İçərişəhərdə press tur keçirildi - "Məlumatlar həqiqəti əks etdirmir"

25 Aprel 2019 15:03 (UTC+04:00)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tez-tez mətbuat nümayəndələri ilə xüsusi görüşlər həyat keçirir.

AzNews.az xəbər verir ki, bu görüşlərdən biri də 24 aprel tarixində baş tutub. Görüşün mahiyyəti 2019-cu ildə Qoruq İdarəsinin həyata keçirdiyi işləri təqdim etmək, mətbuata və vətəndaşlara qərəzsiz və ətraflı məlumatın çatdırılmasını təmin etmək idi.

Press tur ərzində ilk olaraq Qoşa Qala meydanında yerləşən Zəncirli Binada fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi ziyarət edilmiş, iştirakçılara həm mərkəz, həmçinin nümayiş edilən sərgi barədə məlumat verilmişdir. Daha sonra mətbuat nümayəndələri yenidən Qoşa Qala meydanında yerləşən XVII əsrə məxsus Yeraltı hamamı ziyarət etmiş, bu orta əsr memarlıq nümunəsinin xarici və daxili quruluşu, orada aparılan konservasiya işləri barədə ətraflı məlumatla tanış olmuşlar. Eyni zamanda iştirakçılar hal-hazırda konservasiya işlərinin aparıldığı və tezliklə muzey olaraq fəaliyyətə başlayacaq Bakı Xanları Evi ilə tanış olmuş, abidədə aparılan yenidənqurma işlərini izləmişlər. Son olaraq media mənsubları Kiçik Qala küçəsində, Qala divarları boyunca aparılan təmir işləri ilə tanış olmuş və müəyyən saytlarda, sosial şəbəkələrdə yayımlanan xəbərlərin həqiqətə uyğun olmadığını müşahidə etmişlər.

Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil isə hal-hazırda ərazidə görülən işləri əks etdirmir. Həmin fotoşəkil noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyildir. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur.

Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılmışdır.

Ərazidə mövcud olan restoranlar qeyd edildiyi kimi artıq uzun illərdir ki, fəaliyyət göstərirdi və bu layihədə məqsəd onları yeniləmək və daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub.

Sosial şəbəkələrdə və müəyyən saytlarda qala divarlarına zərər vurulması ilə bağlı məlumatlar əsassızdır. Çünki məhz Qoruq İdarəsi Qala divarlarınının bir hissəsini son illərdə bərpa etmiş və onların dayanıqlığını möhkəmləndirmişdir.

AzNews.az