Ekvador 40 milyondan çox kiber-hücuma məruz qalıb

16 Aprel 2019 15:16 (UTC+04:00)

Ekvadorun hakimiyyət orqanları “WikiLeaks” portalının təsisçisi Culian Assanjı siyasi sığınacaqdan məhrum etdikdən sonra respublikada 40 milyondan çox kiber-hücum qeydə alınıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ekvadorun Telekommunikasiya və İnformasiya Cəmiyyəti Məsələləri üzrə Nazirliyi məlumat yayıb. “Ekvadora hücumlar o qədər çoxalıb ki, aprelin 11-i günün ikinci yarısında kiber-hücumların miqdarı üzrə reytinqdə 51-ci yerdən 31-ci yerə yüksəlmişik”, - deyə nazir müavini Patrisio Real bildirib. Onun sözlərinə görə, haker hücumlarına Xarici və Daxili İşlər nazirlikləri, Mərkəzi Bank, prezident administrasiyası, bəzi digər qurumlar və universitetlər məruz qalıb.

Bəzi ölkələrin bu hücumların qarşısının alınması üçün Ekvadora yardım təklif etdiyi, lakin indiyə qədər onların heç birinin qəbul olunmadığı bildirilir.

Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. Aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib. “WikiLeaks” isə öz növbəsində Ekvador hakimiyyətini beynəlxalq hüququ pozaraq Assanjın siyasi sığınacağına son qoymada günahlandırıb.

Assanj ABŞ-a ekstradisiya olunacağı təqdirdə ona 35 ilədək həbs və ya edam cəzası verilməsindən ehtiyatlanır. Lakin Birləşmiş Ştatların Ədliyyə Nazirliyi haker fəaliyyətinə görə Culian Assanjı cəmi 5 il həbs cəzası gözlədiyini bildirib.(AZƏRTAC)

AzNews.az