Yarımçıq adam…

26 Aprel 2019 16:20 (UTC+04:00)

Hazırda Aslan İsmayılovun hansı statusda olduğunu düşünəndə adamın ağlına gəlməyən peşə qalmır.

Addımbaşı “mən hüquqşünasam” deyən İsmayılov artıq siyasətlə məşğul olduğunun, yaratmaq istədiyi müstəqil adam imicini puç etdiyinin, Əli Kərimli kimi müxalifətçilərlə bir çərgəyə yuvarlandığının fərqinə varmır.

Müxtəlif obrazda görünən İsmayılov hər addımda hakimiyyətə qarşı qəzəb püskürməklə məşğuldur. Adamın qəzəbi soyumur... İstənilən məsələdəki naqisliyi hakimiyyətdə, onun ayrı-ayrı təmsilçilərində axtarmağa çalışır.

Əslində İsmayılovun vətəndaş kimi fəallığını, cəmiyyətdəki müəyyən çatışmazlıqlara qarşı mübarizəsini müsbət qiymətləndirmək olardı. O zaman ki, bu fəallığın arxasında kin, qəzəb, siyasət, görünməyən adamların hənirtisi hiss olunmayaydı. Lakin hər şey göz önündədir. İsmayılov özü də bilmədən hakimiyyətə qarşı xoşagəlməz metodlarla mübarizə aparanların cərgəsinə keçıb, beləliklə müstəqil adam imicini də tamamilə xərcləyib qurtarıb...

O, illər öncə prezident İlham Əliyevin qəbuluna çağrılması ilə bir anda daha da məşhurlaşmışdı. Bu görüşdən öz piarı üçün yetərincə yararlandı, sonrakı dönəmdə isə eyforiyaya qapıldı. Ona uzadılan əlin gətirdiyi məşhurluqdan yanlış şəkildə istifadə etməyə çalışdı. Hakimiyyətdə kimdən xoşu gəlmirsə ona qarşı kampaniya aparmağa başladı. Bəlkə də hansısa naməlum qüvvənin, bilinməyən adamların dirijor çubuğu ilə... Və tədricən indiki qiyafədə-ərköyün, qərəzli siyasətçi qiyafəsində aktiv ortaya düşdü.

İsmayılovun ərköyünlüyü elə bir həddə gəlib çatıb ki, püskürdüyü qəzəbin müqabilində hansısa jurnalist onun əleyhinə yazı yazanda belə, öz sosial şəbəkə səhifələrində mətbu imzalara qarşı da mübarizə aparır. Alternativ fikrə dözümlülük bu adama tamamilə yaddır. Hamı çirkaba batıb, bircə İsmayılovdan başqa... Hardasa çəkiliş aparılanda ona yaxınlaşan məsul işçini “Mən Aslan İsmayılovam” deyərək, aşağılamağa başlayır. İnsanlara bu cür həqarətlə, yekəxana yanaşmaq nəyin əlamətidir?!

Qarşıdakı da harada işləməyindən asılı olmayaraq Azərbaycan vətəndaşıdır. Kimin daha çox çirkaba batması isə başqa söhbətin mövzusudur...

Adam ictimai şəxs kimi ciddiyyətini itirib. Sosial şəbəkədə etdiyi müraciətlərdə ayrı-ayrı adamların ona etdikləri zəngləri belə ictimailəşdirməklə, guya sensasiya yaradır. Bununla öz aləmində hakimiyyət təmsilçiləri arasında konflikt yaradacağını güman edir. Bütün fəaliyyət qızışdırıcı xətt üzərində qurulub. Bu o xətdir ki, indi bunu Əli Kərimli və onun sosial şəbəkələrdəki tərəfdarları edir.

Açığı, bu adamlar arasında indi ciddi fərq yoxdur. İkisi də aşağı-yuxarı təxminən eyni mövzularda sosial şəbəkələrdə vurnuxurlar. Görünən fərq odur ki, İsmayılov özünə müstəqil hüquqşunas adı qoyub, Kərimli isə partiya sədri... Amma ikisinin də məqsədi və amalı birdir. Cəmiyyəti ayrı-ayrı məsələlər ətrafında qızışdırmaq, siyasi xal toplamaq...

İçərişəhərlə bağlı başlanan hay-küy də bunu bir daha sübut edir. İsmayılovun başlatdığı kampaniya insanların diqqətini bir anda həmin əraziyə yönəltdi. Çünki mövzu çox həssas idi. Söhbət tarixiliyin, qədimliyin sübutu olan İçərişəhərin qala divarlarının sökülməsindən gedirdi...

Fəqət bu hadisə də gündə bir mövzu taparaq, hakimiyyətə qarşı yönəltmək səylərinin tərkib hissəsidir, əsəblər yersiz tarıma çəkilib, təəssüf ki belə bir mənzərə ilə üz-üzəyik.

Bəlli oldu ki, İçərişəhərdə mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlüyünün təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Qoşa qala qapısı yaxınlığında XVII əsrə aid olan köhnə hamam hazırda restavrasiya edilir. Qala qapısının yaxınlığında yerləşən qala divarının önündə köhnə restoranlar sökülərək, əvəzində yenilərini tikmək üçün bir platforma hazırlanıb. Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin. Bəzi ittihamların olmasına baxmayaraq burada divara müdaxilə olunmayıb və s...

Beləliklə, yaradılan ajiotajın və onun müəllifinin məqsədinin cəmiyyəti qızışdırmaq olmasını düşünməkdən başqa versiya qalmır. Ola bilsin ki, İsmayılov, həqiqətən də hər birimiz kimi İşərişəhəri sevir və onun bu yanğısına alqış düşür. Amma İsmayılov soyumayan qəzəbini, kinini, müxtəlif məsələlər üzərindən bilərəkdən, ya bilməyərəkdən davam etdirirsə, bu, çox qüsurlu, bağışlanmaz bir hərəkətdir.

Sosial şəbəkələrdə dəstək qazanmaq üçün ağı qara kimi cəmiyyətə sırımağın sonu yoxdur. Bu, sadəcə sabun köpüyüdür...

Elman Babayev