Zelenski Rusiya ilə bir araya gəlməsə... - Fikrət Sadıxovla "Yaxın Plan"da

26 Aprel 2019 22:32 (UTC+04:00)

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxovdur.

- Fikrət bəy, bildiyiniz kimi Moskva Ukraynanın şərqində, rus tərəfdarlarının nəzarəti altındakı bölgələrdə yaşayanların Rusiya vətəndaşlığına keçməsini asanlaşdıran qərarnaməni təsdiq etmək üçün BMT-nin Təhlükəsizlik Şurasına təqdim edib. Necə düşünürsünüz, bu, Donbasın Ukraynadan ayrılması ilə nəticələnə bilərmi?

- Əsas problem Ukrayna və Rusiya arasındakı münasibətlərdir. Rusiyanın Donbas vətəndaşlarına qarşı olan bu addımı əslində Ukraynaya qarşıdır. Onların gərgin münasibətlərinin nəticəsidir. Əlbəttə bu gərginlik bundan sonra daha da güclənəcək və Ukrayna prezidenti məcbur olub hər hansı bir addım atacaq. Beynəlxalq strukturlara müraciət edə bilər, çünki əslində bu, onların arasında imzalanan Minsk Sazişinə zidd hərəkətdir. Onlar Donbası açıq şəkildə özlərinə yaxınlaşdırmaq məqsədi ilə pasportlaşma məsələsini qaldırıblar. Bu açıq şəkildə Minsk Razılaşmasına zərbədir.

- Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl Cənubi Osetiya və Abxaziyada da belə bir hal yaşanmışdı. Həmin bölgədə yaşayanlar da rus rublundan istifadə etməyə başladılar. Nəticəsi isə göz qabağındadır...

- Elədir. Orada Abxaziya, Cənubi Osetiya vətəndaşlarına rus pasportları verilmişdi. Moskva isə bunu bəhanə edib öz qoşunlarını Gürcüstan ərazisinə yeridəndə rus vətəndaşlarını müdafiə etdiklərini bəyan etmişdilər. Amma əslində bu açıq şəkildə separatçılıq və separatçılığa dəstək vermək, Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan ayırmaq idi. Hələlik Rusiyanın Donbası özünə birləşdirmək məqsədini daşıyb daşımadığını deyə bilmərəm. Təbii ki, istisna etmək olmaz. Çünki Ukrayna-Rusiya münasibətləri nə qədər gərgin olsa və bundan sonra da gərginləşsə, Rusiya hər an bunu bəhanə edib öz vətəndaşlarını müdafiə etmək məqsədilə hər şey edə bilər. Krım hadisələri də bunun sübutudur.

- Bəs, nəyə görə çox saylı sanksiyalara baxmayaraq Rusiya qonşu ölkələrdən torpaq ələ keçirmək iddiasından əl çəkmir?

- Çünki Rusiya hazırda Sovet İttifaqının dağılmasına heyfsilənir. Rusiyada indi belə bir ab-hava var ki, guya onlar Qorbaçov dövründə Sovet İttifaqını zəiflədib, sonra dağıdıblar. Düşünürlər ki, sovet məkanında yaşayan əhali əziyyət çəkir, rus dilindən məhrum olub və onların müdafiəyə ehtiyacı var. Eyni zamanda əlbəttə ki, bu Rusiyanın təsir rıçaqlarıdır. Çünki bu, separatçı rejimlərin vasitəsilə əsas respublikalara, onların həm daxili, həm xarici siyasətinə təzyiqdir. Misal üçün, Qərblə yaxınlaşmaq məqsədi daşıyan respublika artıq Rusiya amilindən çəkinir və başa düşür ki, təhlükəli ola bilər. Bu da Moskvanın məqsədlərindən biridir.

- Sizcə, yeni seçilən Vladimir Zelenskinin, ümumiyyətlə Ukrayna elitasının Moskvaya cavabı necə olacaq?

- Bilirsiniz, Zelenski yeni fiqurdur və onun seçki kampaniyası dövründə müxtəlif ziddiyətli bəyanatları oldu. Əlbəttə, Zelenski çalışacaq ki, Poroşenkonun səhvlərini təkrar etməsin. Çünki Poroşenkonun Rusiya ilə münasibətlərində səhvi çox olub. Görünür, Zelenski Rusiya ilə bir araya gəlməsə də, münasibətləri bir az da yaxınlaşdırmağa çalışacaq. Çünki o, başa düşür ki, əgər bunu etməsə, Rusiyadan daha böyük təhlükə yarana bilər. Hər halda onun hələ prezident kimi addımları bəlli deyil. Onun ilk addımları bir çox məsələlərə aydınlıq gətirəcək. Ona görə də hələlik ciddi proqnoz vermək tezdir. Bunu yaxın zaman mütləq göstərəcək.

- Rəsmi Vaşinqton nəyə görə Moskvanın "üstüörtülü" planlarının qarşısını ala bilmir? Ola bilərmi ki, Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyü onları maraqlandırmasın?

- Bu, onları çox maraqlandırır. Onlar da istəyir ki, burda təsir gücünü artırsın. Sadəcə olaraq ABŞ Rusiya ilə onsuz da gərgin olan münasibətlərini düşmənçiliyə çevirmək istəmir. Onlar həm Rusiyanı qıcıqlandırmağın düzgün addım olmadığını, həm də təsir dairəsinin aparıcı ölkələr arasında bölündüyünü başa düşürlər. Açıq etiraf etməsələr də başa düşürlər. Latın Amerikası, Postsovet məkanı, Yaxın Şərqdə baş verən hadisələr də bunu göstərir. Rusiya ilə ABŞ-ın üzdə olan qarşıdurması pərdə arxasında təsir dairəsini bölüşdürməkdir. Fikir verin, onlar faktiki olaraq Suriyada bir mövqedən çıxış etdilər. Terrorçulara qarşı mübarizə şüarı altında sferaları öz təsir dairələrinə aldılar. Əslində isə görünür onlar qarşıdurmanın pik nöqtəyə çatmamasına çalışırlar. Çünki hər iki ölkə nüvə silahına malikdir. Hər iki ölkə BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Gürcüstana söz verirlər ki, onlar NATO-ya qəbul olacaqlar. Amma sözün düzü, mən buna inanmıram. Çünki artıq Rusiya da bəyan edib ki, buna imkan verməyəcək. Qarşıda böyük qarşıdurma baş tuta bilər. Mənə elə gəlir ki, Postsovet məkanında da faktiki olaraq gizli əhatə dairəsi məsələsi bölgüsü aparılır. Yəni bura mənim əhatə dairəmdir, o tərəf səninkidir və s. Eyni zamanda Yaxın Şərqdə və digər regionlarda da bu, baş verir. Təəssüflər olsun ki, bundan da biz əziyyət çəkirik. Separatçılıq baş alıb gedir və bunun qarşısını almaq olar. Sadəcə olaraq istəmirlər. Burada subyektiv və obyektiv səbəblər var.

- Tramp son çıxışlarının birində bildirib ki, hər ölkə öz problemini özü həll etməlidir. Belə çıxır ki, bayaq adı çəkilən ölkələr gözlərini umduqları Ağ Evdən çəkməlidirlər?

- Görürsünüz, Qərb ölkələri arasında da müəyyən ziddiyət, fikir ayrılıqları var. Biri daha sərt, digəri nisbətən yumşaq mövqedədir. Faktiki olaraq onlar bu məsələni bizim boynumuza atırlarsa, düzgün etmirlər. Onlar sadəcə bizi təhlükə altına atırlar. Çünki çox yaxşı başa düşürlər ki, kim bu məsələyə sahiblik edir, kim aranı qızışdırır və hansı dövlətin maraqları burda öz əksini tapır. Amma təbii ki, ilk növbədə öz maraqları çərçivəsində hərəkət edirlər. Onlar yaxşı dərk edirlər ki, biz özümüz belə məsələləri həll edə bilməyəcəyik. Əgər bu bəyanat səmimidirsə, onda onlar çəkilsin, bura təsir etməsin, müdaxilə etməsin. Görürsünüz, 2016-cı ildə aprel hadisələri başlananda dərhal aparıcı dövlətlər ayağa qalxdı ki, bunlar dayandırılsın. Niyə? Biz əgər öz torpaqlarımızı azad ediriksə, bizi niyə dayandırmalıdırlar? Bu ikili yanaşmalar səmimiliyin olmaması, ziddiyətli hərəkətlər belə vəziyyətə gətirib çıxarır.

Pərvanə Ağazadə

AzNews.az