çox məktublar alıram. Bu sadaladıqlarımı məktub vasitəsilə bölüşürlər. Kitablarım barədə təəssüratlarını paylaşırlar, həyatlarında qoyduğu təsirdən danışır, kitabda qaranlıq qalmış məqamlar barədə sual verirlər, psixoloji konsultasiya üçün müraciət etmək istəyirlər, bəzən öz həyatlarından yazırlar... Daha çox əsər barədə xoş sözlər yazıb, təşəkkür edirlər. Bəzən məndən əsərlərim haqqında soruşanda deyirəm ki, oxuculardan soruşun, onlar daha yaxşı şərh edərlər. Bəzən də oxucular məktublarında kitablarımda olan fərqli özəllikləri qeyd edirlər.

- Tənqidlər necə, olur?

- Tərifləri deyim. Sonra tənqidə keçək (gülür). Əsərlərin praktik təsiri olmasını çox vurğulayırlar. Məsələn, deyirlər ki, əsərdən öyrəndiyimi öz həyatıma tətbiq edə bilirəm. Bir çoxları həyati, mənəvi suallarına cavab tapdıqlarını deyirlər. Bəziləri hətta yazır ki, həyatdan bezmişdim, bu kitab məni həyata qaytardı. Tənqidlər çox az olur. Bəzən önyarğılı yanaşmalarla da qarşılaşırıq, tənqidi oxuyanda görürsən ki, çox təəssüf, əsəri heç oxumadan yazıblar. Məsələn, bir nəfər “Ariflərin irfani məqamları” əsərinə onun orijinalının ərəb dilində olduğunu kitabda qeyd etmədiyimi irad kimi gətirmişdi. Özü də bunu ciddi elmi qüsur kimi göstərmişdi. Əslində, hətta bu irad düzgün olsaydı da, ciddi elmi qüsur olduğunu düşünmürəm. Əsərdə çoxlu sayda elmi məqamlar var, böyük elmi zəhmət var, insanlar bəzən bunu görmür, elə də mühüm olmayan nöqtəyə ilişib qalırlar.

- Dini mövzular insanlar üçün nəyə görə maraqlıdır?

- Dini mövzular dindən bəhs etdiyi üçün maraqlı deyil. İnsanlar mənəvi ehtiyaclarını ödədiyi üçün bu mövzulara ehtiyac duyurlar. Biz buna “dini mövzular” deyirik, qərbdə isə “mənəvi mövzular”, bir başqaları ˝ruhani mövzular˝ adlandırırlar. Əxlaqi bəhslər də mənəvi, ilahi mövzulardır. Bu mövzular insanın ruhuna xitab edir, həyatına məna qatır. Bu səbəbdən insanlar tərəfindən rəğbətlə qarşılanır. Başqa bir səbəb insanın taleyi, həyatı ilə birbaşa əlaqəli olmasıdır. Psixologiyaya görə, stres və bir çox ruhi problemlərin, daxili psixoloji balansın pozulmasının səbəbi insanın öz gələcəyini müəmmalı görməsidir. İnsan niyə gərgindir? Həyatın mənasızlığından niyə əziyyət çəkir?

Niyə varlığından məmnun deyil? Səbəbsiz sıxıntılarının kökü hardadır? Çünki sabah nə olacağını bilmir. Xüsusən də öləndən sonra nələrin baş verəcəyini bilmir. Heç kim yox olmaq istəmir. Bu cür insanı gərginliyə salan, düşündürən, taleyinə yönəlmiş suallara dinlər qanedici cavab verdiyi üçün insanlar istər-istəməz meyil edirlər. Dinlər arasında da bu mövzulara ən mükəmməl cavabı islam verir. Ona görə də bu gün dünya səviyyəsində ən böyük araşdırmalar digər dinlər barəsində deyil, məhz İslam dininə yönəlik aparılır.

- Xaricə çoxlu səfərlərinizin olduğunu sosial şəbəkədən izləyirik. Xüsusən də Afrika səfərləriniz. Afrikaya niyə gedirsiniz?

- Əslində iki məsələyə görə Afrika maraq dairəmdədir. Birincisi, Afrika insandan əvvəl, insanabənzər canlının vətəni kimi tanınır, xüsusən də Efiopiya, Keniya, Tanzaniya ən qədim insanabənzər canlının tapıldığı yerlərdir. Efiopiyanın paytaxtı Əddis-Əbəbədə milli muzeydə 3 milyon 200 min yaşı olan ilk insan “Lüsi”nin qalıqları saxlanılır. Ona görə də Afrikanı “bəşəriyyətin beşiyi” adlandırırlar. Təbii ki, söhbət indiki müasir insandan deyil, insanabənzər canlılardan gedir. Elmi nəzəriyyələrə görə, insan irqi Afrikadan dünyanın başqa nöqtələrinə yayılıb. Afrika ölkələrində arxeoloji, paleontoloji dəyəri olan çoxlu sayda açıq və qapalı muzeylər vardır. Bütün bunlar da mənim marağımı çox cəlb edir.

İkinci səbəb isə Afrika tayfaları barədə silsiləvi kitab qələmə almaq istəyimlə bağlıdır. Bununla əlaqədar Afrika şəhərlərinə səfər edir, orada yaşayan çoxlu sayda etnik qrup, tayfalarla ünsiyyət edir, onların həyat tərzləri, düşüncələri, dini ayinləri ilə maraqlanıram. Artıq Afrikaya 3 səfər etmişəm.

- Maraqlı məqama toxundunuz, xüsusən də “Lüsi” ilə bağlı. Sizin fəlsəfə, psixologiya və bildiyim qədər həm də ilahiyyat təhsiliniz var. Təkamül mövzusundakı ziddiyyəti necə həll eləmisiniz? İlk insan, yaradılış mövzusunda din və müasir elm arasındakı ziddiyyəti qəsd edirəm.

- Əslində, mən müasir elmlə dinin bu mövzuda toqquşduğunu düşünmürəm. İlk insan həm dinin, həm də müasir elmin toxunduğu mövzudur. Elmə görə, ilk insan olmayıb. Çünki bir növdən başqa növə zəncirvari keçid varsa, onlara görə, ilk insan yoxdur, sadəcə olaraq keçid canlıları var. Dinə görə isə ilk insan var və o konkret şəxsdir, insan növünün başlanğıcı ondan qaynaqlanır. Biz müasir elmin fikrini qəbul etsək, yəni insanın yaranışı keçidlə baş versə belə, bunun Tanrı anlayışı ilə heç bir ziddiyyəti yoxdur. Canlı növləri keçidlə yaranıbsa, biz buradan nəticə çıxara bilmərik ki, Tanrı yoxdur. Tanrı yaradılışın fövqündə olan, sonsuz qüdrətə və elmə sahib ilkin qüvvə, ilkin səbəbdir. Çünki dini yanaşmadan kənar Ona verilən ad məhz bu formadadır. Dini qəlibə salındıqdan sonra “rəbb”, “Allah” kimi adlar verilir. Tanrı anlayışının elmin gəldiyi hər hansı bir nəticə ilə heç bir ziddiyyət yoxdur. Məsələn, elm qəbul etdi ki, canlılar ilk insandan törəyib, yəni o Ali varlıq ilk insanı yaradıb və ondan sonra bu silsilə yaranıb. Və yaxud da elm isbat etdi ki, ilk insan olmayıb, keçid növlərindən insan növü formalaşıb. Yenə də burdan nəticə çıxmır ki, o keçid növlərini yaradan, formaya salan varlıq yoxdur. İstənilən halda burada Tanrı anlayışı ilə ziddiyyət görünmür. Bəziləri isə bu nəzəriyyənin dinlə ziddiyyətinin olduğunu deyirlər. Çünki din deyir ki, ilk insan var, elm isə iddia edir ki, yoxdur. O zaman belə çıxır ki, Tanrı var, amma dinlər yanlışdır. Əslində isə müasir elmin söykəndiyi nəzəriyyələr sadəcə elmi fərziyyələrdir, bunun hər hansı dəqiq təcrübi sübutu yoxdur.

Hansısa növlərin qalıqlarının tapılması və bunun əsasında keçid növlərinin müəyyən olunması əsaslı sübut deyil. 3 milyon 200 min il əvvəl - elmin təcrübə aparmaq imkanından xaric olduğu zamandır. Orada baş verənlər barədə dəqiq elmi araşdırma vermək qeyri-mümkündür. Təcrübi elmlərin gücünün hüdudsuz olduğunu qəbul edə bilmərik. Biz deyə bilmərik ki, təcrübi elm bütün mövzularda fikir yürüdə bilər, hər sualın cavabını tapa bilər. Bu, absurddur. Bəs təcrübi elmin əli hara qədər uzanır? Hansı mərhələdən sonra onun fikirləri qəti və dəqiq olmayacaq? Empirik elmin parametrlərindən biri budur ki, irəli sürülmüş nəzəriyyəni hissi müşahidə etmək, təcrübi qaydalar əsasında təsdiq və ya rədd etmək imkanımız olmadıqda, həmçinin irəli sürülmüş nəzəriyyənin müddəaları eksprementlər yolu ilə dəqiq nəticə vermədikdə, bu nəzəriyyə qüvvədən düşür. 3 milyon 200 min il əvvələ aid edilən fosilə əsasən, hətta o cəsədin özünün yaşını dəqiq müəyyən etmək belə mümkün deyil, bunlar hamısı ehtimallardır. Bundan sonra hansı növə keçid oldu, nə yarandı kimi fikirlər tamamilə fərziyyədir, dəqiq elmi təcrübə deyil. Bu mənada dinin irəli sürdüyü fikrin əleyhinə elmin əlində hansısa qəti fikir yoxdur. Üstəlik, dinin özündəki yaradılış mövzusunda da fərqli yozumlar var. Bəzi islam alimlərinə görə, məsələn, islamın irəli sürdüyü ilk insan fikri elmin irəli sürdüyü təkamül nəzəriyyəsi ilə doğru olduğu təqdirdə, onunla uzlaşır. Bu fikrə görə, hədislərdə və Quran ayələrində ilk insandan danışılanda qəti şəkildə deyilmir ki, yaradılış təkamül nəticəsində baş verməyib. Yəni təkamül nəzəriyyəsi özlüyündə dinin yanaşması ilə ziddiyyət təşkil eləmir. Çünki alimlərə görə, yaradılış barədəki ayələr “nəss”, yəni mənası qəti anlaşılan, aksiom formatında olan ayələr qəbilindən deyil.

Quran deyir ki, hazırkı insan növünün yaranışı bir kişi və bir qadından başlayıb. Ancaq buna qədər olan mərhələ necə baş verib, onlara toxunmur. Hətta bəzi hədislərə əsasən, ilk insanın cismi yaradılışı mərhələlərdən keçmişdir. İnsanın əvvəlcə cisminin gildən yaradılmasına istinad edərək dini mətnlərin təkamülvari bir yaradılışa işarə etdiyi də qeyd olunur.

- Ateistlərdən bu fikrilərinzə görə sizə etiraz gəlmir?

- Bəzən gəlir. Mən deyirəm ki, təkamül bir nəzəriyyədir, lakin qəti olaraq isbata yetmiş nəzəriyyə deyil. Doğru olub-olmamasına baxmayaraq, bunun Yaradan anlayışı ilə ziddiyyəti yoxdur. Tutaq ki, təkamül düzdür. Amma bu o demək deyil ki, kənar qüvvə olmadan bütün bu proses baş verib. Bir usta fikirləşin ki, ev tikir. Biz deyə bilmərik ki, ev bir anda tikilsə, ustaya ehtiyacı var, amma mərhələ-mərhələ, tədrici tikilsə, ustaya ehtiyacı yoxdur, ev öz-özünə, təsadüfən tikilmişdir. Hər iki halda bunu formalaşdıran bir qüvvə olmalıdır.

- Din və elm bir arada olanda ziddiyyət yarana bilərmi? Siz necə düşünürsünüz?

- Frensis Sellers Kollinz adlı məşhur amerikalı bioloq var. O, insanın genetik kodunu deşifrə etmək sahəsində gördüyü işləri ilə məşhurdur. Amerikada bu sahəyə aid böyük bir proyektin rəhbərliyini edir. Kollins universitet illərində qatı ateist olub. Sonradan aqnostikliyə keçir. Bir aqnostik ˝Allah varmı˝ sualına ˝bilmirəm˝ deyir. Bir halda ki, ateist bu suala “Tanrı yoxdur”, teist isə “Tanrı vardır” kimi cavab verir. Aqnostizm Kollinzə görə Yaradan kimi mühüm bir mövzu qarşısında dəvəquşu kimi başı quma soxmaqdır. Bir mənada həqiqətlə üzləşməkdən qaçışdır. Kollinzə görə, bəzi insanların aqnostik mövqeyinin psixoloji səbəbləri var, aqnostisizm – narahat edən suallardan yayınmaq üçün əlverişli bir nöqteyi-nəzərdir. Bir zamanlar aqnostikliyi də elə buna görə seçmişdi. Daha sonra o, Yaradanın varlığının dəlilləri barəsində geniş araşdırma aparandan sonra dünyagörüşünü dəyişdi. Onun “Allahın varlığının dəlilləri. Alimin arqumentləri” adlı kitabı “Nyu-York Tayms” jurnalına istinadən ən çox satılan kitablar siyahısındadır. Yaxın zamanlarda “Qədim Qala” Nəşriyyatı tərəfindən çap olunacaq. Bu əsərdə Kollinz Yaradanı isbat edir. Bu kitabın üzərində dayandığı əsas mövzulardan biri də dini düşüncə ilə elmi düşüncə arasında ziddiyyətin olmamasıdır. O, əsərində dini inancı olan alimləri örnək gətirir. Kollinzin belə böyük elm adamı olması ona Tanrının mövcudiyyətini qəbul etməyə, dinə xoş münasibətinə maneə olmayıb. Elm ənənəvi dini inanclarla tamamilə uyğunluq təşkil edir. Kollinzə görə, Allaha inam Ona inamsızlıqdan daha məntiqi və rasionaldır. Bir çox böyük alimlər də din və elm arasında ziddiyyət görməyib.

- Bəzən elm və din arasında mövzu toqquşmasının olduğu fikri səsləndirilir.

- İki sistem arasında ziddiyyətin olub-olmadığını bilmək üçün o iki sistemin mahiyyətinə baxmaq lazımdır. Görmək lazımdır ki, eyni mövzuda yaxın fikirlər deyirlər, yoxsa zidd fikirlər? Belə ki, ziddiyyət eyni mövzuda iki fərqli fikirlər söylənildiyi zaman baş verir. Dini mətnlər insanın Yaradanı ilə rabitəsinə, mənəvi mövzulara, insanın səadəti mövzusuna, onu bu dünyadan sonra nələrin gözlədiyinə aydınlıq gətirir. Hansı ki, bunlar empirik mövzular deyil, təcrübi elmin əlinin girmədiyi yerlərdir. Dinlər transsendental anlayışlar haqqında, məsələn ruh, Yaradan kimi qeyri-maddi anlayışlar haqqında danışır. Elmisə maddi obyektlərin araşdırılması, əldə olunan təcrübi biliklərin sistemləşdirilməsi ilə məşğul olur. Elm hissi müşahidənin əli çatmayan həqiqətləri araşdırmağı üzərinə götürməyib. Yaradanla əlaqəli mövzuları da araşdırmaz. Bu iki sistemin mövzuları, araşdırma metodları, məsələlərə yanaşma forması, qarşılarına qoyduqları hədəflər tam fərqli olduğuna görə ziddiyyətdən danışmaq düzgün deyil. (“Yeni Müsavat”)