İndoneziyada tarixdə ən böyük seçkilər başa çatdı

17 Aprel 2019 12:26 (UTC+04:00)

Aprelin 17-də İndoneziyada prezident seçkiləri, habelə parlamentin iki palatasına və yerli hakimiyyət orqanlarına keçirilən seçkilər başa çatıb.

Ölkə tarixində ən böyük seçkilər zamanı heç bir ciddi nöqsan barədə məlumat daxil olmayıb. Bu, nəinki İndoneziya tarixində, eyni zamanda, bütün dünyada birbaşa səsvermə yolu ilə yalnız dövlət başçısının deyil, həmçinin 16 siyasi partiyanı təmsil edən təqribən 20 min qanunvericinin seçildiyi ən böyük seçkilər hesab olunur. Rəsmi məlumatlara görə, ölkə üzrə təxminən 810 min seçki məntəqəsi fəaliyyət göstərib və seçicilərin ümumi sayı 190 milyon nəfər təşkil edib.

Xatırladaq ki, ən yüksək dövlət vəzifəsini tutmaq uğrunda iki namizəd mübarizə aparıb: hazırki prezident Coko Vidodo və ehtiyatda olan general Prabovo Subianto. İndoneziya konstitusiyasına əsasən, onlarla birlikdə vitse-prezidentlər də seçilir.

Hazırkı liderlə ittifaqda dünyanın ən böyük müsəlman təşkilatlarından biri olan “Nahdatul Üləma”nın sabiq sədri 75 yaşlı Maaruf Amin çıxış edib. Bu təşkilatın təqribən 80 milyon üzvü olduğu bildirilir. Ona qarşı ölkənin ən varlı insanları siyahısına daxil olan 49 yaşlı Sandiaq Uno çıxış edib.

Seçkilərin ilkin qeyri-rəsmi nəticələrinin günün sonunda məlum olacağı gözlənilir. Mərkəzi Seçki Komissiyasının isə rəsmi məlumatının aprelin 25-də elan ediləcəyi bildirilir. Qələbə üçün adi səsçoxluğu kifayət etdiyinə görə, seçkilər yalnız bir tur keçiriləcək.(AZƏRTAC)

AzNews.az