Qazaxıstanda Azərbaycanla bağlı elmi-praktik konfrans

29 Aprel 2013 20:00 (UTC+04:00)


Qazaxıstanın Satpaev adına Milli Texniki Universitetində mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə elmi praktik konfrans keçirilib. Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzinin dəstəyi və köməkliyi ilə baş tutan konfransda Fəlsəfə problemlərini öyrənən Elmi Mərkəz, Almatı şəhərindəki Azərbaycanlıların "Ozan" İctimai Birliyi bir araya gəldilər. Elmi praktik respublika konfransında Satpaev adına Qazaxıstan Milli Texniki Universitetində professorlar, elmlər doktorları və tələbələr, türk, ərəb, özbək, çeçen, qırğız milli mərkəzlərini təmsil edən alimlər Heydər Əliyevin Şərq dünyasındakı şəxsiyyətinin dəyəri, onun siyasi baxışları və başqa xüsusi keyfiyyətləri haqqında çıxışlar ediblər. Qazaxıstan Azərbaycanlıları Milli Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov "Azərbaycan dövlətçiliyinin yaranmasında Heydər Əliyevin rolu" adlı məruzə ilə çıxış edib. Universitetin İctimai Davranış kafedrasının dosenti, fəlsəfə elmləri doktoru, akademik Kalimaş Bekalinova "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" adlı məruzəsində onun həyat və yaradıcılığı, ictimai mövqeyi, onun milli və siyasi konsepsiyaları, fəlsəfi fikirləri barədə geniş məlumat verib. Almatıdakı Azərbaycanlılarının "Ozan" İctimai Birliyinin sədri Qərib Məmmədov mərhum prezidentin Azərbaycan diasporunun dünyada formalaşması yönümündəki etdiyi xidmətlərdən danışdı. Tədbirə qatılan professor və professor və akademiklər, tələbələr Asiya Amirbekova və Gülmira Məsimova müstəqil müasir Azərbaycanın yaranması və möhkəmlənməsi istiqamətindəki müstəsna xidmətindən danışıblar, eləcə də onu Azərbaycanda neft strategiyasının əsasını qoyan, "Əsrin müqaviləsi" kimi möhtəşəm bir layihənin qəhrəmanı kimi səciyyələndiriblər. Tədbirin sonunda universitetin müəllim və tələbələri milli alət olan damburda Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi nömrələri ifa ediblər. Tədbirdə iştirak edənlərə eyni zamanda Heydər Əliyevin Həyat və yaradıcılığını əks etdirən buklet və Qazaxıstan Azərbaycanlılarının milli dərgisi olan "Turan Times" qəzetinin Heydər Əliyevə həsr olunmuş nömrəsi paylanılıb.

Mətanət
AzNews.az