Azərbaycanın gənc qarmon ifaçısı təzadlı polifoniyanın əsasını qoyub - Dünyada İLK

26 Aprel 2019 16:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qarmon ifaçısı Sübhan Köçərli qarmon alətində təzadlı polifoniyanın əsasını qoyub. İfaçı deyir ki, onun bu yeniliyi müəlliflik hüquqları tərəfindən qorunur:

“Rusiyadan Azərbaycana gətirilən qarmonlar üzərində ustadlarımız tərəfindən milli musiqimizə uyğun olaraq müəyyən təkmilləşdirmə işləri aparılıb. Bunlardan biri də qarmonun sol tərəfində yerləşən səslərlə bağlıdır. Sol tərəfdə yerləşən səslər eyniylə sağ tərəfdəki səslərin təkrarıdır. Səslərin məhz bu formada olması ifaçıya geniş imkanlar açır. Yəni ifaçıya sağ əldə ifa etdiyi melodiyaya sol əldə dəmkeşin funksiyasını yerinə yetirərək dəm saxlamaqla yanaşı, müxtəlif formalarda müşayiət imkanı da yaradır. Ustadlarımız bu imkanlardan istifadə edərək sağ əldə səsləndirdikləri melodiyanı sol əldə akkord vasitəsiylə müşayiət ediblər. Eyni zamanda, sağ əldə səsləndirdikləri melodiyanın sol əldə ikinci səslərini ifa ediblər. Lakin sol tərəfdə yerləşən səslərin imkanları ifaçıya daha dolğun, mürəkkəb və daha fərqli formada ifa etmək imkanı verir. Məhz Azərbaycan qarmonunun yuxarıda göstərdiyim bu imkanlarından istifadə edərək dinləyicilərə əsərlərin tam həcmdə sol əlin fərqli partiturada müşayiəti ilə ifasını təqdim edirəm”.

S.Köçərlinin sözlərinə görə, bu cür ifaların bir neçəsi Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi tərəfindən lentə alınıb:

“Bunlarla bərabər, sol tərəfdə yerləşən səslərin imkanlarından istifadə etməklə ilk dəfə olaraq iki tam fərqli musiqi əsərinin eyni anda ifasını həyata keçirtmişəm (təzadlı polifoniya). Məsələn, sağ əldə “Libertango”, sol əldə isə “Happy Birthday to you”. Əgər digər ifalarda sol əl sağ əldə səslənən melodiyanı müşayiət edirdisə, artıq burada sol əl müşayiətdə deyil, sərbəst (ayrıca musiqi əsəri ifa edir) çıxış edir. Yeri gəlmişkən, tərəfimdən həyata keçirilmiş Təzadlı Polifoniya bütün dünyada qarmon və qarmon ailəsinə aid olan alətlər arasında bir ilk olduğuna görə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən müəlliflik hüquqları qorunur”.

İfaçı vurğuladı ki, bütün bunlar Azərbaycan qarmonunun böyük uğurudur və bu uğura səbəb isə Azərbaycan qarmonunda sol tərəfdə yerləşən səslərin məhz bu formada (sağ tərəfdə yerləşən səslərin eyni ilə təkrarı) olmasıdır.

Musiqini buradan dinləyə bilərsiniz:

AzNews.az