Portuqaliyada qəza - 28 alman turist öldü

18 Aprel 2019 00:18 (UTC+04:00)

Portuqaliyanın Madeira adasında alman turistləri daşıyan avtobus yoldan çıxaraq qəza törədib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, adanın Caniço şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində avtobus bir evin üzərinə aşıb.

Santa Kruz bələdiyyə sədri Filipe Sousa RTP3 televiziyasına verdiyi açıqlamada qəzada 11 kişi, 17 qadın olmaqla ümumilikdə 28 alman turistin öldüyünü, portuqaliyalı avtobus sürücüsünün və turist rəhbərinin isə yüngül xəsarətlə xilas olduğunu bildirib.

Portuqaliya prezidenti Marcelo Rebelo de Sousanın qəzadan sonra Madeira adasına getdiyi deyilir.

Xatırladaq ki, Madeira adasında 2005-ci ildə baş verən yol qəzasında da 5 nəfər italyan turist ölmüşdü.

Pərvanə Ağazadə

AzNews.az