“Forumun təşkili, Bakıda keçirilməsi, Azərbaycana etimadın nümunəsidir. Bu gün bütün çıxışçılar tərəfindən bu prosesə böyük qiymət verilməsi bizim düzgün yolda olduğumuzu göstərir”.
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə olan bu fikrilər Milli Məclisin deputatı Jalə Əliyevaya məxsusdur. O, AzNews.az-a açıqlamasında bildirdi ki, hazırda o da forumda iştirak edir və forum işini uğurla davam etdirir:
“İlk olaraq, bu tədbirin təəssüratı barədə danışmaq istərdim. Çox möhtəşəm bir tədbirdir. Həm forumun təşkili, həm iştirakçılar, həm də çıxışçıların münasibətləri, sırf ölkəmizlə bağlı dilə gətirilən fikirlər baxımından olduqca maraqlıdır. Bir sözlə, bu, bütün parametrləri ilə ölkəmizin nüfuzunu artıran bir tədbirdir”.
J.Əliyeva vurğuladı ki, Prezident İlham Əliyev çox dəyərli və tarixi çıxış etdi. Bütün dünyada sivilizasiyalara, dialoqa mane olan, əngəl törədən problemləri bir daha qabartdı. Həmçinin, bu problemlərin ayrılmaz parçası olan və 30 ilə yaxındır ki, həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini irəli sürdü və bir daha bizim haqlı mövqeyimizi bütün dünyanın diqqətinə çatdırdı:
Deputatın sözlərinə görə, İSESCO-nun baş katibinin çıxışı da böyük alqışlarla qarşılandı. Onun çıxışında bu gün bütün dünyanı ağuşuna alan ədalətsiz münaqişələrdən təəssüflər olsun ki, daha çox zərbə görən uşaqlar olduğu qabardıldı:
“Eyni zamanda, forumda çox yüksək səviyyəli bir videoçarx təqdim olundu. Miqrasiyanın ilk beşiyindən, dünyanın ilk tarixindən başlayaraq bu günə qədər dünya insanını məhvə sürükləyən münaqişələr və lazımsız mübahisələrlə bağlı çox maraqlı bir çarx idi. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin sifarişi və rəhbərliyi ilə hazırlanıb”.
“Ümumiyyətlə, Forumun təşkili, Bakıda keçirilməsi, əlbəttə ki, Azərbaycana olan etibarın, etimadın bir nümunəsidir. Bir il bundan əvvəl start götürən Bakı prosesinin təşəbbüskarı da məhz cənab Prezident İlham Əliyev idi. Onun da öz işini müvəffəqiyyətlə davam etdirməsi və bu gün bütün çıxışçılar tərəfindən prosesə böyük qiymət verilməsi bizim düzgün yolda olduğumuzu göstərir. Odur ki, həm forumun işinə, həm də ölkə prezidentimizə uğurlu fəaliyyətinin davamını arzu edirəm” - deyə, J.Əliyeva əlavə etdi.
Elgün Mənsimov
AzNews.az