Bu gün onun yubileyini keçirəcəkdik, qismət olmadı - Rövşən Almuradlının oğlu

19 Aprel 2019 12:30 (UTC+04:00)

Bu gün mərhum rejissor Rövşən Almuradlının 65 illik yubileyidir.

Rejissorun oğlu Kamal Almuradlı AzNews.az-a mərhumun yubiley arzularını açıqladı.

O bildirdi ki, 2019-cu il Rövşən Almuradlı üçün dönüş ili olacaqdı:

“Biz atamın yubileyi ilə bağlı tamam başqa planlar qurmuşduq. Aprelin 19-da evdə onun yubileyini qeyd edib, 20-də isə restoranda davam etdirəcəkdik. Mərasimdə onun sənət dostları dəvətliydi. Gecənin musiqiçiləri də hazır idi. Mart ayında ondan soruşdum ki, ata gecədə hansı müğənnilərin olmasını istərdin? Cavab verdi ki, “Nuriyyə Hüseynova, Rövşən Nicat”. Bir az dayandı və dedi ki, “kaş Novruz sağ olaydı…”. Amma indi tamam fərqli bir ad günü keçiriləcək. Səssiz-küysüz… Çox heyif ki, olacaq. Səssiz küysüz olacaq. Çox heyif ki, alınmadı, qismət olmadı. Biz nə gözləyirdik, amma nələr yaşadıq. Bu il Rövşən Almuradlı üçün dönüş ili olacaqdı”.

Kamal Almuradlı qeyd etdi ki, Rövşən Almuradllı şərəfli bir ömür sürüb: “Ən önəmlisi sözünü dedi, səmimi oldu. Belə ömür hər adama nəsib olmir. Ləyaqətli ömür sürdü. 2019-cu illə bağlı atamın ümidləri vardı. Deyirdi ki, "2019 mənim ilimdir". Bu il ona böyük ümidlər verəcəkdi. Atamın 65, ailə qurmasının 40, mənim 35, nəvəsinin 5 illik yubileyi olacaqdı. Nazirliyin sifarişi ilə film çəkəcəkdi. Planlar çox idi. Uzun illərdən bəri üzünə bağlanmış qapılar taybatay açılmışdı. Qismət olmadı. Tanrı bağlı qapıları onun üzünə açdığı bir zamanda bütün qapıları hər tərəfli bağlayaraq getdi”.

Qeyd edək ki, rejissor Rövşən Almuradlı aprelin 2-də işə gedərkən dayanacaqda qəfil dünyasını dəyişib. Həkimlər ona ürək çatışmazlığı diaqnozunu qoyub.

Bahar RÜSTƏMLİ

AzNews.az