Beynəlxalq festivalda Azərbaycan sədası - FOTO

15 Aprel 2019 18:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, aprelin 15-də Türkiyənin Kayseri Böyükşəhər Bələdiyəsi tərəfindən təşkil edilən və bu il 14-cü dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatrfestivalının açılış mərasimi baş tutdu.

Festival ilk olaraq iştirakçıların meydana yürüşü ilə başladı. Kayserinin mərkəzi küçələrində baş tutan yürüşün sonunda Kayseri Böyükşəhər Bələdiyyə başqanı Memduh Böyükkılıç festivalda iştirak edən xarici ölkələrin nümayəndələri ilə görüşdü.

Görüşdə ölkəmizi layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçısı, rəssam-dekoratoru tanınmış rəssam Günay Mehdizadənin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriya təkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası təmsil edirdi.

Memduh Böyükkılıç incəsənətə, teatra böyük maraq göstərdiyini, bir ölkənin tanınması üçün onun mədəni həyatına baş vurmağın vacibliyini qeyd etdi. Sonra sözü Günay Mehdizadəyə verən Memduh Büyükkılıç Azərbaycanla Türkiyənin bir millət iki dövlət olduğunu və hər zaman Azərbaycanı doğma ölkə hesab etdiklərini vurğuladı.

G.Mehdizadə çıxışında belə bir festivalda olmaqdan məmnunluq hissi duyduğunu qeyd edərək belə mötəbər layihənin bir parçası olmağın vacibliyindən danışdı. Onun çıxışı böyük maraqla qarşılandı.

Layihənin kuratoru, Gimnaziyanın rəhbəri Aytən Əhmədova da çıxışında Kayseridə özlərini evdəki kimi hiss etdiklərini bildirdi və xüsusi diqqətə görə bələdiyyə başqanına təşəkkür etdi.

Festivalda iştirakına görə Memduh Böyükkılıç Günay Mehdizadəyə “Təşəkkürnamə” və hədiyyələr təqdim etdi.

AzNews.az