Bütün yarımfinalçılar məlum oldu - UEFA Çempionlar Liqasında

18 Aprel 2019 09:40 (UTC+04:00)

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə daha iki vəsiqə qazanan komandaların adları məlum olub.

Qarşılaşmalardan biri Portuqaliyada, digəri isə İngiltərədə baş tutub.

Günün ən maraqlı görüşü İngiltərənin iki təmsilçisi arasında olub. “Tottenhem”ə Londonda məğlub olan (1:0) “Mançester Siti” doğma azarkeşlər önündə londonluları qəbul edib. Görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. “Şəhərlilər”in heyətində Rahim Sterlinq (4, 21), Bernardo Silva (11) və Serxio Aquera (59) fərqləniblər. “Tottenhem”in qollarına isə Heunq Min-Son (7, 10) və Fernando Lyorente (73) imza atıblar. Ümumi hesab bərabər (4:4) olsa da, “Tottenhem” öz meydanında top buraxmadığı üçün növbəti mərhələyə vəsiqə qazanıb.

Gecənin ikinci görüşündə İngiltərənin daha bir təmsilçisi “Liverpul” doğma azarkeşlər önündə Portuqaliyanın “Portu” komandasını qəbul edib. UEFA Çempionlar Liqasının son finalçısı “Liverpul” bir həftə öncə öz meydanında ilk matçda 2:0 hesablı qələbə qazanıb.

Portuqaliyada da üstün oyun nümayiş etdirən Mersessayd təmsilçisi rəqibinə şans verməyərək 4:1 hesablı qələbə qazanıb. “Liverpul” klubunun heyətində Sadio Mane (26), Məhəmməd Salah (65), Roberto Firmino (77) və Virjil Van Deyk (84) fərqləniblər. Portuqaliyalıların təsəlli qoluna isə 69-cu dəqiqədə Eder Militao imza atıb.

Ümumi hesaba əsasən “Liverpul” yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, qitənin ən güclü klub turniri kimi tanınan UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları məlum olub.

Növbəti mərhələdə “Ayaks” klubu “Tottenhem”lə, “Barselona” isə “Liverpul” komandası ilə üz-üzə gələcək.

***

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab görüşlərində vurulan ən yaxşı qolun müəllifi adına namizədlər açıqlanıb.

Namizədlər arasında braziliyalı Filip Koutinyo (“Barselona”, İspaniya), argentinalı Lionel Messi (“Baraelona”), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) və braziliyalı Roberto Firmino (“Liverpul”, İngiltərə) yer alıblar.

Həftənin ən yaxşı qolunun müəllifi UEFA-nın saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

***

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlərin adları bəlli olub.

Qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinin cavab qarşılaşmalarında göstərdikləri oyuna görə həftənin ən yaxşı futbolçusu adına Roberto Firmino (“Liverpul”, İngiltərə), Heung-Min Son (“Tottenhem”, İngiltərə), Lionel Messi (“Barselona”, İspaniya) və Frenk de Yonq (“Ayaks”, Hollandiya) iddialıdırlar.

Qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək. (AZƏRTAC)