Nazirin çılpaq qoyduqları çılpaq nazirə baxır
30 Aprel 2013 08:49 (UTC+04:00)
Bəzən görürsən hansısa dövlətdə bir gözəl qadını nazir qoyurlar. O saat mətbuat, hay-küyçü jurnalistlər başlayır bu qadının keçmişini qurdalamağa. Özü də adətən yaxşı bir şey axtarmırlar, tapsalar da üstündən keçirlər. Kimə maraqlıdır? Heç oxucunun da vecinə deyil filan nazir it ilində hansı qocanın yolu keçməsinə yardım etmişdir. Ən yaxşısı odur bu qadın nazirin keçmişindən bir lüt şəkil tapılıb ortaya qoyulsun. Bu zaman aləm bir-birinə qarışır.
Əslində hər yerdə qarışmır. Məsələn, Avropada belə fotolar tapılanda cəmiyyət çox zaman üstünü vurmur, heç şəkillərə də baxmırlar. Adam yaxşı nazirdirsə, nəyə gərək? Keçmişdə hansısa çılpaq şəkli olubsa, indiki işinə təsir eləmirsə, camaata da maraqlı deyil. Yalnız geridə qalmış və inkişaf eləməkdə olan dövlətlərdə bu tip fotolar qalmaqala, bəzən nazirin istefasına səbəb olur.
Ancaq həmin fotoların çıxdığı ölkələr bir yana qalsın, Azərbaycan tipli belə fotolara xüsusi azarkeşlik edən məmləkətlər də var. Deyən gərək, sənin nəyinə lazımdır hansı ölkədə nazirin lüt şəkli tapılıb? Yox, dərhal saytlar, qəzetlər, telekanalizasiyalarımız həmin qadının yeddi arxa dönəni haqda fotosessiya hazırlayır, olan-olmaz bütün lüt qadın şəkillərini xalqa göstərirlər, deyirlər elə bunun hamısı o ləçər nazirin şəkilləridir.
Ən son belə bir xəbər Venesueladan gəlmişdir. Orada Uqo Çaves rəhmətə gedəndən sonra təzə prezident təzə də nazirlər qoyub, bu nazirlərin içində qılınc oynatmaq üzrə idmançı qadın da var. Mətbuat həmin qadının 3-4 il qabaq çəkdirdiyi çılpaq şəkilləri dərc edib. Və həmin şəkillər Venesuelada dərc edilən günün səhəri dərhal Azərbaycanda da dərc edilib. Hətta mən şübhələnirəm ki, o fotoları ya bizimkilər özləri çəkiblər, ya da bizim müxbirlər eşələyib tapıblar. Hərənin bir ixtisaslaşması var, hazırda dünya üzrə azərbaycanlı jurnalistlər də bu istiqamət üzrə təhsil alır. Nahaq yerə müxalif jurnalistlərin çılpaq şəkilləri və videoları telekanalizasiyalarda göstərilmirdi ki? Bunlar hamısı əyani dərs vəsaitləridir.
Eyni zamanda, Azərbaycan kimi dövlətlərdə oturub başqa xalqların nazirləri ilə maraqlanmaq adama pis gəlir. Yoldaşlar, axı sizin nəyinizə lazımdır hansı ölkədə nazirin lüt şəkli çıxıb? Gedin öz dərdinizi çəkin. Bizim nazirlərin lüt şəkli yoxdur, ancaq ölkəni lüt gününə salmaqlarının şəkli istədiyiniz ərazidə hazır durur. Baxın, həzz alın. Özü haçansa çılpaq şəkil çəkdirən nazir yaxşıdır, yoxsa xalqı çılpaq soyunduran nazir? Siz kimə lağ eləyirsiniz? Elə həmin Venesuelanın prezidenti Uqo Çaves öləndə qızlarının adına xaricdə hesaba qoyduğu bir dollar da tapa bilmədilər. Adam sarsaq ideoloji işlərlə məşğul olsa da, gic-gic rejimlərlə dostluq eləsə də ən azı oğru deyildi. Yoxsa onun oğurluğu haqda əzəli düşməni ABŞ çoxdan qara-qışqırıq qopardardı.
Hər işimiz saxtakarlıqdır. Belə ata sözümüz var: "Adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar". Ancaq hansı naziri ağlına görə yola salmısınız? Əksinə, ağılsız hərəkətlərlə on illər millətin belində oturublar. Geyim-kecim, bahalı kostyum bəs eləyir ki, bizdə istənilən yoldan keçəni "müfəttiş" hesab eləsinlər. Biz lütün qənimiyik. Rəhmətlik bir dostumuz deyərdi ki, Azərbaycanda İbrahim adlı şəxs pullu, vəzifəlidirsə hamı onu "İbrahim müəllim" çağırır, yox, əgər kasıbdırsa adam olur "İbiş", ən yaxşı halda "İrvaham".
Qayıdaq Venesuelaya. (Bəh-bəh, nə gözəl səsləndi: "Qayıdaq Venesuelaya"... O üzdən ikinci dəfə yazdım). Venesuela qadınları dünyanın ən gözəl qadınlarından sayılır, adətən gözəllik yarışmalarında ilk yerləri tuturlar. Elə bu baxımdan da Venesuelalı nazir Alexandra Benitezi alqışlayırıq. Adamın işi iş, şəkli də şəkil – ta Venesuela camaatına nə lazımdır? Öz "şəklimizə", halımıza baxaq və ağlayaq...
AzNews.az