Qobustandakı aksiya sona çatdı
29 Aprel 2013 19:47 (UTC+04:00)
Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbuslar aclıq aksiyasını dayandırıb. Məlumatı "Media forum" saytına Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib:
"Aprelin 27-dək aclığı davam etdirən 8 məhbus qalmışdı. Həmin gün onlar da aksiyanı başa vurdular".
Aksiyanı vaxtilə ölüm cəzasına məhkum olunmuş, sonradan cəzaları ömürlük həbslə əvəzlənmiş şəxslər keçirib. Onlar cəzalarının müddətli həbslə əvəz olunmasını tələb edirlər. Məhbuslar aksiyaya aprelin 18-də ombudsman Elmira Süleymanovaya müraciətlə başlamışdılar. Müraciətdə qeyd olunurdu ki, 1998-ci ildə vaxtilə ölümə məhkum edilmiş şəxslərin cəzası ömürlük həbslə qanunsuz olaraq əvəzlənib:
"Milli Məclisin məhkəmənin səlahiyyətlərini mənimsəyərək bizə təyin etdiyi ömürlük həbs cəzası Azərbaycan qanunvericiliyinə, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Cinayət qanununun zamana görə qüvvəsi hüquqi prinsipinə və 2000-ci il sentyabrın 1-nə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinə əsasən, bizə ya 15 il azadlıqdan məhrumetmə cəzası kəsilməli, ya da prezidentin əfv sərəncamı qaydasında 15 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası verilməli idi".
AzNews.az