Nizami rayonunda “Nəsimi ili” çərçivəsində tədbir keçirilib - FOTOLAR

30 Aprel 2019 11:44 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli Sərəncamlarının icrası istiqamətində Nizami rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə mədəni-kütləvi tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də 29 aprel 2019-cu il tarixində Nizami Rayon 190 nömrəli körpələr evi – uşaq bağçasında “Zərrə mənəm, günəş mənəm...” mövzusunda keçirilib.

Nizami Rayon 190 nömrəli körpələr evi – uşaq bağçasından AzNews.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova, 190 saylı uşaq bağçasının müdiri Nazilə Dəmirova, 59 nömrəli körpələr evi – uşaq bağçasının müdiri Rəna Süleymanova və rayon ağsaqqalı Zaməddin Əkbərov çıxış ediblər. Bildirilib ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. Vurğulanıb ki, əlli il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi qeyd olunub. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradılıb. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer alıb, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldılıb. Bu il isə respublikamızın bütün bölgələrində İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd olunur.

Tədbirdə bağça kollektivinin ədəbi-bədii kompozisiyası təqdim edilib.

Sonda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sərgiyə baxış olub, ağaclar əkilib və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirin ssenaristi həmin bağçanın tərbiyəçisi Firəngiz Mürsəlzadədir.

AzNews.az

AzNews.az