Xırdalanda 5 toyuğa görə qan töküldü...

25 Aprel 2019 15:08 (UTC+04:00)

Xırdalan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elşən Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

O, 18 noyabr 2017-ci ildə tanışı Oqtay Piriyevlə söhbət edib.

Oqtay Piriyev bildirib ki, qonşusu Aydın Quliyev onu həyətdən beş toyuğunu oğurlamaqda günahlandırır.

Elşən Sadıqov böhtan atdığına görə Aydın Quliyevlə birlikdə görüşüb, məsələyə aydınlıq gətirmək istəyib. Onlar Aydınla görüşmək barədə razılaşıblar. Daha sonra kafelərdən birində yeyib-içiblər. Həmin gün saat 20 radələrində içkili vəziyyətdə Aydın Quliyevin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evin qarşısına gəliblər.

Orada Aydın Quliyevi çağıraraq söhbət ediblər.

Elşən Sadıqov kənarda gözləyib, Oqtay Piriyev isə Aydın Quliyevlə danışıb.

Oqtayla Aydının söhbəti baş tutmayıb, mübahisə edərək bir-birilərinə əl-qol atmağa başlayıblar.

Səs-küy eşidərək evdən çıxan Osman Quliyev atasının dalaşdığını görüb, hadisə yerinə gəlib. O, məsələnin mahiyyətini bilmədən Elşən Sadıqova hücum edib.

Elşən Sadıqov onu vuracağından qorxub və hadisə yerindən götürdüyü bıçaqla Osman Quliyevi bıçaqla vurub.

Osman Quliyev vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elşən Sadıqovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Elşən Sadıqov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elşən Sadıqov apelyasiya şikayəti verib. O, əməlindən peşman olduğunu deyib.

Elşən Sadıqov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Elşən Sadıqovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Elşən Sadıqovun apelyasiya şikayəti qismən təmin olunub və onun cəzası 3 ilə endirilib.(teleqraf.com)

AzNews.az