Karlos Qona qarşı yeni ittiham irəli sürüldü

22 Aprel 2019 13:12 (UTC+04:00)

Yaponiyada "Renault-Nissan-Mitsubishi" avtomobil istehsalçıları alyansının keçmiş rəhbəri Karlos Qona qarşı yeni ittihamlar irəli sürülüb.

Söhbət "Nissan" konserninin vəsaitlərinin mənimsənilməsindən gedir.

DW xəbər verir ki, bu barədə Tokio Prokurorluğundan bildirilib.

Məlumata görə, K.Qon "Nissan"ın pullarının Omanda qeydiyyatdan keçmiş minik avtomobilləri satışı üzrə şirkətə köçürərək fırıldaqçılıq sxemindən istifadə edib.

2015-ci ilin sonundan 2018-ci ilin ortalarına qədər top-menecer ümumilikdə 15 milyon ABŞ dolları köçürüb. Bu pulun 5 milyonunu Qon şəxsi ehtiyacları, o cümlədən yaxta alınması və oğlunun ABŞ-dakı şirkətinə investisiya yatırmaq üçün istifadə edib.

Martın əvvəlində 65 yaşlı Karlos Qon 3,5 aylıq həbsdən sonra girovla azadlığa buraxılıb, lakin aprelin 4-də 2012-2018-ci illərdə "Nissan"ın vəsaitlərinin mənimsənilməsi iddiası ilə yenidən həbs edilib.

Bununla yanaşı, "Nissan"ın keçmiş rəhbəri şəxsi investisiya itkilərini şirkətə köçürməkdə ittiham olunur. Qon yenidən həbs olunmasını özbaşınalıq adlandırıb və "Nissan"ın məsul şəxslərinin onu susdurmağa çalışdıqlarını bildirib.(report.az)

AzNews.az