Qarabağ masasından Bakı küçələrinə qədər… - Qlobal mafiyanın Azərbaycana qarşı oyunu

19 Aprel 2019 17:30 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün geosiyasi şərtlərin yarandığı, rəsmi Bakının Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinin imzalanmağa hazırlaşdığı ərəfədə xaricdən Azərbaycana qarşı hücumlar artır, paralel olaraq, daxildə bu hücumlarla asossasiya olunmuş addımlar müşahidə olunur… Baş verənlər daxildəki siyasi cameyə qədər uzanan böyük şəbəkənin Azərbaycana qarşı təhlükəli oyunlarını aktivləşdirdiyini göstərir. Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında baş verənlərdən yola çıxaraq, bu şəbəkəni və oyunu göstərməyə çalışacağıq.

Əliyev Ermənistanla sülh istəmir”. Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində keçirilən dinləmələrdə “hüquq müdafiəçisi” kimi Avropaya sığınmış Leyla Yunus deyib və əlavə edib ki, “Yalnız Azərbaycanda Əliyev hakimiyyəti gedəndən sonra Dağlıq Qarabağ münaqişəsində sülh bağlana bilər”.

Leyla Yunus AŞPA tribunasında bu çağırışları edən ərəfədə Ermənistanın baş naziri Nikol Paşinyan da qurumun yaz sessiyasında çıxış edir və Azərbaycana qarşı sülhpərvər olmamaq ittihamları yağdırırdı. Paşinyan hətta həmsədr dövlətlərin mövqeyinə zidd şəkildə “Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının sülh”ündən danışaraq, “separatçıları danışıqlara tərəf” olaraq daxil etmək tezisini Strasburqda da davam etdirdi.

Paşinyanla Lelya Yunusun məhz AŞPA tribunasında Azərbaycana qarşı eyni mətnlə çıxış etməsi təsadüf deyil və bu, təkcə Leyla Yunusun Barseqyan soyadına bağlılığı və qohumluq əlaqələrindən irəli gələn “erməni sevgisi”ndə özünü biruzə vermir, ortada Azərbaycana qarşı qlobal müstəvidə aparılan oyun və Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi daha dərin proseslər mövcuddur. Və münaqişənin həlli üçün geosiyasi şərtlərin yetişdiyi, danışıqların getdiyi, buna paralel olaraq, Azərbaycanın Avropa İttifaqı ilə yeni saziş bağlamaq ərəfəsində olduğu bir vaxtda Leyla Yunusun AŞPA tribunasında “yeganə sülh yolunun İlham Əliyevin hakimiyyətdən getməsi” olduğuna dair çığır-bağır salması “dərin prosesin” tərkib hissəsidir. Bu prosesi düzgün oxumaq üçün bir faktı yenidən xatırlamaq zərurəti yaranır.

Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Hansı ki, diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o sanksiyalar?! Onlar yoxdur”.

Bu fikirlər 2016-cı il 19 aprel tarixində “Armenianreport” saytının “Zərbə arxasınca zərbə: indi də ABŞ-dan” sərlövhəli məqaləsində yer alıb. “Aprel müharibəsi”ndə məğlub olan Ermənistan isterik şəkildə Azərbaycana qarşı qurulan oyunların nəticə vermədiyindən danışır və etiraflar edirdi.

Bu faktı unutmadan bir kənarda saxlayaq və Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Qarabağ ətrafında baş verənlərə nəzərə salaq.

Paşinyan erməni ictimai rəyinə hesablanmış ritorikadan istifadə etsə də, onun siyasi Olimpə yüksəlməsində rol oynayan faktorlar, eləcə də sonrakı proseslər erməni baş nazirin qarşısına münaqişənin həlli şərtinin qoyulduğu ehtimalını önə çıxarır. Bu şərti Paşinyanın hakimiyyətə gəlişinə “yaşıl işıq” yandıran ABŞ irəli sürüb. Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən ilin oktyabrında regiona səfəri zamanı İrəvanda dilə gətirdiyi “İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq” sözləri də dolayısı ilə bunu təsdiqlədi. Sonrakı proseslər isə Vaşinqtonun problemin həllində təşəbbüsü ələ almaq niyyətini göstərdi.

Paşinyanın hakimiyyətə gəlişi Ermənistanın Rusiya çətiri altından çıxarılması planının əsas hissəsidir. Lakin hər şey hakimiyyəti ələ almaqla başa çatmırdı, İrəvanın siyasi orbiti dəyişməsi üçün ilk növbədə iqtisadi blokadadan xilas olması lazımdır. Bunun yeganə yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Vaşinqton bunu anlayır və proseslərə kompleks olaraq yanaşır.

Rusiyanın Cənubi Qafqazdan çıxarılması. Əsas hədəf budur və erməni diasporu/lobbisinin təqdimatı ilə Paşinyanın hakimiyyətə gətirilməsi bu planın ilk mərhələsinin uğurla nəticələnməsi idi. İkinci mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu baş tutarsa, həm Ermənistan iqtisadi blokadadan çıxır, həm də Moskvanın regionda əsas təsir rıçaqlarından biri əlindən alınmış olur.

“Ərazilər əvəzinə sülh”, Vaşinqton yeni Şərq ekspedisiyasında ikinci mərhələ kimi görünən Qarabağ münaqişəsinin həllində bunu təklif edir.

– İşğal edilmiş Qarabağ və əraf rayonlar tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə sərhədlər açılır.

Bu, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq və ədalət prinsipinə uyğun bərpasıdır. Və alternativ həll variantı ilə müqayisədə – ilkin mərhələdə 5 rayonun qaytarılması, sonra yenidən müzakirələrin başlanması – daha sərfəlidir. Geosiyasi şərtlər Bakının xeyrinə görünür və Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün bu şərtləri diqqətlə izləyir, strateji həmlələrini ona uyğun müəyyənləşdirir.

Bu, Paşinyan Ermənistanı üçün də əlverişlidir: Ermənistanı blokadadan çıxır, hazırda ən çox ehtiyacı olduğu “iqtisadi inqilab” üçün yeni imkanlar yaranır; yeni hakimiyyət üçün “əbədi problemə” çevrilən “Qarabağ klanı” əsas dayaq nöqtəsini itirir və Ermənistanın siyasi səhnəsindən silinir, beləliklə Nikolun üfüqləri genişlənir; Paşinyan onu siyasi Olimpə yüksəldən Qərb qüvvələri qarşısında götürdüyü “Rusiyadan imtina” öhdəliyini asanlıqla yerinə yetirir və hakimiyyətini möhkəmləndirir;

Böyük tabloda görünən budur ki, ABŞ Ermənistanda hakimiyyət dəyişikliyini erməni diasporu/lobbisinin təqdimatına əsasən həyata keçirib və ikinci mərhələdə münaqişənin həlli əsas hədəfdir. Erməni diasporu da ona yuva verən ABŞ-ın “Şərq ekspedisiyası”na töhfə vermək və geosiyasi maraqlarını təmin etmək, həm də Ermənistanı 30 ildir düşdüyü bataqlıqdan çıxarmaq məqsədilə “Qarabağ klanı”na bağlılığı olmayan Paşinyanı məhz münaqişənin həll edilməsi üçün düşünülmüş şəkildə seçib. Hərçənd, burada bir şübhəli məqam xüsusilə diqqət çəkir: Ermənistanın dövlət ideologiyasını “böyük Ermənistan” xəyalı üzərində formalaşdıran və SSRİ-nin dağılmasından sonra Dağlıq Qarabağın işğalını bu ideologiyanın “döyünən ürəyi” və ilk mərhələsi olaraq qəbul edən erməni diasporu hakimiyyətə gəlişini təşkil etdiyi Paşinyana əraziləri qaytarmağa icazə verərmi?

Cavabın müsbət olması mümkünsüzdür və sonrakı proseslər də bunu təsdiqləyir: Erməni diasporu/lobbisi/dövləti üzərlərinə qoyulan missiyadan imtina etmir, bu missiyanın həyata keçirilməsi üçün çapaladıqlarını göstərir, lakin əraziləri qaytarmadan Vaşinqtonun istəyini yerinə yetirməyin yollarını axtarır. Bunun üçün bir-birinə bağlı, paralel şəkildə aparılan planların işə salındığı aydın görünür:

Birinci plan: Müxtəlif bəhanələrlə danışıqların uzadılması. Nikol Paşinyanın “Dağlıq Qarabağdakı separatçıların danışıqlarda tərəf kimi iştirakını” irəli sürmək tezisi məhz buna hesablanıb. Vyana görüşü ilə bu plan alt-üst oldu, hərçənd, Paşinyanın AŞPA-dakı çıxışı təxirə salınmadığını göstərir.

İkinci plan: cəbhədə təxribatlar törətmək və hərbi eskalasiya yaratmaq. Paşinyanın “sülh” bəyanatlarına paralel olaraq müdafiə naziri David Tonoyanın “müharibə ritorikası” tirajlaması bundan xəbər verir.

Üçüncü plan: Avropaya sığınmış azərbaycanlı “siyasi mühacir”ləri erməni xüsusi xidmət orqanlarının nəzarətindəki separatçıların ətrafına toplamaq və “insan haqları”, “demokratiya” yarlığı altında Azərbaycana qarşı qaldırmaq. Hollandiyada yaşayan Əlikram Hümbətovun erməni xüsusi xidmət orqanlarının xeyir-duası ilə yaratdığı və oğlu Tural Hümbətovun rəhbərlik etdiyi “Azərbaycanda Demokratiya Komitəsi” – CODA (Committee Outlines of Democracy in Azerbaijan) bu planda “ana baza” rolunu oynayır. Son dövrlər “siyasi mühacir”lərin məhz bu təşkilat ətrafına toplanması prosesi gedir. Hədəf Azərbaycan hakimiyyətinə qarşı Avropadan hücumların təşkili və təzyiqlərin edilməsi, gələcəkdə onların “demokratiya axını” adı altında ölkəyə gətirilməsidir. Bu prosesdə Leyla Yunusun əsas kuratorlardan olduğu haqda məlumatlar var.

Və o Leyla Yunus Paşinyanla eyni tribunaya çıxıb, “Qarabağ münaqişəsində sülhün əldə edilməsinin yeganə yolu kimi İlham Əliyevin hakimiyyətdən getməsi” olduğunu bəyan edir. Bu nə deməkdir?

– Erməni diasporu/lobbisi/dövlətinin qurduğu bu şəbəkə həm Vaşinqtonun planlarına qarşı çıxmamaq, həm də münaqişənin öz maraqlarına uyğun həll edilməsinin çıxış yolunu İlham Əliyevin hakimiyyətdən getməsində görürlər.

Təsəvvür edin, Azərbaycana ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyən, prezidentliyi dövründə iki uğurlu hərbi əməliyyatla – “aprel döyüşləri” və Günnüt – işğal altındakı ərazilərin bir qisminin azad olunmasına imza atan və Dağlıq Qarabağın işğaldan azad olunması strategiyasını prioritet elan edən İlham Əliyev yox, məsələyə loyal yanaşan, münaqişənin həlli ilə bağlı Paşinyanın arxasındakı güclərin (Qərb) qarşısında öhdəlik götürən biri rəhbərlik edir və Paşinyanla danışıqları bu X zat aparır.

Nəticə: münaqişə Ermənistanın istəyinə uyğun həll olunur, ən azı Dağlıq Qarabağ ermənilərdə qalır; Ermənistan blokadadan çıxır, erməni diasporu/lobbisi isə ABŞ-ın geosiyasi planlarına qarşı çıxmamaqla Vaşinqtonun qəzəbinə tuş gəlmir; (ABŞ Dağlıq Qarabağın kimdə olması, yaxud münaqişənin necə həll olunmasında deyil, həll olunması və geosiyasi plandakı ikinci mərhələnin başa vurulmasında maraqlı görünür, ermənilər anlayır ki, istədiklərinə nail olsalar, Vaşinqton “iki xalq öz aralarında razılaşdı” prinsipi ilə beynəlxalq hüquq axtarışına çıxmayacaq).

Prosesin kölgədə qalan tərəfi budur və bu kontekstdə Leyla Yunusun AŞPA-da etdiyi çıxış təsadüf hesab oluna bilməz. Məqsəd bir azərbaycanlı “hüquq müdafiəçisi”nin dilindən Azərbaycan Prezidentini münaqişənin həllində “maneə” kimi təqdim etmək və beynəlxalq rəyi yönləndirməkdir.

Paşinyan və Leyla Yunusun AŞPA-da Azərbaycana qarşı çıxışlar etdiyi gün qurum “Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı qətnamə qəbul etdi və əsas vurğu Azərbaycanın üzərində quruldu. Qətnamənin həmmüəlliflərindən biri hollandiyalı deputat Mart van de Vendirdir. O, qətnaməni əsaslandırmaq üçün bildirib ki, “Avropa Şurası “Azərbaycan landromatı” məruzəsində əks olunmuş faktlardan narahat olub, bu qətnaməni qəbul edib”.

Vendirin kimliyi haqqında mediada kifayət qədər informasiya yayılıb, lakin bu şəxsin məhz erməni xüsusi xidmət orqanlarının “siyasi mühacir”ləri CODA-nın çətiri altında toplamağa çalışdığı Hollandiyadan olması və “Azərbaycan qarabağlı ermənilərin müstəqillik hüquqlarını tanımalıdır” mövqeyini sərgiləməsi hansı mətbəxin “məhsulu” olduğuna dair aydın təsəvvürlər yaradır. Bu deputatın əsas gətirdiyi “Azərbaycan landromatı” məsələsinin mahiyyəti də bir müddət öncə ortaya çıxıb. Bu baxımdan, üzərindən çox dayanmadan diqqəti prosesin arxasındakı başlara yönəltmək istəyirik.

“Azərbaycan landromatı” hesabatı martın 4-də Organized Crime and Corruption Reporting Project – OCCRP təşkilatı tərəfindən “hazırlanıb” və bunun Aİ ilə strateji sazişin müzakirəsi ərəfəsində peyda olması sıradan deyildi. Bu hesabatın Azərbaycanı açıq şəkildə düşmən elan etmiş Corc Sorosun tapşırığı ilə hazırladığına dair faktlar var və maraqlıdır ki, hesabatın həmmüəlliflərindən olan Xədicə İsmayılın vəkili məşhur ermənipərəst Amal Kluni bu müdafiəni erməni milyonçu Ruben Vardanyanın pulları hesabına həyata keçirirdi. Aprelin 11-də AŞPA-da bu məsələyə istinadən qətnamənin qəbulu da bu prosesin davamıdır. Və burada erməni diasporu/lobbisi ilə Corc Sorosun timsalında anti-Azərbaycan şəbəkəsinin maraqlarının uzlaşması, bu maraqların təmin edilməsi üçün AŞPA-nın platforma olaraq seçilməsi aydın görünür.

AŞPA: bu qurum Avropa İttifaqına bağlı olmasa da, insan haqları, demokratiya kimi məsələlərin “həll olunduğu” məkandır və orada çıxarılan qətnamələr ölkələrin imici, o cümlədən, Avropa ölkələri ilə əlaqələrdə “ictimai rəy” baxımından müəyyən təsirə malikdir. Erməni diasporu\lobbisi və anti-Azərbaycan şəbəkəsinin birgə təmsil olunduğu “qlobal mafiya”nın AŞPA-nı hörümçək toru kimi zəbt etdikləri məlumdur. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) hesabatı bunun bariz sübutudur və bu hesabatda Corc Sorosun AŞPA-dakı Azərbaycana qarşı “hücum batalyonunun” “xaç atası” olduğu konkret faktlarla göstərilir. Xüsusi diqqət çəkən məqam “hücum batalyonu”nda təmsil olunanların ortaq nöqtəsinin erməni sevgisi olmasıdır: onlar qondarma “erməni soyqırımının” tanınması üçün əllərindən gələni edir, İrəvanda “soyqırımı abidəsi”nin önündə ikiqat əyilir, Dağlıq Qarabağın işğalına legitimlik qazandırmağa çalışırlar, Kristofer Ştrasser, Piter Omtzixt, Frans Şvab, Rene Ruke, Fransua Roşblaun və başqaları kimi… Görünən budur ki, bu “qlobal mafiya” erməni diasporu/lobbisi, Ermənistan dövləti, o cümlədən, Soros və ona bağlı olanlar birgə maraqlar uğrunda eyni çatı altında toplaşıb.

AŞPA-da “Azərbaycan landromatı” məsələsi üzərindən qətnamənin qəbulu da məhz Azərbaycan-Avropa İttifaqı xəttində tarixi yaxınlaşmaya və yeni sazişin imzalanmasına zərbənin endirilməsidir. Çünki bu saziş Azərbaycanın xeyrinədir:

a) Azərbaycan-Aİ münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan Aİ-nin təqdim etdiyi sənədi olduğu kimi qəbul etmir, əksinə Azərbaycanın təqdim etdiyi sənəd üzərində, hər iki tərəf üçün məqbul ola biləcək müddəalar müzakirə olunur. Azərbaycan statistik göstərici mahiyyətində sənəd imzalamaq üçün deyil, öz maraqlarına uyğun şəkildə mötəbər bir sazişə nail olmaq məqsədilə müzakirələr aparır. Məsələn, Cənubi Koreya ilə Aİ arasında saziş bir neçə il davam etmişdi. Bu amil sazişdə Azərbaycanın maraqlarının daha öndə olması deməkdir.

b) Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlığı genişlənəcək və ölkədə vətəndaş rifahının daha da güclənməsi üçün yeni imkanlar açacaq;

c) Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün beynəlxalq dəstək güclənəcək. Bu, Avropa İttifaqının sənədlərində də öz əksini tapır:

– 2017-ci il tarixli Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suvereneliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alıb.

– Bu mövqe 2018-ci ildə Aİ ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri” sənədində də təkrarlandı: sözügedən sənəddə qeyd olunur ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəkdir.

– Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D. Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F. Moqerini olan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair” qətnamə tərəfdaşların suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları – məcburi köçkünlər və münaqişələrdən qaynaqlanan qaçqınlara yardımların gücləndirilməsinin vacibliyini vurğulayır.

Məhz bu amillər erməni diasporu\lobbisinin və Ermənistanın kabusuna çevrilib. Sazişin detalları rəsmi açıqlanmır, çünki diplomatik etika tələb edir ki, üzərində danışıqlar aparılan sənəd işçi səviyyədə olduğu halda, onun barəsində geniş ictimaiyyətə məlumat verilmir. Sənəd yekunlaşıb paraflanma səviyyəsinə çatdıqda onun barəsində məlumatın verilməsi həyata keçirilir. Lakin siyasi çevrələrdə aparılan müzakirələr sənəd haqqında təsəvvürlərin formalaşmasına imkan verir və məlum olur ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verir.

Aİ Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının 3 prinsipinə – ərazi bütövlüyü, gücün tətbiq edilməməsi və öz müqəddəratını təyinetmə – uyğun həllinin tərəfdarı olduğunu dəfələrlə vurğulayıb. Ərazi bütövlüyünün bərpası prinsipi ön plana çıxarılır, ermənilərin tələb etdiyi “öz müqəddəratını təyinetmə” prinsipi isə sonuncu yerdə vurğulanır və ərazi bütövlüyünün təmin edilməsi prinsipi olan yerdə bu, həlledici rol oynamır. Yəni Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində muxtariyyətin verilməsi mümkün ola bilər. Anti-Azərbaycan şəbəkəsinin AŞPA-da “hücum batalyonunu” işə salmasının, Leyla Yunusun dili ilə “İlham Əliyevsiz Qarabağ danışıqları” niyyətinin səsləndirilməsinin hədəfi də belə bir sazişin qarşısını almaqdır.

Və vaxtilə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri olmuş, sonradan Avropadan sığınacaq alan Arif Məmmədovun irəli sürdüyü iddia erməni diasporu\lobbisi və anti-Azərbaycan şəbəkəsinin birgə təmsil olunduğu “qlobal mafiya”nın daxili uzantılarını ortaya çıxarır.

Məmmədov iddia edir: “Avropa Birliyinın Azərbaycanla mayın 13-də imzalaması nəzərdə tutulan sazişin gizli saxlanmasının əsas səbəbi sənəddə Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi göstərilməməsidir. Avropa Birliyi bu bəndi qəbul etməkdən imtina edir”.

Bu, Azərbaycan-Avropa İttifaqı arasında hazırlanan sazişdə Qarabağla bağlı yer alan fikirlərin tam əksinədir və burada şəbəkənin Azərbaycanda ictimai rəyi manipulyasiya etmək cəhdi aydın görünür. Və o da diqqətdən yayınmır ki, “İlham Əliyevsiz danışıqlar” arzulayan erməni diasporu/lobbisi/dövlətinin ritorikası ilə eynilik təşkil edir. Məqsəd Azərbaycan xalqında imzalanacaq sazişə qarşı etiraz yaratmaq, “hakimiyyəti milli maraqları müdafiə etməyən” kimi göstərmək və sazişin baş tutmaması üçün daxili hücumu təşkil etməkdir.

Bu kontekstdə Arif Məmmədovun Avropa İttifaqı ilə imzalanacaq sazişə dəstək verən REAL haqqında yaydığı informasiya və AXCP sədri Əli Kərimli və ətrafının bu informasiyanı əsas tutaraq REAL-a qarşı “total hücum” təşkil etməsi də diqqət çəkir. Keçmiş səfir REAL-ın Avropada Azərbaycan hakimiyyətinin başlatdığı islahatları dəstəklədiyini və sazişin imzalanması haqqında müsbət rəy verdiyini deyir, ardınca sazişin imzalanmasına qarşı çıxan Əli Kərimli və komandası “satqın” damğası ilə REAL-çılara hücum başladır. Məqsəd Azərbaycanda imzalanacaq sazişə dəstək verən müxalif qüvvənin qarşısını almaqdır.

Əli Kərimli və komandasının Azərbaycan xalqı və dövləti üçün strateji əhəmiyyət kəsb edən sazişə qarşı çıxmasının əsas səbəbi məhz hakimiyyət sevdasıdır. Çünki qeyd etdiyimiz kimi, bu sazişin imzalanması Azərbaycana siyasi və iqtisadi dividentlər qazandıracaq, o cümlədən, Dağlıq Qarabağ məsələsində Bakının əlini gücləndirəcək. Əli Kərimli bütün bunların hakimiyyətin daha da güclənməsinə doğru gedən proses olduğunu anlayır, onu da anlayır ki, hakimiyyət xalqın xeyrinə nə qədər iş görsə, bu, onun siyasi Olimpə yüksəlmək arzularının üzərindən daha qalın xətlərin çəkilməsi deməkdir. Bu kontekstdə Milli Şuranın durmadan mitinq təyin etməsi də təsadüfi deyil: şəbəkənin dazili uzantıları Avropa İttifaqına “baxın, müxalifətə mitinq keçirməyə icazə vermirlər, amma siz saziş imzalayırsınız” mesajını verir.

Beləliklə, Azərbaycana qarşı qurulmuş “qobal mafiya” şəbəkəsinin bir halqası da ortaya çıxır və Aİ-Azərbaycan sazişinə qarşı AŞPA və Avropanın digər strukturlarının qaranlıq kulislrində qurulan oyun və bu oyunun Bakı küçələrinə qədər gəlib çıxması böyük pazlın hissələridir:

Erməni diasporu/lobbisi/dövləti, sorosçular, Avropada Leyla Yunus və Arif Məmmədov kimilərin timsalında azərbaycanlılardan qurulan “legionerlər dəstəsi”, Bakıda hakimiyyəti “küçə müharibəsi” ilə hədələyən ənənəvi müxalifət; Bütün bunların Azərbaycana qarşı qurulan qlobal şəbəkənin tərkibidir. Ermənilər “Qarabağda təslimçi sülhə” nail olmağı, sorosçular qisas almağı planlaşdırırlarsa, müxalifət adı altında çıxış edənlər sadəcə hakimiyyətə gəlməyi arzulayırlar, nəyin bahasına olursa olsun, hətta “təslimçi sülhün” belə…

Asif Nərimanlı