Kim kiminlə yatağa girirsə... - Samir Bayramlı

17 Aprel 2019 14:25 (UTC+04:00)

MuzTV-nin “Söhbətsiz” verilişinin aparıcısı Samir Bayramlı AzNews.az-a müsahibə verib.

- Samir bəy, ATV-dən ayrıldıqdan sonra fəaliyyətinizə uzun müddət fasilə vermişdiniz…

- Əslində, fəaliyyətimə fasilə vermədim, elə alındı. Bəzi yerlərdən iş təklifi gəldi, mən razılaşmadım. Fasilənin isə günahkarı və səbəbkarı mən deyildim, kanallar idi. Çünki bu layihəni onlara da təqdim edirdim, amma alınmırdı. Çünki bir adama sözü bir dəfə deyirəm. Heç kimi yormağı sevmirəm.

- Aparıcı kimi dəvət sizə kim tərəfindən gəldi?

- Bunun tarixçəsi belədir. Məclislərin birində aparıcılıq edirdim. Oraya müğənni Rəhim Rəhimlini də dəvət etmişdim. O, məni görəndə dedi ki, səni kanala dəvət etmək haqda fikirləşirdim. Maddi və texniki nə lazımdırsa, kömək edəcəyik. Beləliklə, təsadüf və zərurət nəticəsində işə başladım.

- Verilişin ideyası sizə aiddir?

- Bəli, ideya müəllifi mənəm.

- Hansı kanala iş üçün müraciət etmişdiniz?

- Heç bir kanala müraciət etməmişdim. Bundan sonra da müraciət etməyəcəm. Ənənə yaradıblar, indi kanala sponsorla gedirlər.

- Sizin üçün sponsor tapmaq elə də çətin deyil. Məşhursunuz və bir çox tədbirlərin aparıcısınız...

- Heç kimə sponsor olması üçün müraciət etməmişəm. Öz işini bilən adama beş gün gec, üç gün tez iş təklifi gəlir.

- Efirdən kənarda olanda maddi problem yaşadınızmı?

- Maddi problem kim yaşamayıb ki? Dünyanın ən milyoner adamı belə maddi problem yaşayıb. Bir nəfər yaxın günlərdə mənə dedi ki, sən bütün tədbirlərə gedirsən. Bunun üçün özün zəng edirsən? Efirdə yoxsan, amma hansı tədbirə baxırsan, sən ordasan. Dedim "hə sən deyəndir". Televiziya ayda 20 min maaş vermir ki, efirə çıxmayanda problem yaşayasan. Aparıcılarımızın hamısı pulu toy və tədbirlərdən qazanırlar.

- Verilişinizdə öncədən hazırlanmış qalmaqal təşkil edirsinizmi?

- Xeyr, ümumiyyətlə verilişə öncədən hazırlaşmıram. Suallarımı belə yazmıram, ekspromt suallar verirəm.

- Hansı məşhur verilişinizə dəvəti qəbul etməyib?

- Yeni verilişdir və ilk başlayanda bu haqda xəbərdar olmamaqları normal idi. Zülfiyyə Xanbabayevanı verilişə dəvət etmək üçün prodüseri Nigar xanımla əlaqə saxladım. Bir müddət sonra onlarla toyda qarşılaşdıq və Nigar mənə dedi ki, siz kim idiniz, tanımadım. Zülfiyyə Xanbabayeva onun qarşısına keçdi və dedi ki, fikir vermə, o belədir, yaddaşı zəifdir. Verilişin linkini mənə atarsınız. Bir çox müğənnilərlə səmimi dostluğumuz olduğuna görə dəvət etmək asandır.

- İstədiyiniz reytinqi əldə etdinizmi?

- Mənə reytinq maraqlı deyil. Əsas odur ki, keyfiyyətli iş təqdim edək. Veriliş "Youtube" kanalına da yerləşdirilir.

- Bir neçə gün öncə verilişinizdə Abbas Bağırovla Ramal İsrafilovun qalmaqalı yaşandı. Verilişdən sonra Ramal sizə etiraz etdimi?

- Xeyr, etiraz etmədi. Xalq artisti Faiq Ağayevin iştirakından sonra mənə dedilər ki, Brilliant Dadaşova sənə zəng edəcək. Qətiyyən, elə bir şey olmadı. Mənə zəng edib nə deyəcəklər? Onlar haqda danışan adam mən deyiləm axı.

- ATV-dən ayrılmağınıza səbəb nə idi? Loru dili ilə desək, kimsə “torba”nızı tikdi?

- Bu haqda düşünməmişəm, boş şeylərdir. Maraqlansam, işim yadımdan çıxar. Boşluq olan zaman isə heç kimə "mənə veriliş verin" deyə müraciət etmərəm.

- Müraciət etməsəniz də sizin yerinizi bir başqası dolduracaq.

- Xeyr, sizinlə razı deyiləm. Heç kim heç kimin yerini doldurmur.

- Başqasına görə niyə vaxt itirəsiniz ki...

- Mən heç kimə görə vaxt itirməmişəm. Kanalın rəhbəri var, rəhbər mövqedə olan insanlar bunu istəmirlərsə, neynəyə bilərsən? Kanala 7 sponsorla getməlisən.

- Aparıcı Cavid Güllə münasibətiniz necədir? Küsülü olduğunuz haqda şayiə var...

- Yaxşıdı, salam-sağ ol, var. Toyuna dəvət etsə, yəqin ki, gedərəm. Cavidi 18-19 yaşından tanıyıram. Zamanında çox sıx münasibətimiz var idi.

- Nə zaman evlənirsiniz?

- Hələ ki, evlənmək haqda düşünmürəm. Dostlarımın hamısı 33-34 yaşında evlənir. Bu, qismət məsələsidir.

- Bu günə qədər sizi nikah masasına əyləşdirəcək xanım olmayıb?

- Xeyr, olmayıb. Xoşuma gələn xanım olsa, 15 dəqiqəyə evlənərəm, problem yoxdur.

- Tez-tez sevgili dəyişirsiniz?

- Yox, ümumiyyətlə sevgilim yoxdur. Belə deyəndə də inanmırlar. Baxır sevgili nəyə deyirsiniz?

- Sevdiyiniz və həyatınızda olan xanıma...

- Həyatımızda olan xanımları saysaq, uzun məsələdir.

- Bəs, evlənmə təklifi edən xanım olub?

- O qədər...Bəlkə mənim qədər heç kimə xanımlar tərəfindən evlənmə təklifi olmayıb. Əvvəl xanımlar mənə evlənmə təklifi edəndə elə bilirdim ki, zarafat edirlər. Sonra gördüm ki, ciddidirlər.

- O xanımların evlilik təklifini necə qarşılayırsınız?

- Normal...

- Xanımlara güvənmədiyiniz üçün evlənmək istəmirsiniz?

- Xeyr, güvənməyin buna aidiyyatı yoxdur. Evlənmə təklifi etməsin? Burada nə var ki...

- Bəs necə bir xanımla ailə qurarsınız? Hər hansı kriteriyalarınız varmı?

- Kriteriya məsələsini sevmirəm. Ağılsız biriylə evlənmərəm.

- Təhsili olmayan bir xanımla evlənərsiniz?

- Savadsız xanımla evlənmərəm.

- Deməli kriteriyalarınız var...

- Yoxdu...

- Bir çox müğənnilər övladlarının məşhur xanımla evlənməsinə razı deyillər. Siz necə məşhur xanımla evlənərsiniz?

- Bir evin içində ailə üzvlərini bir-birindən yaxşı tanıyan insan var? Xeyr. Bizim sahədə də hamı bir-birini yaxşı tanıdığına görə bu kimi fikir səsləndirirlər. Evlənmək istəyən də, istəməyən də tanıdıqlarına görə deyirlər.

Hər sahədə olduğu kimi bizim sahədə də yaxşılar da var, pislər də. Hər kəsin öz həyatı var. Kim kiminlə istəyir, ailə qurur. Heç kim deyə bilməz ki, niyə belə edirsən. Kim kiminlə yatağa girirsənsə, onun heç kəsə dəxli yoxdur. Üçüncü qüvvəsən? Ona görə də nəyəsə fikir bildirəndə məntiqlə etmək lazımdır.

- Sizin diqqətinizi necə xanımlar cəlb edir?

- Ağzını açmayana qədər görünüşü...

- Bəlkə görünüş çox gözəldi, amma intellektual səviyyəsi yoxdur...

- Danışdı, söhbət bağlanır da...

- Vüsalə xanım həyat yoldaşından ayrıldıqdan sonra sizinlə bir arada çox görünürdü. Hətta sevgili olduğunuzu düşünmüşdük...

- Vüsalə mənim dostumdur. İndi məndən küsüb. Ad günümə dəvət etməmişdim. Çünki o da məni qızının ad gününə dəvət etməmişdi. Sonra İntagramda yazdı ki, sən məni ad gününə dəvət etməsən də təbrik edirəm. Bizim dostluğumuz 2005-2006-cı ilə gedir. Heç vaxt elə şey ola bilməz. Sadəcə olaraq Azərlə bizi çox oxşadırdılar. Hamı elə bilirdi ki, mən Vüsalə ilə ailəli olub, ayrılmışam. Azər bir dəfə mənə dedi ki, Samir, sənə görə başım nə qədər ağrıyıb, mənə "Samir" deyə müraciət edirlər. Mən də o hadisə ilə çox qarşılaşmışam. Moskvada bir təşkilatçı xanım var idi. Bir-birimizi tanımırdıq, amma tez-tez tədbirlərdə qarşılaşırdıq, mənə nifrətlə baxırdı. Sonra bildim, o, elə sanıb ki, Vüsalə ilə mən ailə qurmuşam, boşanmışam, ona problemlər yaşatmışam. Ona görə mənə nifrət edirmiş. Elə bilirmiş ki, Azər mənəm ...

- Sirr deyilsə, neçə sevgiliniz olub?

- Sevgili başqa şeydi... Amma həyatımda hər tip, hər boy, hər çəkidə xanım olub.

- Sizdən yaşca böyük xanım sevgiliniz olub?

- Bəli, amma bilməmişəm, məni aldadıb. Düzü yaşını göstərməyib və mən sonra bildim ki, yaşca böyükdür. Beş-üç yaş böyük olub, daha 20 yaş yox.

- Evlənmək məqsədi ilə tanış olduğunuz xanım olub?

- Xeyr.

- Hansısa xanımla evlənmək adıyla tanış olmusunuz?

- Xeyr, heç vaxt. İnsanın səndən istədiyi bəlli, sənin ona verəcəyin bəllidir. Niyə yalandan bəzəyək.

- Deməli, siz məşhurluğunuzdan istifadə edirsiniz.

- Mən heç vaxt məşhurluğumdan istifadə etməmişəm. Nə məşhurluq...Uşaq bağçasında indikindən daha məşhur idim. Bəlkə kimsə məşhurluğuma görə yaxınlaşıb.

- Ayrılmış xanımla evlənərsiniz?

- Mən elə şeylərə pis baxmıram. İnsanlar ikinci dəfə də ailə qura bilərlər. Heç kim heç kimin işinə qarışmamalıdır.

- Ananız sizə tez-tez qız tapır?

- Heç vaxt. Arada bir-iki dəfə zarafatla deyir. Xarakterimi bilir. Evin balacasıyam, 22 yaşında bacım uşağı var. Anam hər şeyə qarışan adam deyil. Deyir ki, ürəyin kiminlə istəsə, onunla ailə qurarsan. Şəxsi seçiminizdir.

- Etiraz etmir ki, yaş keçir...

- Axır vaxtlar bir az etiraz edir..

- Bir müddət əvvəl ailənizlə birlikdə yaşadığınızı qeyd etmişdiniz.

- Bir ilə yaxındır ki, ayrı evə köçmüşəm.

Rəqsanə

AzNews.az