“AND”ın Brüssel yalanları

13 Aprel 2019 13:01 (UTC+04:00)

Avropada müxtəlif səbəblərdən siyasi avantüra yolu ilə “siyasi sığınacaq” almış bir qrup Azərbaycan Respublikasının keçmiş vətəndaşları bir neçə il öncə “AND” (Azərbaycan Naminə Demokratiya) adlı qurum yaradıblar. Yekcins olmayan bu qrupla bağlı yetərincə mənfi fikirlər daha çoxdur. Bu qrupda Azərbaycanın ərazi bütövlüyünün qəsdinə duranlar, bir zamanlar Bakıda mənsub olduğu siyasi partiya rəhbəri ilə “qrant layihələri”nə görə dava-dalaş salanlar, Ermənistanın xüsusi xidmət orqanları və erməni lobbisi ilə birgə Azərbaycana qarşı təbliğatlarda iştirak edənlər, korrupsioner məmurlar, İrana bağlı “ideoloji diversiya”nın iradəsini ifadə edənlər və digər mənfi hallarla suçlu bilinən insanlar toplaşıblar. Öz varlığını isbat etmək üçün Avropanın bəzi şəhərlərində aksiyalar keçirən AND-nin əsas məqsədinin nə demək olduğunu qurumun həmsədri Arif Məmmədovun son bəyanatında bir daha isbat olundu.

“Təcili”, özü də “çox təcili” avantürası

Aprelin 11-də “AND” lideri, keçmiş diplomat Arif Məmmədov sosial şəbəkələr üzərindən “çox təcili” adlı həyəcan dolu informasiyalar yaydı. “Avropa İttifaqı mayın 13-də imzalamaqda nəzərdə tutulan sazişin gizli saxlanmasının əsas səbəbi həmin sənəddə Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi göstərilməmişdir” mövzusunu qabartmaqla Arif Məmmədov və AND bütün diqqətləri özlərinə tərəf çəkməyə çalışıblar. Guya bu yaramazlığa qarşı AND Azərbaycan xalqının adından qəti etiraz edir. AND-nin adından hətta dövriyyəyə belə bir ideyanı da atıblar: “Aİ Gürcüstan, Ukrayna və Moldova ilə imzalanmış sazişlərdə işğal olunmuş əraziləri həmin ölkələrin ayrılmaz hissələr kimi göstərilir. Sazişdə Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi göstərilməməsininə görə AND Hərəkati sazişin imzalanmasına qəti etiraz edir”.

Sosial şəbəkələr üzərindən qəhrəmanlıq iddiasına düşmüş Arif Məmmədov və “AND”-çılar Azərbaycan hakimiyyətinə qarşı ideoloji baxımdan təxribatları gündəmə gətirərir. Guya may ayının 13-də Azərbaycanla Avropa Birliyi arasında imzalanması nəzərdə tutulan sazişin detallarının cəmiyyətdən gizli saxlanılmasının əsil səbəbi Aİ-nin həmin sənəddə Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilmir və Azərbaycan hakimiyyəti isə ölkədə demokratiyanın olmaması kimi şərtlərin qarşılığında susmaq məcburiyyətindədir”.

AND-çılar daha da irəli gedərək “Youtube” sosial şəbəkəsində Azərbaycan hakimiyyətini əsassız şəkildə tənqid edən bəzi proqramlarda çıxış edərək özlərini “alovlu vətənpərvər” kimi göstərməyə çalışdılar. Halbuki A. Məmmədov və AND-çilərə dəstək verənlərin söylədikləri “sabun operettaları”nın zahiri effektiv təsirinin mənasızlığı gün kimi ortada idi.

1920-1924-ci il həqiqətləri

28 aprel 1920—ci ildə XI Qızıl Ordu Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra, Moskvanın təzyiqləri ilə Qarabağ ərazisinin tamamilə Ermənistana birləşdirilməsi bir şərt kimi irəli sürülmüşdü. Başda Azərbaycan hakimiyyətinin kommunist rəhbəri Nəriman Nərimanov olmaqla bu iddialara qarşı güclü şəkildə dirənişlər oldu. Bu gün tarixi öz maraqları çərçivəsində yorumlayanlar unudurlar ki, N. Nərimanov və onun silahdaşlarının sayəsində nə bütövlükdə Qarabağ, nə də sonradan yaradılan qondarma “Dağlıq Qarabağ muxtariyyəti” (1924-cü il) Azərbaycandan ayrılaraq Ermənistanın tərkibinə birləşdirilə bilmədi. 1991-ci ilə qədər Bakı və İrəvan arasında yaşanan psixoloji müharibələrin başlıca mövzusu “Dağlıq Qarabağ”ın Ermənistana ilhaq edilməsi olub. Halbuki Azərbaycanın 1920-1991-ci illər aralığında rəhbərləri çox yaxşı dərk edirdilər ki, ermənilərin bu iddialarının ardınca “Naxçıvan Muxtar Respublikası” məsələsi gündəmə gələcəkdir. Daha sonra isə, Gürcüstanın “Axısqa vilayəti”nə qarşı iddialar irəli sürüləcək. Beləliklə ermənilərin xəyali “Böyük Ermənistan” coğrafiyası strateji hədəflərdən biri kimi rəsmiləşdirilməsinə çalışılacaqdı. Bütün bu hədəflərin qarşısını alan tək güc Azərbaycan hakimiyyətləri olub. Azərbaycan hakimiyyətlərinin iradəsi nəticəsində ermənilərin Gürcüstan, Türkiyə və Cənubi Azərbaycana qarşı ərazi iddialarının iflasa uğrayıb. Bu həqiqətlər təəssüflər olsun ki, Azərbaycan tarixşünaslıq elmində tədqiqat mövzusu kimi araşdırılmayıb.

Müstəqillik illərinin gerçək üzü

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra, ermənilər əlində silah Qarabağ, Naxçıvan, Gəncəbasar və digər bölgələrimizdə dövlətçiliyimizə qarşı açıq şəkildə müharibə elan etdi. Bu dönəmdə hətta bəzi iri dövlətlər ermənilərə maddi, hərbi və siyasi dəstəklərini gizlətmədilər. Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onların arzuları gözlərində qaldı. 1920-1991-ci illər ərzində ermənilərin bütün planları baş tutmadı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi ermənilər yenidən əldə silah Qarabağı işğal siyasətini başlatdı. Ermənistanın hərbi təcavüzlərinin qarşısını alan Azərbaycan rəhbərliyi, xüsusilə görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə dəvət olunmasından sonra İrəvanın ekspansionist siyasəti tamamilə durduruldu. Bunun üçün hakimiyyəti doğru-düzgün idarə etmək təcrübəsi, beynəlxalq siyasi şərtlərin qarşısında iradənin ortaya qoyulması, ölkə daxilində milli həmrəyliyin təmin edilməsi kimi vacib şərtləri məhz Heydər Əliyev həyata keçirə bildi. Bu günə kimi Dağlıq Qarabağ ətrafında gedən beynəlxalq danışıqlarda Azərbaycan tərəfi ermənilərin bütün təşəbbüslərinin qarşısını ən yüksək səviyyədə ala bilibdir. Prezident kimi Heydər Əliyevin 1993-2003-cü illər arasında faktiki olaraq ermənilərin Dağlıq Qarabağda əldə etdikləri “müvəqqəti uğur”ların eyforiyasını darmadağın edə bilmişdi. Bu barədə yetərli araşdırmalar olduğu üçün mövzunun dərinliyinə getmirik.

2013-cü ildən Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi və Heydər Əliyev siyasi kursunun davam etməsi də göz önündədir. 2006-cı ilin iyun ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri və Dağlıq Qarabağ məsələsində Prezident İlham Əliyev iradə göstərərək “Madrid prinsipləri” beynəlxalq birliyin hüquqi sənədinə çevrildi. Bu mühüm tarixi sənəddə qeydsiz-şərtsiz Ermənistanın işğalçı qüvvələrinin birmənalı şəkildə Azərbaycanın ərazilərini tərk etməsi qeyd olunub. Sülh danışıqları bu məcrada baş tutmalıdır. Yoxsa, Azərbaycan öz iradəsini, beynəlxalq qanunlarını rəhbər tutaraq öz torpaqlarını müharibə yolu ilə başa çatdıracaq. Bütün bunları nəzərə alan beynəlxalq birlik Azərbaycanın haqlı tələblərini müdafiə edib.

AND kimin “projesi”dir?

Son üç ildə AND-nin fəaliyyətlərini davamlı şəkildə təqib etdiyimiz üçün, deyə bilərik ki, “amorf müxalifət” görünüşlü bu qurum bir yandan demokratiya uğrunda mübarizə apardığını elan etsə də, digər yandan Azərbaycan dövlətinə qarşı ideoloji təxribatlar aparan və xarici qüvvələrin dəstək verdiyi “Milli Şura”nın mini kopyasıdır. “Milli Şura”nın mitinqlərinə qatılan və onun rəhbərliyində təmsil olunanların tablosuna baxdıqda bunu müəyyən etmək çətin deyil. Belə ki, Azərbaycanın dövlət quruluşunu dəyişdirərək, İranda olduğu kimi “şəriət dövləti” qurmaq istəyən “Azərbaycan İslam Partiyası”, “İslami Hərəkat”, “Qarabağın Azadlığı İslami Hərəkatı” və digər qurumların “Milli Şura”da təmsil olunması buna əyani sübutdur. Azərbaycanın Konstitusiyasına tüpürərək onu xarici dövlətlərin iradəsi sayəsində dəyişdirmək istəyən və cinayət əməlləri məhkəmədə təsdiq olunan və buna görə indi həbsdə olan məhbusların hüquqlarını AND-ın müdafiə etməsi acı gerçəklərdən biridir. Dünyəvi dövlət olmaq həm də demokratiyanın yanında olmaq deməkdir. Əgər bunu AND tərəfdarları dərk etmirlərsə, o zaman yaşadıqları Avropanın qanunlarından xəbərsizdirlər. AND-nin rəhbərliyində təmsil olunan, Azərbaycan Respublikasına qarşı etnik separatizm ideyalarını Hollandiya üzərindən təbliğ edən Əlikram Hümbətovun qatı tərəfdarları kimi tanınan Seyran Rəfiyev və Ataxan Əbilovun mövqelərindən, siyasi idarəsindən həmsədr Arif Məmmədovun bilgisi yoxdursa və ya varsa, deməli “amorf” düşüncəli bu quruma da ehtiyac qalmır.

AND və onun tərəfdarlarına onu da xatırladırıq ki, 13 may tarixi qarşımızda gələn illərdə də olacaq. Ancaq, heç bir zaman nə Azərbaycan dövləti, nə onun rəhbərliyi, nə də xalq Dağlıq Qarabağın və işğal olunmuş digər ərazilərimizin ermənilərin xeyrinə həll olunması ilə barışmayacaq. Əlahəzrət tarixi gerçəklikləri bilmədən, ictimai fikri yayındırmaqla, “nəlbəkidə fırtına” yaratmaqla heç nəyə nail olunmayacaq. Həqiqəti demək demokratiyanın təməl prinsipidir. Adını demokratiya uğrunda mübarizlər kimi qələmə verən AND-nin heç demokratiyadan xəbəri belə yoxmuş. Çünki kimin projesi olduğunun, kimin maşasına çevrildiyinin fərqində deyil.
Ancaq, bir həqiqət məlumdur ki, onu qeyd etməyə bilmərik. Azərbaycan hakimiyyəti nə zaman Qarabağla bağlı beynəlxalq danışlıqlarda uğurlara imza atmağa yaxın olursa, dərhal AND tipli təşkilatlar hərəkətə keçərək ictimai fikri yayındırmaq yolu ilə gedirlər. “Madrid prinsipləri” və digər beynəlxalq uğurlara qarşı “Avropa Erməni Təşkilatları Konfederasiyası”nın ayırdığı 80 min avronun qarşılığında Leyla Yunusun rəhbərliyi altında “Azərbaycanda diktatura hakimiyyəti var” şüarı ilə çoxsaylı aksiyalar keçirildi. Beləliklə də, Azərbaycan hakimiyyətinin uğurlarına kölgə salınmasına çalışıldı. Aradan çox sular axdı. Nəticə isə göz qarşısındadır.

Ə. Yusifoğlu