5 yaşlı qızı 3500 dollara satdılar - Nazəninin dəhşətli həyat hekayəti

19 Aprel 2019 15:57 (UTC+04:00)

Nazənin 5 yaşında nişanlandı. 10 yaşında artıq birinin həyat yoldaşı idi. 12 yaşlı ərinin ailəsi onu 5 il əvvəl 3 min 500 dollara almışdı.

Ana və atası onu xəstə oğullarını, Nazəninin qardaşını müalicə etdirmək üçün satdı.

Əfqanıstanın qərbində Herat şəhəri yaxınlığında Şakrar e Sabz qaçqın düşərgəsində yaşayan Nazəninin anası “Oğlumun ağrısı dözülməz idi. Üzünə baxanda pulu necə tapacağımı düşündüm. Nazəninin atası istəksiz idi, qızımızı satıb pul əldə etdim” deyir.

Ailənin 3-ü qız, 4-ü oğlan olmaqla 7 uşağı var. Heç məktəbə getməyiblər və oxuyub yaza bilmirlər. Pulları və işləri yoxdur.

BBC Dünya Xidmətinin əməkdaşı İnayetulhaq Yasini valideynlərin öz qızlarını necə satmaları barədə yazıb.

Peşmanlıq

Nazəninin atası “Oğlumuz 4 yaşından bəri epilepsiya xəstəsidir. Müalicəsinə xərcləyə biləcəyimiz pulumuz yox idi” deyir.

Ailə oğullarını xilas etməkdə çarəsiz qaldıqlarına görə qızlarını satmağa qərar verib.

“Pulu aldım və ən böyük uşağım olan Nazənini evləndirmək qərarına gəldim. Pulu oğlumun müalicəsi üçün xərclədim. Amma oğlum sağalmadı, qızımı da əlimdə saxlaya bilmədim”. Ana belə deyir.

Ata isə sözünü kəsib “İnsan balaca uşağını satsa, əlbəttə peşman olar. Mən də peşmanam, amma faydası yoxdur” deyə bildirir.

Kiçik yaşda evliliklər

Əfqanıstanda qanuni evlilik yaşı qızlarda 16, oğlanlarda isə 18-dir. Ancaq bir çoxu kiçik yaşda evlənir.

UNİSEF-in 2018-ci ildəki hesabatına görə, əfqan qızların 35%-i 18 yaşına çatmamış, 9%-i isə 15 yaşından əvvəl evləndirilir.

Gənc qızların 76%-i 18 yaşına çatmamış evləndirilən Niger isə bu sahədə ən pis ölkədir. Hesabata görə, son illərdə vacib iqtisadi irəliləyiş olan Banqladeşdə isə bu nisbət 56%-dir.

“Başlıq pulu”

Əfqanıstan 10 illərdir davam edən müharibənin pəncəsindədir. Yaxın keçmişdə böyük quraqlıq da yaşanıb. Bu səbəbdən bir çox ailə hər hansı iş görə bilmir. Buna görə də səfalət içərisində yaşayırlar.

Nazəninin anası “Bizim tayfa adətlərimizdə uşaqlarımız çox kiçik olanda belə evlilik razılaşması əldə etmək pis sayılmır. Ancaq çoxu sadəcə 18 yaşına çatanda evlənər” deyir.

İslama görə evlilik razılaşması olanda bəy tərəf bir hədiyyə və pul vermək məcburiyyətindədir. Buna mehir deyilir və qıza aid olur.

Ancaq mehirdən əlavə gəlinin atası, ya da böyük qardaşı da bəyin ailəsindən toydan əvvəl “başlıq pulu” istəyə bilər.

Əfqanıstanın Analitiklər Birliyindən araşdırmaçı Faysal Muzhariyə görə, başlıq pulu əfqan adətidir və İslamda yeri yoxdur.

İstənilən pul ailənin statusu, gəlinin gözəlliyi, yaşı və təhsili kimi faktorlara görə dəyişir və bir neçə yüz dollardan 100 min dollara qədər çıxa bilir.

Adam başına düşən milli gəlirin 600 dollardan az olduğu ölkədə başlıq pulu bəzi ailələr üçün çox böyük əhəmiyyət daşıyır.

Quraqlıq

Keçən il Əfqanıstanın böyük hissəsinə hakim olan quraqlıq Nazəninin ailəsinə də təsir edib.

Ata “Tarlalarda işləyirdik. Bir neçə heyvanımız var idi. Ancaq hər şeydən əl çəkmək məcburiyyətində qaldıq” deyir.

Heyvanları susuzluqdan öldü və ailə Əfqanıstanın şimal qərbindəki Badghis bölgəsində yerləşən kəndlərini tərk etdi. Herat yaxınlığındakı düşərgəyə köçdülər.

BMT-yə görə, Əfqanıstanın qərbində 275 min nəfər quraqlığa görə evlərindən oldu. Bir çox yerli və beynəlxalq yardım qurumları bölgədə bu problemi həll etmək üçün çalışırlar. Ancaq Nazəninin atası hələ də əhəmiyyətli yardım ala bilmədiklərini deyir.

Borca düşən ana və atanın hələ 10 yaşına çatmamış iki qızının da gələcəyi naməlumdur.

“Səfalətim davam etsə və digər iki qızım üçün də pul verəcək adam tapsam, eynisini edərəm. Alacaqlılar gündə 2-3 dəfə zəng edib pul istəyir. Qızlarım sahib olduğum tək varlıqlarımdır”. Nazəninin atası belə deyir.

Bədbəxt evlilik

Quraqlığa və evlərindən olduqlarına görə ailə yemək xərcini azaltmaq üçün Nazənini tez evləndirməyi seçib.

Nazənin keçən il 10 yaşı olanda evləndirilib və toya 100-dən çox adam gəlib.

Atası “Qızıma verə biləcəyim nə varsa verdim. Aldığımız başlıq pulu da çox deyildi” deyir.

Toy isə xoşbəxt hadisə deyildi.

“O qədər çarəsiz vəziyyətdə olmasanız, bu qədər balaca qızı evləndirməyə razı olmazsınız. And içirəm ki, etməzdim, amma pula ehtiyacım var idi. Ehtiyac ucbatından məcbur qaldım. Nə edə bilərik ki? Tək yolum bu idi. Bir tək mən də deyiləm, quraqlıq və maliyyə problemlərinə görə bir çoxları eyni şeyi etdi”. Ata belə deyir.

Risk altındakı qrup

Norveç Qaçqın Şurasının 2015-dəki araşdırmasına görə, xüsusilə evindən olmuş və şəhərlərdə qeydiyyatdan kənarda yaşayan qadınlar başlıq pulunu ödəmə imkanı olan daha yaşlı kişilərlə evləndirilmə riski daşıyır.

İndi 11 yaşında olan Nazənin isə daha yaşlı kişi ilə evləndirilmədi. Bəlkə bu da kiçik təsəllidir.

Anası “Həyat yoldaşının ailəsi ilə iki ay qaldı. Öz qızları kimi baxdılar. Həyat yoldaşı da 12 yaşındadır. O da çox utancaqdır. Çox danışmır” deyir.

Razı deyil

Nazənindən evlənmək istəyib istəmədiyini soruşmayıblar. Anası və atası evlilikdəki rolları və vəzifəsi ilə bağlı ona heç nə deməyib. Nəticədə Nazənin evlilik həyatına uyğunlaşmaqda çətinlik çəkib.

Anası “Heç nə demir. Bizim üçün darıxdığına görə məyus olduğunu düşündük. Qızımızın bir neçə il də bizimlə qalmasına icazə vermələrini istədik” deyir.

Nazənin indi atası və anası ilə bərabərdir. Həyat yoldaşının ailəsi bir az da böyüyəndə, 2 ya da 3 il sonra onu geri almağa söz verib.

Atası “Qayınanası və qayınatasına, həyat yoldaşına necə davranacağını bilmirdi. Çünki yaşı çox kiçik idi. Nimruz bölgəsində yaşayırdı. 10 gün əvvəl kürəkənimiz gəldi və bizimlə bir neçə gün qaldı” deyir.

Uşaq yaşda evliliklərdə artım

UNİSEF keçən il iyul və oktyabr ayları arasında Herat, Baghdisdə 161 uşaq evliliyi qeydə alıb.

Bunlardan 155-i qız, 6-sı isə oğlandır.

“Uşaq yaşda evliliklər, ölkənin bəzi bölgələrində yerləşmiş qaydadır. Bu vəziyyət müharibə və quraqlıqlarla daha da pisləşib. İyuldan oktyabra qədərki dövrdə bu cür evliliklərdə artım var idi. Amma o dövrdən bu vaxta qədər hökumət güclü formada müdaxilə etdi və azalma oldu”. UNİSEF-in sözçüsü Alison Parker belə deyir.

Əfqan hökumətinin məqsədi bütün kiçik yaşlı və məcburi evlilikləri 2021-ə qədək sonlandırmaqdır. Qızların minimum evlənmə yaşını 18-ə qaldıran qanun layihəsi isə parlamentə təqdim edilib.

Yardım

Yardım qurumları yerlərindən olan insanların həyat şəraitlərini təmin edən qaynaqları bərpa etməyə çalışır. BMT-nin Qida və Təsərrüfat Təşkilatı bir çox ölkədə kənd təsərrüfatını yenidən başlatmaq üçün pulsuz toxum paylayır.

“40 il çəkən vətəndaş müharibəsi, başqa ölkələrdə görəcəyiniz əsas sosial infrastrukturları məhv etdi. Ölkənin bir çox hissəsində kəndlilər kredit ala bilmir. Qarışıq bölgədir və heç kim investisiya qoymaq istəmir. Evlərini itirən ailələrin çoxu böyük borca düşüblər. Borclarını ödəyə biləcək vəziyyətdə deyillər. Nağd pul versək belə işə yaramaz. Okeanda bir damcı olacaq”. UNİSEF-in Uşaq Qoruma məmuru Alfred Mutiti belə deyir.

Ağıllı qız

Nazəninin ailəsi düşərgədə hələ də hökumətdən və ya yardım qurumlarından dəstək gözləyir. Bütün bunların tək yaxşı tərəfi düşərgədə öyrənmək üçün fürsətlərinin olmasıdır.

Ana və ata ən böyük qızlarının həm öz adını, həm də atasının adını yaza bildiyinə görə qürur duyur.

Anası “Nazənin ağıllı qızdır. Əlifbanı bilir” deyir.

Oğullarının ikisi də məktəbə gedir.

Ümidlə yaşamaq

Ancaq ailə xoşbəxt olmaqdan çox uzaqdadır və heç kimin onlara dəstək vermədiyini deyir. Bu, kiçik gəlini məyus edir.

“Nazənin mənə “Ana, məni kiçik yaşda evləndirdin, amma qardaşım sağalmadı” deyir. Eyni zamanda “Qardaşım sağalacaq. Mən də böyüyəcəm" deyir. Onu evləndirdiyim üçün peşmanam, amma hələ də yaxşı bir gələcəyin bizi gözlədiyinə ümid edirəm”. Nazəninin anası belə deyir.

(Nazəninin adı şəxsiyyətini qorumaq üçün dəyişdirilib)

Tərcümə etdi: Pərvanə Ağazadə

AzNews.az