“Xalqın inamını saxlamaq üçün işləməliyik”

17 Aprel 2019 11:27 (UTC+04:00)

Bu gün Ali Məhkəmədə prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının icrası və Ali Məhkəmənin 2018-ci ildə fəaliyyətinin yekunları ilə əlaqədar mətbuat konfransı keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, 2018-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb: "Ən önəmlisi Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi olub. Məhkəmə-hüquq sisteminin tarixi qədim olsa da, yeni məhkəmə hakimiyyətinin formalaşdırılması dövlət müstəqilliyimizin bəhrəsidir.

Prezident İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülüb. Ali Məhkəmədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılıb. Ötən il Ali Məhkəmənin Aparatında yeni texnologiyalar tətbiq edilib, maddi-texniki baza möhkəmləndirilib. Ali Məhkəmənin 27 əməkdaşı test imtahanlarını müvəffəqiyyətlə verərək hakim seçiliblər.

Lakin görünür ki, hələ də işə baxan hakimlərin fəaliyyətində pozuntular, nöqsanlar aşkar olunur. Bu nöqsanların aradan qaldırılması üçün işlər görülür. Bunun üçün hər bir hakim özündən başlamalı, biz qanunları və vicdanı rəhbər tutan məhkəmə olmalıyıq. Xalqın bütün inam və hörmətini saxlamaq üçün işləməliyik".

Sədr qeyd edib ki, 2017-ci illə müqayisədə ötən il Ali Məhkəməyə daxil olan işlərin sayı 2 faiz azalıb:

"İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında azalma müşahidə olunub".(qafqazinfo.az)

AzNews.az