ARDNF-nin aktivləri ilk dəfə 40 milyard dolları ötdü

26 Aprel 2019 16:16 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ARDNF-nin tarixində ilk dəfə olaraq 40 mlrd. ABŞ dolları həcmini keçib.

Fonddan verilən məlumata görə, 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln.ABŞ dolları) nisbətən 4,56% artaraq 40 273,3 mln. ABŞ dollarına bərabər olub.

Bildirilib ki, aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.

2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 960,7 mln. manat, büdcə xərcləri isə 2 640,7 mln. manat təşkil edib.

2019-cu ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605,0 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 833,5 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, tranzit gəlirləri 5,1 mln. manat təşkil edib.

Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615,0 mln.manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 mln. manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 332 mln. manat təşkil edib.

AzNews.az