AXH-nin axırı nə olacaq?! Ya da əvvəli olub ki, axırı da olsun?!…

24 Aprel 2019 16:57 (UTC+04:00)

1988 – ci ildə başlayan meydan hərəkatında təsadüfən ortaya çıxıb təbiri – caizsə ölkəmizin başına bəla olan bu “bolşevik inqilabçılar” illərdir yeri gəldi gəlmədi birləşir, bir araya gəlir, orta məxrəci tapdıqlarını cəmiyyətə yüksək pafosla təqdim edib bir müddət sonra sezon finalına gedərək “boşanır”, hənüz boşanma ərəfəsində ciddi cəhdlə günahın qarşı tərəfdə olduğunu iddia etməyə başlayıb qarşılıqlı ittihamlar səsləndirirlər. İllərdir bunların səsləndirdikləri ittihamlar artıq xalqda da bir növ immunitet yaradıb.

Kim nə deyir desin, xalq bu bolşevik inqilabçılara inanmır, onların hansı amala xidmət etdiklərini əla bilir. Elə ona görə də bunlar illərdir xalqdan dəstək tapa bilmədikləri üçün dəstəyi kənarda axtarır, müxtəlif antimilli dairələrin təsiri altında fəaliyyət göstərirlər. Belə qüvvələrdən birisi də yeni yaranan Azərbaycan Xalq Hərəkatıdır. Bu hərəkatın adı belə Azərbaycandakı radikal müxalifətin təfəkkürünün dəyişməməsinin bariz göstəricisidir. Niyə deyə soruşacaq olsanız, Azərbaycanda Xalq Hərəkatı öz dövrünü ölkəmiz müstəqillik əldə etdikdən sonra başa vurub və artıq bu bəylərin qəbul edib etməməsindən asılı olmayaraq, Azərbaycanda belə bir hərəkatın varlığı nəyisə dəyişdirmək qüdrətində deyil. Qüdrətində olmağı bir kənara qoyun, 88- ci ildən bu günə kimi ancaq xalqın əsəbləri ilə oynayan, illərdir ciddi siyasətlə məşğul olduqlarını iddia etmələrinə baxmayaraq, elementar siyasi səbata belə sahib olmayan bu bəylərin qurduqları hərəkat dərindən baxanda dövlətimizə və dövlətçiliyimizə xəyanətdir.

Qurulduğu və ilk tədbirini keçirdiyi andan etibarən bu hərəkat Azərbaycanda radikal müxalifətin növbəti uğursuz hərəkatı kimi tarixin arxivinə gömülməyə haqq qazandı. Bu hərəkatın əslində elə ilk tədbirindəcə uğursuzluğa düçar olacağı gözlənilən idi. Kim yox idi ki, bu sözdə hərəkatda?! İsgəndər Həmidovdan tutmuş, Rəhim Qazıyevə kimi Xalq Hərəkatının içindəki bütün fərdlər həyatlarında bircə dəfə olsun uğur qazanmamış, əksinə yaşadıqları uğursuzluqlarda özlərindən başqa hər kəsi günahlandıran tipajlardır. Bu vəziyyətdə isə kiminsə bu “bəylər”dən nəsə gözləməsi ən azından məntiqsizlikdir.

İlk tədbirlərində biri – birilərinə əl – qol atmalar, söyülən söyüşlər, edilən təhqirlər onun xəbərçisi idi ki, artıq Azərbaycan siyasi səhnəsində belələrinə yer qalmayıb. Rəhim Qazıyev gülləni başına çoxdan çaxmalı idi, İsgəndər Həmidov arada çevrilib AZTV – nin jurnalistini döydüyü günlərə baxmalı idi. Edilən səhvlərdən nəticə çıxarmaq haqqında indiyə kimi düşünməyən keçmiş “bolşevik”lər, indiki “xalqçı”lar bəlkə də youtube –da ilk iclaslarına alıcı gözlə, analitik təfəkkürlə(?!!!) baxsaydılar, bir nəticə çıxarardılar. Amma görünür, baxmayıblar ki, növbəti tədbirlərində də anoloji hal təkrar olundu. Bu dəfə İ.Həmidov Tural Abbaslının üstünə hücum çəkdi, tərəflər əlbəyaxa oldular, biri – birilərinə olmazın ittihamlarını səsləndirdilər. Və iki yerə parçalanan AXH – ni bir araya gətirəcək, tərəfləri barışdıracaq bir ağsaqqal tapılmır ki, tapılmır. Tapılmaz da!…

Tapılması üşün gərək artıq saçları, saqqalları ağarmış “Obijniklər” gərək tövbə edib hər zaman qırağından baxdıqları siyasət səhnəsinə daxil olmaq eşqindən bir dəfəlik əl çəksinlər. Əl çəksinlər ki, bundan sonra qurulacaq qurumlar normal fəaliyyət göstərsinlər. Yəni, ən azından buna cəhd etsinlər.

Biz Azərbaycanda normal siyasi mühitin yaranması üçün bu “obijniklər”in gedəcəyinə inanmaq zorundayıq. Getsinlər ki, müxalifət cəbhəsində əvvəl və axır arasında məntiqi qurulsun bir an öncə.

Oktay Hacımusalı