ABŞ-da bir nəfər saxladığı nəhəng quş tərəfindən öldürüldü

15 Aprel 2019 12:21 (UTC+04:00)

Dünyanın ən təhlükəli quşunu saxlayan adam ağır yaralı halda tapılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında 75 yaşlı adam saxladığı dəvəquşu tərəfindən öldürülüb.

BBC-yə məlumat verən Alachua polisi cümə günü Marvin Hajos adlı bir nəfərin yaşadığı evə çağırıldıqlarını və hadisə yerinə gedəndə onu ağır yaralı halda tapdıqlarını deyib.

Hajos aparıldığı xəstəxanada həyatını itirib.

Yerli medianın məlumatına görə, Hajos ekzotik heyvanlara olan marağı ilə tanınıb. Bağçasında lamaların da olduğu fərqli növdə heyvanlar saxlayırmış. Hajosu öldürən də vətəni Yeni Qvineya olan dəvəquşu olub.

Bu cür dəvəquşları 45 kiloqramlıq çəkiləri ilə dünyanın ən ölümcül quşlarından biri kimi tanınır.

Saatda 50 kilometr sürətlə qaça bilən bu quşlar ayaqlarındakı 13 santimetrlik pəncələri ilə ölümcül zərbələr vura bilirlər.

Pərvanə Ağazadə

AzNews.az