Myanmada mədən uçdu - Ölənlər var

23 Aprel 2019 17:31 (UTC+04:00)

Myanmanın şimalındakı Kaçin ştatında yaşma daş mədəninin uçması nəticəsində 3 nəfər ölüb, azı 51 işçi (bəzi məlumatlara görə 90-dək) yerin altında qalıb.

“Reuters” xəbər verir ki, ştatın ucqar Hpakant bölgəsində yerləşən mədəndə xilasetmə tədbirləri görülsə də, rəsmi şəxslər yerin altında - 100 metrədək dərinlikdə qalanların çıxarılmasına ümidin az olduğu qənaətindədirlər. Hələlik üç nəfərin meyitini çıxarmaq mümkün olub.

“Biz çox da ümidli deyilik, çünki insanlar torpaq altında qalıb, onları çıxarmaq, doğrudan da, çətin məsələdir”, - mədənin operator şirkətlərindən biri olan “Myanmar Thura”nın nümayəndəsi U Nainq bildirib.

Xilasetmə işlərinin Myanma Qırmızı Xaç Cəmiyyəti, hərbçilər, polis, yerli könüllülərin birgə səyilə görüldüyü bildirilir.

Qeyd edək ki, Kaçində hasil olunan yaşma daşı dünyanın ən keyfiyyətlilərindən hesab olunur.(report.az)

AzNews.az