BSU-da türk gənclərinin bayramı qeyd olunub - FOTO

26 Aprel 2019 13:30 (UTC+04:00)
Bakı Slavyan Universitetində (BSU) Türkiyənin Azərbaycandakı səfirliyi, bu ali məktəbin Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin və BSU nəzdində məktəb-lisey kompleksinin təşkilatçılığı ilə qardaş ölkənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı "Uşaq ədəbiyyatına səyahət" adlı tədbir keçirilib. Əvvəlcə tədbirdə ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib. BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qardaş ölkə ilə birlikdə qeyd olunan bayramların Azərbaycan-Türkiyə münasibətlərinə yeni töhfələr verəcəyini söyləyib, uşaqları bayram münasibətilə təbrik edib. Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi çıxışında Mustafa Kamal Atatürk tərəfindən uşaqlara ərməğan edilən Milli Suverenlik və Uşaq Bayramı Gününün mahiyyətindən danışıb. O, tədbirin Çanaqqala zəfərinin 104-cü ildönümü ilə eyni günə təsadüf etdiyini xatırladaraq şanlı zəfərin tarixindən söz açıb. İ.Çiftçi Çanaqqala zəfərini təkcə türk dünyasının deyil, bütün dünya xalqlarının tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Çanaqqala və Qarabağ müharibələrində həlak olan şəhidlərin xatirəsini qürur hissi ilə yad edib. Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin müdiri Ziyafət Qasımova maarifləndirici xarakter daşıyan tədbirin uşaqların kitablara marağının artırılması məqsədilə keçirildiyini diqqətə çatdırıb, bayram münasibətilə uşaqları təbrik edib. Tədbir çərçivəsində Türkiyənin tanınmış uşaq yazarı Fatma Yangın Ekşioğlunun Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə azərbaycanlı uşaqlara müraciətlə çəkdiyi təbrik videosu nümayiş olunub. Azərbaycanın uşaq yazarı Reyhan Yusifqızı bayram ərəfəsində Türkiyədə dövlət idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsindən söz açıb. Reyhan Yusifqızı bu ənənənin uşaqların gələcəkdə müxtəlif vəzifələrə yiyələnməsinə stimul verəcəyini deyib, çoxlu mütaliə etməyin uşaqların intellekt səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərdiyini vurğulayıb. Sonra tədbir bədii hissə ilə davam edib. BSU nəzdində məktəb-lisey kompleksinin və Bakı Türk Anadolu liseyinin şagirdləri tərəfindən mahnı və şeirlər səsləndirilib, səhnəciklər təqdim olunub. BSU nəzdində məktəb-lisey kompleksinin, Bakı Türk Anadolu liseyinin və 164 saylı məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. AzNews.az