Həbsxanadan qaçan məhbus vətəndən ötrü darıxdığına görə polisə təslim oldu

23 Aprel 2019 09:04 (UTC+04:00)

Avstriya mətbuatı hüquq-mühafizə orqanlarına könüllü təslim olan cinayətkarla bağlı xəbər yayıb.

On il yarım əvvəl həbsxanadan qaçan bir məhbus bu günlərdə Zaltsburq şəhərində polisə könüllü təslim olub.

İlkin ifadəsində həbsdən qaçdıqdan sonra on il Tenerifedə (Kanar adaları, İspaniya) gizli yaşadığını bildirən şəxs polisə təslimolma qərarına da aydınlıq gətirib. Altmış dörd yaşlı qaçaq vətəndən ötrü darıxdığına və Tenerife adasında yaşamasının ona əvvəlki kimi zövq vermədiyinə görə Avstriyaya qayıtmaq qərarına gəldiyini bildirib.

Münxen hava limanında enən şəxs qatarla Avstriya ərazisinə daxil olan kimi polisə müraciət edib. O, Aşağı Avstriya əyalətindəki həbsxanalardan birinə yerləşdirilib. Həbs müddətinin bitməsinə cəmi yarım il qalmış həbsxanadan qaçan bu şəxsə əlavə nə qədər cəza veriləcəyi məlum deyil.(AZƏRTAC)

AzNews.az