Quduz heyvanların insana hücumunun və beynəlxalq basqının qarşısını ala bilərik?

25 Aprel 2019 12:30 (UTC+04:00)

Son vaxtlar Bakının müxtəlif ərazilərində sahibsiz itlərin azyaşlı uşaqlara hücum etməsi faktları çoxalıb və bir çoxları hesab edirlər ki, guya həmin itlər o hadisələrdən sonra güllələnirlər.

Mövzunu müzakirə etmək üçün AzNews.az-ın əməkdaşı hüquq müdafiəçisi Sahib Məmmədovdan müsahibə alıb.

Image result for Sahib Məmmədov

- Sosial şəbəkələrin gündəm mövzusu olan sahibsiz itlərlə bağlı birbaşa məsuliyyət kimin üstünə düşür?

- Son günlərdə yayılan xəbər, itin uşağa hücumu çox xoşagəlməz haldır. Təəssüf ki, bizdə belə hallar çox baş verir. Bu da küçə heyvanları ilə bağlı yerli icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələri layiqincə icra etməmələri ilə bağlıdır. Məsələ ondadır ki, sivil dünya bu işi birdəfəlik həll edib. İnkişaf etmiş Avropa ölkələrində də, Şərqi Avropa ölkələrində də heç kim küçədə sahibsiz it görməz.

- Bəs necə edək ki, bizdə də belə hallar yaşanmasın?

- Bunun bir neçə yolu var. Birincisi, bu küçə heyvanları ilə bağlı sığınacaqlar yaradılır və bu sığınacaqlar həm yerli icra hakimiyyətinin orqanlarının, həm də cəmiyyətdən ianə yolu ilə yığılan pullarla maliyyələşdirilir. Hansı ki, bu sığınacaqlarda heyvanlar peyvənd olunur. Elə həmin sığınacaqdan kiməsə ev heyvanı lazımdırsa, götürməyə icazə verilir.

İkincisi, küçə heyvanlarını peyvənd edib, adətən, qulaqlarına xüsusi nişan (birka) taxırlar. Azərbaycanda da “İDEA” təşkilatı bu işə başlayıb. Bu prosesdən sonra heyvanları küçəyə buraxırlar. Eyni zamanda sterilizasiya prosesi də edilir ki, onlar nəsil artıra bilməsinlər. Bu, o demək deyil ki, onlar ölür, xeyr, bu prosesdən sonra onlar əvvəlki kimi yaşayırlar.

-Yəqin ki, bizdə də bu məsələ ilə maraqlanan, qarşısını almağa çalışan şəxslər var...

- Təəssüf ki, bizdə son illər yalnız bir neçə fərdi şəxslərin özlərinin öz təşəbbüsü ilə yaratdığı sığınacaqlar var. Bu təşəbbüslərin ən böyüyünü İDEA təşkilatı görür, müasir sığınacaqlar sistemi yaradır və həmin küçə heyvanlarını oraya yığırlar.

Bütün bunlarla yanaşı, yerli icra hakimiyyəti orqanları sığınacaq yaratmaq, peyvəndləşmə etmək əvəzinə heyvanları kütləvi sürətdə gülləbaran edir. Bu vəziyyətdən çıxış yolu deyil.

Ona görə də bu məsəslə hələ də həll olunmur. Baxmayaraq ki, İDEA və ya bir neçə şəxsin təşəbbüsü var. Bununla bağlı görüləsi işlər çoxdur. Sadaladıqlarım yerinə yetirilməlidir, amma heç bir halda sahibsiz itlər güllələnməməlidir.

- Beynəlxalq aləmdə bu problem necə həll edilir?

- Azərbaycandakı bəzi qüvvələr bundan da istifadə edirlər ki, guya ölkəmizdə itlərə qarşı vəhşiliq törədirlər. Təəssüflər olsun ki, bu "informasiyaya" xaricdə inananlar da var. Dünyada heyvanlara qarşı qəddar münasibətə nisbətən insan hüquqlarının pozulmasına bəlkə də dözüm daha çoxdur. Məsələn, hazırda dünya ən çox İspaniyanı sırf öküz döyüşlərinə görə tənqid edir. Eyni zamanda Yaponiya və Norveçdə balinaların ovlanması qadağan olunduğu halda onları ovlayırlar. Bununla bağlı dünya ictimaiyyəti onları qınayır. Eləcə də itlərlə bağlı bir sıra ölkələr var ki, daim tənqid hədəfindədirlər. O sırada Azərbaycanın da olması təəssüf doğurur. Baxmayaraq ki, bizdə küçə itləri ilə tədbir görülməyə imkanlar genişdir.

Bu problem aradan qaldırılmalıdır. Bununla da həm quduz heyvanların insana hücumunun, həm də beynəlxalq basqının qarşısını ala bilərik. Bunlarla Azərbaycanı tənqid etməyə, sivil cəmiyyət olmamasını göstərməyə çalışırlar. Ona görə də yerli icra orqanları çox da böyük resurslar sərf etmədən küçə heyvanlarına qarşı tədbir görə bilərlər.

Səidə Vahid

AzNews.az