Rusiya vətəndaşı olmaq üçün saxta nikah bağladı

23 Aprel 2019 13:56 (UTC+04:00)

Azərbaycanlı gəncin Rusiya vətəndaşlığını almaq üçün pula ehtiyacı olan qızla saxta evliliyə imza atdığı ortaya çıxıb.

“Yamskaya Sloboda” portalının verdiyi xəbərə görə, 2016-cı ilin aprelində 19 yaşlı azərbaycanlı Rusiya vətəndaşı olan həmyaşıdı ilə ailə qurub. Bununla da, o, öncə Rusiya ərazisində müvəqqəti, daha sonra isə uzunmüddətli yaşama icazəsi əldə edib.

Qeyd olunur ki, Azərbaycanlı gənc qıza saxta nikah müqabilində 15 min rubl (400 AZN) ödəyib. Cütlüyün heç vaxt bərabər yaşamadığı bildirilir.

Tümen Prokurorluğu faktla bağlı Tümenin Leninqrad rayon məhkəməsinə müraciət edərək saxta nikaha xitam verilməsini istəyib.

“Ər-arvad” məhkəməyə gələrək nikahlarının saxta olduğunu etiraf ediblər. Nəticədə, məhkəmə prokurorluğun iddia müraciətini təmin edib.(qafqazinfo.az)

AzNews.az