Gənclik gələcəkdir

25 Aprel 2019 13:15 (UTC+04:00)

İntellektual səviyyəsi, geniş və əhatəli dünyagörüşü olan gənclər dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi üçün öz Vətənini dünya ölkələri arasında uğurla təmsil edirlər. Bu gün müasir Azərbaycan gəncliyinin də vətənpərvərlik ruhunun güclü olması qürur doğurur.

Heç kəsə sirr deyil ki, hazırda təhsilimizin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi müstəsna diqqət və qayğısının davamıdır.

Ulu öndər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə, insanın öz həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkmişdir. Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar yaradılır. Respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissini yüksəldir. Sevindirici haldır ki, bu da tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxarmaq və onlarda elmə həvəs və maraq oyatmasına bir stimuldur.

Ali təhsil ocaqlarında aparılan tərbiyə işi - milli-mənəvi əxlaqi dəyərlərə, eləcə də dünya mədəniyyətinin ənənələrinə, müasir həyatın dəyər və tələbatlar sisteminə uyğun istiqamətləndirilir. Bu məqsədlə tərbiyəyə yönəlmiş ictimai fəallıq, ünsiyyət və liderlik cəhətlərinin inkişaf etdirilməsi tələbə gənclərin həyat fəaliyyətinin dinamizmini və yaradıcı xarakterinin təşəkkülünü təmin edir. Gənclərin xalqımızın milli adət-ənənələrinin təbliği, qədim tarixi memarlığının dərindən mənimsənilməsi, milli bayram mərasimlərinin qorunub saxlanılması, milli musiqi zövqünün formalaşması məqsədilə tədbirlərin təşkili, gənc istedadların müsabiqələrə cəlb olunması böyük əhəmiyyət daşıyır.

Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yerlərdən birini tutur. Məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini layiqincə doğrulda bilirlər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin gəncləri də ölkəmizdə həyata keçirilən bütün daxili və beynəlxalq miqyaslı tədbirlərdə könüllü olaraq fəal iştirak edirlər. 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları idman yarışlarında, "Formula-1” Azərbaycan Qran-prisində tələbə gənclərimiz könüllülər cərgəsinin ilk sıralarında duraraq ölkəmizə gələn qonaqlara Azərbaycan gənclərinin yüksək mədəniyyətini, savadını və multikultural dəyərlərə böyük ehtiram göstərmələrini ən yüksək səviyyədə nümayiş etdirdilər.

Hazırda universitetimizdə gənclərə şəxsiyyətyönümlü tərbiyə və kollektiv fəaliyyətin formaları ilə uzlaşan özünütərbiyə mühitinin yaradılması, tələbələrə yüksək mənəvi keyfiyyətlər, vətənpərvərlik duyğuları aşılayan, dərsdənkənar asudə vaxtlarının səmərəli keçirilməsini təmin edən proqramların təşkili onların dünyagörüşünün zənginləşməsinə xidmət edir.

Ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı gənclərin hərtərəfli inkişafı ilə sıx əlaqədədir. Gənclik gələcəkdir və bu gələcəyin parlaq olması, ilk növbədə, gəncliyə diqqət və qayğının təməl daşını təşkil edir. Təbii ki, onlar xüsusilə diqqət və qayğıya ehtiyacı olan, gənc olmalarına rəğmən elm və təhsil sahəsində çalışaraq həyatlarını maariflənməyə, öyrənməyə, eləcə də maarifləndirməyə və öyrətməyə həsr edən, bilik və təcrübə qazanmağı öz həyat qayələrinə çevirən savadlı və vətənpərvər ruhlu gənc nəsildir. Elə bu səbəbdən gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sevindiricidir.

Ölkəmizin rəhbəri İlham Əliyevin biz gənclərə müraciəti zamanı dediyi kimi: "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir”.

İlahə Həsənova,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə-gənclər təşkilatının sədri