Nazir: “Şahdəniz” yatağından indiyədək...”

22 Aprel 2019 11:56 (UTC+04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz"qaz kondensat yatağından işlənmənin əvvəlindən bu il aprelin 1-dək 104,2 mlrd.kubmetr qaz, 25,1 mln.ton kondensat hasil edilib.

Bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, indiyədək bu yataqdan 69,7 mlrd.kubmetr qaz ixrac edilib.

"Bu ilin yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% çox, yəni 9,1 mlrd.kubmetr qaz hasil edilib.Hasil edilən qazın 4,3 mlrd.kubmetri,kondensatın isə 1 mln.tonu "Şahdəniz" yatağının payına düşür.

Ümumilikdə, 3,2 mlrd.kubmetr qaz ixrac edilib. İxrac edilən qazın həcmi ötən ilin müvafiq dövründən 26,6% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 30,9% çox,yəni 2,2 mlrd.kubmetr qaz ixrac edilib.Aprelin 1-dək Türkiyəyə TANAP-la 1,5 mlrd.kubmetr qaz ixrac edilib".

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.(report.az)

AzNews.az