Zelenski Yanukoviçin təbrikini qəbul etmədi

22 Aprel 2019 12:26 (UTC+04:00)

Ukraynanın sabiq dövlət başçısı Viktor Yanukoviç Vladimir Zelenskini prezident seçkilərində qalib gəlməyi münasibətilə təbrik edib.

Eks-prezidentin oğlu Aleksandr Yanukoviçin mətbuat katibi Yuri Kirasirin feysbuk hesabında paylaşdığı təbrik məktubunda deyilir:

“Sizi Ukraynanın prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ukraynalılar ölkəmizin ən çətin anında bu vəzifəni sizə təhvil verdi”.

O, həmçinin Zelenskini ona güvənən ukraynalıların inamını itirməməyə çağırıb. Lakin yeni prezidentin komandası sözügedən təbriki birmənalı qarşılamayıb.

“Cənab Zelenskinin komandası rusyönümlü keçmiş ukraynalı məmurlardan “dəstək” aldı. Biz bu “dəstək” və təbriklər olmadan da yolumuza davam edə bilirik”, - deyə Zelenski qərargahının nümayəndəsi Dmitri Razumkov bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində V. Zelenski 73,17 faiz, Petro Poroşenko isə 24,5 faiz səs toplayıb. (qafqazinfo.az)

AzNews.az