“Yanğının qəsdən törədilməsinə dair dəlil tapılmayıb” - Paris prokuroru

16 Aprel 2019 14:51 (UTC+04:00)

"Notr-Dam-de-Pari" kilsəsində baş verən yanğının qəsdən törədilməsinə dair hələ ki heç bir dəlil tapılmayıb".

Bunu Paris şəhərinin prokuroru Remi Heitz jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda istintaq hadisənin başvermə səbəblərini araşdırır: "Hələlik yanğının yalnız texniki təhlükəsizliyə əməl edilməməsi nəticəsində baş verdiyi ehtimal edilir. İstintaq prosesinə 50 müstəntiq cəlb olunub. Artıq kilsənin bərpa və yenidənqurma işlərində çalışan 30-a yaxın fəhlənin sorğu-sual edilməsinə başlanılıb. Onlardan 15 nəfəri dinlənilib, qalanları da sorğu-sual ediləcək".

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.(report.az)

AzNews.az