Ermənistan humanitar aksiyaları siyasiləşdirməkdən əl çəkməlidir

17 Aprel 2019 15:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin Vyana görüşündə tövsiyə olunan məsələlərdən biri də humanitar aksiyaların reallaşdırılması idi. Erməni tərəfi buna dərhal siyasi yanaşmanı ortalığa qoydu; Bir neçə ailənin görüşməsi, sosial şəbəkələrdə dialoqun bünövrəsinin qoyulması, hava sərhədinin və Sərsəng Su Anbarından qondarma Dağlıq Qarabağ Respublikası ilə Azərbaycan Respublikasının birgə istifadəsi və s bu qəbildən olan ideyalar idi. Əslində erməni tərəfinin bütün canfəşanlığı tənzimlənmədə bu vaxta qədər əldə olunmuş nailiyyəti heçə endirməkdir. Humanitar aksiyaları siyasiləşdirmək bunun bir istiqamətidir.

Dağlıq Qarabağ tənzimlənməsinin gedişinə baxsalar ermənilər bütün vacib məsələlərə cavab taparlar. Cavablar ermənilərin maraqlarına uyğun olmadığı üçün ermənilər bundan imtina edir və yaxud rədd etməklə məşğul olurlar. 2011-ci il Həştərxanda üçtərəfli Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə humanitar aspektləri ətraflı əhatə edən bəyanat qəbul edildi. Bəyanatın qısa mahiyyəti: Erməni tərəfdə olan azərbaycanlı və yaxud Azərbaycan tərəfdə olan erməni ölü və ya diri halda dərhal qaytarılmalıdır.

İndi N.Paşinyan müxtəlif bəhanələr uydurmaqla məşğuldur. Belə xəstə düşüncələr ortalıqdadır. Real yanaşma isə fərqli olmalıdır; Qondarma Dağlıq Qarabağın rəhbərliyi Sərsəng Su Anbarından birgə istifadə üçün Tərtər rayon İcra Hakimiyyətinə müraciət edə bilər.

Hava məkanının birgə istifadəsi tamamilə absurd məsələdir. Azərbaycan Respublikasının işğal olunmuş ərazisi olduğu üçün beynəlxalq Konvensiyalar Dağlıq Qarabağ üzərindən uçuşları qadağan edir. De-yure Azərbaycan Respublikasına məxsus olan bu hava məkanı üzərində Azərbaycanın de-fakto səlahiyyəti bərpa olunacaqsa, o zaman beynəlxalq konvensiyalar da bu hava məkanı üzərindən uçuşlara icazə verəcək. Ermənilərin humanitar aksiyaları siyasiləşdirməsi tənzimlənməyə deyil, yalnız özlərinin siyasi ambisiyalarına xidmət edir.

Tənzimlənmənin mahiyyətinə uyğun ən təkmil humanitar aksiya Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının müxtəlif formatlarda, variantlarda, müxtəlif sosial qruplar şəklində dialoqunun təşkilidir. Əgər erməni tərəfi tənzimlənməyə hazırdırsa başa düşür ki, tənzimlənmənin sonu Dağlıq Qarabağın statusunun müəyyən olunmasıdır. Dağlıq Qarabağın statusunun müəyyən olunması yalnız Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının birgə iştirakı ilə mümkündür. Demək humanitar müstəvi məhz Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıları birgə oturub məsələləri müzakirə etməsi məqsədinə xidmət etməlidir. Təbii ki, bu yumşaq keçəsi proses deyil. Süni uydurulmuş siyasi nifrət və ya siyasi ambisiyalarla yanaşı, real narazılıqlar da ortalıqda ola bilər. Ona görə Ermənistan tərəfi humanitar aksiyaları siyasiləşdirməkdən əl çəkməli və tənzimlənmənin mahiyyətindən doğan humanitar aksiyalara üstünlük verməlidir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq