“Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiq edildi

16 Aprel 2019 17:36 (UTC+04:00)

Prezident İlham Əliyev “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, dövlət satınalmalarının vahid internet portalının operatoru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyən edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görəcək; portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına və dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq maliyyələşdirilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək; Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə portalın “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

AzNews.az