"Williams” komandasına dəymiş ziyanı sığorta şirkəti ödəyə bilər - Nigar Arpadarai

27 Aprel 2019 14:59 (UTC+04:00)

Bu gün Formula 1 Socar Azərbaycan Qran-Prisinin ikinci günündə Bakı Şəhər Halqası əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və idman obyektləri üzrə direktoru Tom Buçer keçirilən brifinqdə jurnalistlərə ötən gün sərbəst yürüşlər zamanı bolidin drenaj lyukuna ilişməsi ilə bağlı hadisəyə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, Nigar Arpadarai buna bənzər hadisələrə Formula 1-də keçirilən digər yarışlarda da rast gəlindiyini bildirib:

"Biz treki hazır vəziyyətə gətirib Beynəlxalq Avtomobil Federasiyasına (FİA) təhvil veririk. FİA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarış keçirilir. Onun icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz".

Bununla yanaşı, Nigar Arpadarai bildirib ki, əgər "Williams" komandası dəymiş ziyanla bağlı "Bakı Şəhər Halqası"na müraciət etsə, bunu şirkətin uzun illər əməkdaşlıq etdiyi sığorta şirkətləri öz üzərinə götürəcək.

"Təkcə bu gecə ərzində dünya mətbuatında Formula 1 Socar Azərbaycan Qran-Prisi və Bakı barədə 5 minə yaxın məqalə dərc olunub. Bu, Bakıda keçirilən yarışlara çox böyük maraq olduğunun bariz nümunəsidir".

Tom Buçer isə trekin asfalt keyfiyyətində heç bir problem olmadığını və FİA-nın bununla bağlı heç bir irad bildirmədiyini deyib.

Fəridə Abdulla

AzNews.az