Xəzərin ekologiyasına İrandan sarsıdıcı zərbə

2 May 2019 11:51 (UTC+04:00)

Tehran hakimiyyəti ölkədə aqrar sektorun inkişafı istiqamətində bir sıra iri layihələri həyata keçirmək üçün Xəzər dənizinin suyunun yeni yaradılan kanallar vasitəsilə bu sahədəki mövcud problemlərin həllinə ümid edir. Ona görə də, Xəzər dənizinin duzlu suyunun təmizlənərək kənd təsərrüfatının inkişafına sərf etməyi planlaşdırıb. Xəzər dənizinin suyunun sayəsində aqrar sektora marağın artmasının digər səbəbi isə, Yaxın Şərq və Orta Asiya ölkələrinin kənd təsərrüfatı mallarına olan ehtiyacını nəzərə alaraq bu yöndə aparıcı gücə çevrilmək başlıca hədəflərdən biridir. Suriya, İraq, Livan, Liviya, Yəmən, Oman, Sudan, Misir və digər ölkələrdə son illərdə yaşanılan daxili etnik, dini, təriqət və məzhəb çəkişmələrinin sayəsində bu ölkələrin çoxunda aqrar sektor çökmüş durumdadır.

Hazırda həmin ölkələrdə kənd təsərrüfatı məhsullarına olan ehtiyacın çoxunu Türkiyəyə məxsus şirkətlər təmin edirlər. “

“Pilot proyektlər”in arxasında nə durur?

İranın enerji siyasəti məsələlərini araşdıran “Eghtesad” qurumunun açıqlamasına görə Xəzər dənizinin su ehtiyatları üzrə xüsusi dövlət proqramı hazırlanıbdır. Proqramın şərti adı belədir: “Caspian Sea Water Transfer Awaiting Pilot Project Result”. Yəni pilot layihə statusu ilə gözlənilən nəticələrlə birlikdə uğurlar əldə etmək. Bu ilin aprel ayından etibarən Xəzər dənizinin sahil bölgələrini əhatə edən Gilan və Mazəndaran əyalətlərinin Ənzəli, Sarı, Rəşt, Lahican, Tonekabon, Ləngər, Babloser, Neka, Nouşəhr, Behşəhr, Bəndər Türkmən, Amol,Güşüman, Ağ Qala və Gürgan rayonları boyunca kanallar yaradılıb. Bu layihələrin maliyyələşdirilməsi üçün Enerji Nazirliyi ölkə parlamentinə tələb olunan büdcə ilə bağlı sənədlər təqdim edib. Enerji naziri Rza Ərdəkanyan son açıqlamasında bildirib ki: “İranın boz səhra çölləri tamamilə susuzdur. Oralarda min illərdir əkinçilik yox kimidir. Halbuki ölkənin şimal şərqində su ehtiyatlarının imkanı yetərincədir. Bu, Xəzər dənizinin su ehtiyatlarıdır. Belə bir layihəmizi həm də “Ərəb Körfəz”nin İrana aid olan su hövzəsində də həyata keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, artıq Xəzər dənizinin suyu Mazəndarana və oradan Səmnan bölgəsinə çəkilmiş 200 km-lik su kanalı vasitəsilə axıdılmasına başlanılıb. Səmnan rezervuarlar idarəsinin açıqlamasına görə ildə 100 milyon kub metr Xəzər dənizinin suyunu burada duzlardan təmizləyərək səhralarda yaradılacaq əkin sahələrinə ötürüləcəkdir.

Tərəfdarlar və əleyhdarlar arasında yaşanılan gərginlik

Mazəndaran vilayətini ölkə parlamentində təmsil edən deputatlar belə bir proyektə qarşı sərt təpki göstərirlər. Onlar bildirirlər ki, Xəzərin suyunu səhralara kanallar vasitəsi ilə çəkmək heç bir uğur gətirməyəcək. Ona görə ki, səhralardakı torpaqlar əkinə yararlı deyil. Xəzərin suyunun kanallar vasitəsilə çəkilməsi problem yaratmasa da, səhralarda torpaq sahələri üçün əlavə ekoloji problemlərə səbəb olacaq. Çünki qumsallıq ərazilər torpağın münbitləşməsi üçün ekoloji baxımdan heç bir mənfəət verə bilməz. Torpağın şoranlaşması yerli əkinə yararlı sahələri sıradan çıxaracaq. Vilayətin ekoloqları da bu məsələdə səfərbər olunaraq, bir sıra araşdırmalar aparıblar. Onların hesabatlarında qeyd olunur ki, ekoloji normalara əməl etmək hökumətin başlıca vəzifəsidir. Xəzərin suyunu “meqaproyektlər”ə cəlb etməklə aqrar sektorun inkişafına yönləndirilməsi heç bir uğura gətirib çıxarmayacaq. İran parlamentində ətraf mühitin mühafizəsi departamentinin sədri İsa Kələntəri əvvəllər bu proyektin təsdiqi üçün lobbiçilik etsə də, sonradan fikrini dəyişməli olub. O da bəllidir ki, bu proyektin tərəfdarlarının 90 faizi iddia edir ki, onsuz da Xəzərin su hövzəsinə heç bir zərər gəlməyəcək. Çünki, Xəzər dənizinin şimal hövzəsində Rusiyanın iri çayları hər il tələb olunan su ehtiyacı təbii yolla təmin edirlər. Digər yandan Xəzərin duzlu suyunu təmizləməklə, həm də duz istehsalını da gücləndirmək mümkündür.

Xəzər dənizinə gözlənilən qəsdin hədəfləri

Peşəkar ekoloqların fikrincə, İran hökuməti Xəzər dənizi ilə bağlı həyata keçirmək istədiyi bu layihələrin heç bir perspektivi yoxdur. Urmu gölü ilə bağlı son illərdə yaranan böhran bir daha özünü göstərəcəkdir. Urmu gölü dünyanın ən duzlu su hövzəsi sayılırdı. Gölün süni şəkildə qurudulması siyasətinin nəticəsində Cənubi Azərbaycana, Türkiyəyə və Azərbaycan Respublikasına qarşı ekoloji təhlükələr yarana bilərdi. Ona görə ki, Urmu gölünün qurudulmuş ərazilərindəki duz tozları küləklər vasitəsilə adı çəkilən coğrafiyada fauna və floranın tamamilə sıradan çıxması ilə yanaşı, meşə zolaqlarının, tarlaların və əkin sahələrinin məhvinə səbəb olmuşdu. Urmu vilayətinin fəalları, vətəndaş cəmiyyəti təşkilatları, eləcə də Avropada yaşayan azərbaycanlı fəallar Urmu gölünün ətrafında yaranmış ekoloji böhranla bağlı 15 ildən çox mübarizə apardılar. Nəticədə BMT, Avropa Şurası və Avropa İttifaqı bu barədə beynəlxalq təşkilatların, çoxsaylı etiraz aksiyalarını nəzərə alaraq və xüsusilə ekoloqların hazırladıqları rəyləri müdafiə etdikdən sonra, İran hökuməti müəyyən zəruri addımları atdı.

Ekoloqlar onu da qeyd edirlər ki, Xəzər dənizinin suyunun kanallar vasitəsilə başqa bir bölgəyə axıdılması sahillərin daralmasına gətirib çıxaracaq. Dənizin dibi isə tamamilə duz çöküntülərindən ibarətdir. Xəzər dənizi hövzəsi daim küləkli məkan olduğunan görə sabah dənizin qurudulmuş ərazisindəki duz tozları Orta Asiyada və Cənubi Qafqazda, yəni Azərbaycan Respublikasında sahil ərazilərinin yeni bir ekoloji fəlakətlə üz-üzə qalması deməkdir.

Ə. Yusifoğlu