Premyer Liqada qol vuran ən gənc futbolçu

15 Aprel 2019 13:49 (UTC+04:00)

“Səbail”in yarımmüdafiəçisi Ədilxan Qarəhmədov cari mövsüm Azərbaycan Premyer Liqasında qol vuran ən gənc futbolçu olub.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, XXIV turda “Neftçi” ilə matçda (2:2) fərqlənən oyunçu 17 yaş 313 günlüyündə qol sevinci yaşayıb. 2001-ci il iyunun 5-də anadan olan gənc oyunçu mövsümün rekordunu 2 il 79 gün yeniləyib. Bu matçadək rekord 20 yaş 27 günlüyündə qol vuran Anton Krivotsyuka məxsus idi. “Neftçi”nin futbolçusu “Keşlə” ilə 2018-ci il sentyabrın 16-da keçirilmiş görüşündə rəqib qapısına yol tapıb.

Flaqmanla qarşılaşma “Səbail” üçün yubileylərlə də əlamətdar olub. Öz meydanında heç-heçə edən Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Premyer Liqada 10-cu dəfə bərabərliyə imza atıb. Yubiley heç-heçəsi 52-ci qarşılaşmada qeydə alınıb. Bu, paytaxt təmsilçisinin öz meydanında 5-ci "sülh"ü olub. Doğma divarlar arasında 26-cı matçını keçirən komanda həm də evdə 15-ci qolunu vurub. Yubiley qoluna Ağabala Ramazanov imza atıb.

Premyer Liqanın XXIV turu iki futbolçunun Azərbaycan çempionatlarında yubiley qolu ilə yadda qalıb. Hər iki oyunçu “Səbail” – “Neftçi” qarşılaşmasında fərqlənib. İlk topun müəllifi Mirabdulla Abbasov özünün Premyer Liqada 20-ci qoluna imza atıb. Abbasov bu rəqəmə 79-cu matçda çatıb. Hücumçu qollarından 12-nə (52 oyun) indiki komandasında imza atıb. Oyunun gedişində meydan sahiblərini önə çıxaran Ağabala Ramazanov da 20-ci qolunu vurub. O, 139-cu matçında buna nail olub. Forvard indiki klubunda keçirdiyi 20-ci oyunda 5-ci qola imza atıb.

AzNews.az