“Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi

29 Aprel 2019 20:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu və Türkiyənin Özyeğin Universitetinin Hüquq Fakültəsinin birgə təşkilatçılığı ilə “Hüquqi məsuliyyət” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Konfrans zalında baş tutan tədbirin ilk hissəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələrək, Əhməd bəyin əziz xatirəsinə həsr edilmişdi. Belə ki, İnstitutun Elmi işlər üzrə drektor müavini, h.e.d. professor N.H.Cəfərli Ə.Ağaoğlunun həyat və yaradıcılığına tarixi nəzər yetirib, onun Türkiyə və Azərbaycanın taleyüklü məsələlərinin həllində müstəsna xidmətlərindən geniş şəkildə bəhs edib. Bu da öz növbəsində Azərbaycan-Türkiyə dostluq və qardaşlığının bariz nümunələrindən biri, gələcək nəsillərə aşılanacaq həyat nümunəsidir.

Konfrans hüququn müxtəlif sahələri üzrə tətbiq olunan məsuliyyətə həsr edilib.

Tədbiri giriş nitqi ilə açan AMEA Hüquq və İnsan Haqları İnstitunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə hüquq sisteminin müxtəlif sahələri üzrə hüquqi məsuliyyət və eləcə də ölkəmizdə və beynəlxalq aləmdə aktual sahələri olan süni intellekt və tibb hüququ, bu sahə üzrə mövcud problemləri tənzimləyən qanunvericilik aktları, cinayət, mülki məsuliyyət barədə geniş məlumat verib.

Konfransda Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov çıxış edərək vəkillərin hüquq sistemində zəruri rolundan, hüquqların müdafiəsi istiqamətində görülmüş işlərdən, hüquqi məsuliyyətin tətbiqi zərurəti barədə tədbir iştirakçılarını məlumatlandırıb, daha sonra isə vəkillərin peşə məsuliyyəti mövzusunda mühazirə ilə çıxış edib.

Bundan əlavə, tədbirdə Vəkillərin İntizam Komissiyasının sədr müavini İlhamə Həsənovanın "inzibati məsuliyyət" mövzusunda çıxışı dinlənilib

Daha sonra, Türkiyə Respublikası Özyeğin Universiteti Hüquq Fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Yener Ünver isə Türkiyə Respublikasında mövcud hüquqi məsuliyyətdən danışıb. Digər konfrans iştirakçıları isə təşkil olunmuş seksiyalara müvafiq olaraq hüquqi məsuliyyətlə bağlı müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər. Təşkil edilmiş konfransda iki ölkənin hüquq sistemində hüquqi məsuliyyətlə bağlı bir sıra məsələlər müzakirə olunmuş və təkliflər verilib.

AzNews.az