İran ABŞ-ın iddialarına cavab verdi

17 Aprel 2019 15:25 (UTC+04:00)

ABŞ Dövlət katibi Mayk Pompeonun aprelin 16-da səsləndirdiyi “İran rejimi təhlükəlidir və dəyişməlidir” iddiasına bu gün İranın Xarici İşlər Nazirliyi cavab verib.

İran tərəfinin cavabını XİN-in mətbuat katibi Seyid Abbas Musəvi bəyan edib. O bildirib ki, əgər rejim dəyişikliyindən söhbət gedirsə, onda ABŞ rejiminin dəyişməsi daha vacibdir. Onun sözlərinə görə, ABŞ-ın beynəlxalq qanunları pozması beynəlxalq təşkilatlar və ayrı-ayrılıqda dünya dövlətləri tərəfindən dəstəklənmir.

Məhz ABŞ-ın siyasəti nəticəsində münaqişələr və çevrilişlər baş verir, dövlətlər hərbi müdaxiləyə məruz qalaraq dağıdılır. Bu gün bölgədə baş verən və günahsız insanların qətlə yetirilməsi ilə müşahidə edilən qanlı münaqişələr ABŞ-ın xarici siyasətinin nəticəsidir. Belə olan halda, İranın deyil, ABŞ-ın rejiminin dəyişilməsi qaçılmazdır.

S.A. Musəvi diqqətə çatdırıb ki, İran bu gün də, gələcəkdə də öz hüquqlarını beynəlxalq qanunlar çərçivəsində müdafiə edəcək.(AZƏRTAC)

AzNews.az