Keçmiş qubernator prezident olmaq istəyir

17 Aprel 2019 11:55 (UTC+04:00)

2020-ci ildə ABŞ Prezidenti vəzifəsinə ilkin seçkilərdə indiki Prezident Donald Trampın rəqibi olacağını bildirən ilk respublikaçı məlum olub.

Bu şəxs Massaçusets ştatının keçmiş qubernatoru Bill Uelddir. Üç il bundan əvvəl Geri Conson Libertarian Partiyasından prezidentliyə, Bill Ueld isə vitse-prezidentliyə namizədliyini irəli sürmüşdü.

73 yaşlı Bill Ueld Prezident Donald Trampı dəfələrlə tənqid edib. Onun sözlərinə görə, Trampın qeyri-adekvat daxili siyasəti Amerika cəmiyyətində parçalanma yaradır. Seçkiqabağı kampaniyaya başlamasını elan edən Ueld bildirib ki, “Linkolnun elan etdiyi bərabərlik, ləyaqət və hamı üçün imkanlar prinsiplərinə qayıtmağın vaxtı yetişib”.

Ueld deyib ki, Tramp ölkəni “ciddi təhlükəyə məruz qoyur”, çünki o, hər şeyi ölkənin rifahı naminə deyil, “yalnız özünü göstərmək üçün” edir.

Respublikaçılar Partiyasının Milli Komitəsi yanvar ayında qəbul etdiyi qətnamədə Trampı qeyd-şərtsiz dəstəklədiyini bildirib, lakin bu sənəd məcburi xarakter daşımır və Respublikaçılar Partiyasının istənilən üzvü bu partiyadan öz namizədliyinin bəyənilməsi uğrunda Tramp ilə yarışmaya başlaya bilər.

Ueld 1981-ci ildə Prezident Ronald Reyqan tərəfindən Massaçusets ştatının baş prokuroru vəzifəsinə təyin edilib. Beş il sonra o, Ədliyyə Nazirliyinin cinayət-axtarış şöbəsində bir il müddətinə ABŞ baş prokurorunun köməkçisi olub. 1990-cı ildə Ueld Massaçusetsin qubernatoru vəzifəsinə seçilib, 1994-cü ildə təkrarən həmin vəzifəyə seçilib. Sonuncu prezident seçkilərində o, Libertarian Partiyasından vitse-prezident vəzifəsinə namizədliyini irəli sürmüşdü.(AZƏRTAC)

AzNews.az