Yaponiya imperatoru taxt-tacdan imtina etdi - Yenilənib

30 Aprel 2019 12:39 (UTC+04:00)

Yaponiyanın Baş Naziri Şinzo Abe imperator Akihitonun taxt-tacdan imtina etdiyini rəsmi olaraq açıqlayıb.

“Teletrader” xəbər verir ki, hökumət başçısı “əlahəzrət xüsusi qanunun müddəalarına müvafiq olaraq bu gün taxt-tacdan imtina edir” deyərək Akihitoya və imperatriça Miçikoya Yaponiya xalqı adından təşəkkürlərini çatdırıb.

Akihito səhər saatlarında müvafiq mərasimləri yerinə yetirərək İkinci Dünya müharibəsindən sonrakı ağrılı illərin ardından başlamış 30 illik Heisei dövrünün başa çatmasını ifadə edib. Akihitonun taxtdan getməsi son iki əsrdə ilk bu cür addımdır.

Eyni zamanda yeni imperator Naruhitonun çərşənbə günü taxt-taca çıxması da Reiva adlı yeni dövrün başlanmasını müjdələyəcək.

***
09:00

Yaponiya imperatoru Akihito bu gün könüllü şəkildə taxtını tərk edəcək

TASS xəbər verir ki, imperator taxtı böyük oğluna, varis şahzadə Naruhitoya verəcək.

Bununla əlaqədar olaraq hökmdarın Tokionun mərkəzindəki sarayında unikal – dini və dünyəvi mərasimlər keçiriləcək.

Günün birinci yarısında 85 yaşlı Akihito saray kompleksi ərazisində yerləşdirilmiş, ölkənin əvvəlki imperatorlarına həsr edilmiş məbədə baş çəkəcək.

2017-ci ilin dekabrında imperator ailəsi işlərinə dair komissiya 85 yaşlı Akihitonun aprelin 30-da taxt-tacdan çəkiləcəyini, mayın 1-də isə 59 yaşlı şahzadə Naruhitonun da taxt-taca qalxacağı barədə qərar vermişdi. Yeni imperatorun taxta çıxmasına bir ay qalmış hökumət yeni dövrün adını bəyan edəcək. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.(report.az)

AzNews.az