Əgər qadın xoşbəxt deyilsə... - Məşhur aktrisa

2 May 2019 14:02 (UTC+04:00)

Məşhur aktrisa Çimnaz Soltanova AzNews.az-a müsahibə verib.

- Çimnaz xanım, İnstagramda sosial şəbəkə izləyiciniz çoxdur. İzləyici sayınız həqiqidir?

- Əlbəttə.

- İnstagramda sıradan bir fotonuz belə xəbərə çevrilir, stiliniz, geyim tərziniz müzakirələrə səbəb olur.

- Bəli (gülür). Amma bunu bilə-bilə etmirəm. Ümumiyyətlə, mən həyatımdan zövq alıram. Heç kimə heç nəyi sübut etmirəm. Zövq almaq üçün yaşayıram və kiminsə haqqımda nə deməsi önəmli deyil. Əsas odur ki, hər şey peşəkarcasına olmalıdır.

- Deyəsən, kaprizli xanımsınız?

- Xeyr, işdə kapriz ola bilməz. Sadəcə iş yüksək səviyyədə görülməldir.

- Mənə xarici görünüşünüz və xarakteriniz fərqli gəldi, özündənrazı və hər an müdafiəyə hazır xanım olmaqla yanaşı səmimi və sadə xarakter...

- Özündən razı görsənməyimdə obrazlarımın rolu ola bilər. Rol oynamaq çətin deyil. Amma əsas odur ki, aktrisa olaraq təbii qalasan. Həyatda özün kimi davranmaq lazımdır.

- Həyat obraz tələb edir?

- Əsla... Ümumiyyətlə, həyatda obraza girmirəm. Nə fikirləşirəmsə, onu dilə gətirirəm. Bəlkə də ona görə də insanlar məni çox sevirlər.

- Siz üç il öncə "Vicdan haqqı" serialından sonra tanınmağa başladınız. Gec tanınsanız da tez bir zamanda məşhur oldunuz.

- “Vicdan haqqı” serialına çəkilmədən öncə də rollarım var idi. Amma heç zaman tanınmaq kimi istəyim olmayıb. Peşəmi çox sevirəm. Tez-tez efirlərə dəvət edirlər, amma bir çox verilişlərə getmirəm. Bilirəm ki, əsəbiləşdirəcək suallar verəcəklər. Sanki insanı manipulyasiya edirlər.

Bəzi insanlar deyirlər ki, çəkildiyiniz serialı izləməmişəm. Amma deyirlər ki, filan seriyada çox yaxşı paltar geyinmişdiniz və s. Hətta ayaqqabının rənginə qədər bilirlər.

- Siz xarici görünüş baxımdan digər həmkarlarınızdan fərqlənirsiniz.

- Məni Monika Belluççi və Nikol Kidmana bənzədirlər. Əlbəttə ki, insan heç kimə bənzəməməlidir, özü olmalıdır. Biz bu həyata necə gəliriksə, elə də gedirik. Sərvət, şan-şöhrət, pul müvəqqəti şeylərdir. Heç vaxt insanları təbəqəyə bölmürəm ki, filanın qohumu və s.

- Gözəl və saf olmaq xanım üçün təhlükəlidir?

- Mən bütün insanlara inanıram.

- Sizinlə ünsiyyət qurarkən bunu hiss etmək olur, amma xarici görünüşünüz əksini göstərir...

- Az öncə qeyd etdiyim kimi insanlara çox güvənirəm. Yaxın rəfiqəm evimin içindən qızıllarımı apardı. Məndən xəstə adıyla bir çox insanlar pul istəyiblər, vermişəm. Rəfiqəm deyirdi ki, xərçəngdir. Sonra bacısı dedi ki, o, yalan danışır. Mənim üçün bəzi şeylər müqəddəsdir. O mövzularda yalan danışmaq olmaz.

- Rəfiqənizi hüquq-mühafizə orqanlarına şikayət etdiyinizi demişdiniz.

- O, xanım hər şeyi boynuna aldı. Amma deyir ki, qızılı o yox, 12 yaşlı övladı götürüb. O, evimdə olanda qızıllarımı çıxarıb, stolun üstünə qoymuşdum. Səhər oyandım ki, sırğa yoxdur. Mənə qəribə gələn odur ki, öz cinayətini uşağın üzərinə atır. Uşaq bijuteriyanı aparardı, qızılları yox.

- Qızıllarınızın həmin xanım tərəfindən aparılmasına necə əmin oldunuz?

- Səhər rəfiqəmə zəng etdim ki, qızıllarım yoxdur. Dedi ki, Çimnaz, stolun üstünə qoymadın? Deyirəm ki, bizim evə səndən başqa heç kim gəlməyib. Yəqin sən aparıbsan.

- O xanımı neçə il idi tanıyırdınız?

- İki il idi ki, tanıyırdım, çox mehriban idik. Mənə çox yalanlar danışırdı. Çox məşhur bir ailənin övladıdır. Anası əməkdar incəsənət xadimi, atası tanınmış adamdır.

- Hadisəni gizli saxlamaq haqda düşündünüzmü?

- Əsla. Ən yaxın rəfiqəm olub, birlikdə çörək kəsmişik. Ən çətin anlarında yanında olmuşam. Sirrlərini paylaşmısan.

- Xanımı bağışlaya bilərsiniz?

- Xeyr, hətta atamın hədiyyə etdiyi qızılları da aparıb. Özü öz diliylə yazdı ki, iki ay ərzində, hər şeyi qaytaracaq. Dörd ay onu gözlədim və bu haqda heç kimə heç nə demədim. Yeni ildə bayramını təbrik edəcəkdim, gördüm ki, məni bloka atıb. Haqqımda nələr danışırdı. Çimnazı efirlərdən uzaq edərəm və s. Sənə nə pislik etmişdim? Kişi qızı kimi susurdum. Mənə hamı deyirdi ki, hüquq-mühafizə orqanlarına müraciət elə. Deyirdim ki, yazıxdı. Anadır, bir balası var. Gördüm ki, nə pulu qaytarır, nə qızılı. Doğrusu pul istəmirəm, qızıllarımı qaytarsın. Hazırda istintaq başlayıb.

- Sosial şəbəkədə cəsarətli fotolar paylaşırsınız.

- Deməzdim ki, cəsarətli fotolar paylaşıram. Mənim üçün cəsarət, paraşütlə hoppanmaq, dağa dırmaşmaqdır.

- Fiquranızı ön plana çıxaran paltarlardan belə çəkinmirsiniz...

- Gözəlliyi sevən insanam.

- Estetik əməliyyat elətdirmisiniz?

- Heç vaxt. Mənim sirrim yoxdur. Sosial şəbəkədə saç, makiyaj, dəriyə qulluq, kosmetoloji prosedurlar haqda hər zaman məlumat verirəm. İdmana gedirəm. 10 il bədii gimnastika ilə məşğul olmuşam.

Hazırda pilates və üzgüçülüklə məşğul oluram. Plastik əməliyyat elətdirsəydim, deyərdim.

- Çimnaz xanım müsahibələrinizi oxudum, amma evli yaxud da subay olduğunuz haqda heç bir məlumat əldə edə bilmədim.

- Subayam.

- Sizin üçün evlənmək elə də çətin deyil...

- Bu haqda düşünmürəm və düşünmək də istəmirəm. Ailə həyatı qurmaq böyük bir məsuliyyətdir. İlk evliliyimdən bir övladım var, xaricdə oxuyur. Əgər qadın daxildən xoşbəxt deyilsə, heç kəs onu xoşbəxt edə bilməz. Mənə isə xoşbəxt olmaq üçün heç kim lazım deyil. Mənə deyirlər ki, tənhasan. Tənha yox, azad xanımam. Ən əsası odur ki, sən bu situasiyaya necə yanaşırsan.

- Sizin kimi xanımın həyatında heç kimin olmamasına inanmaq çətindir.

- Həyatımda heç kim yoxdur. Baxır sən həyatda nədən zövq alırsan. Mən özümdən zövq alıram. Çox insanları itirmişəm. Həyatda güclü olmaq lazımdır. Bəzi insanlar çətinlik olan kimi intihara əl atırlar. Çıxılmaz vəziyyət yalnız qəbristanlıqdadır. Sadəcə qəbirdən çıxış yolu yoxdur. Başqa hər şeyin həlli mümkündür.

- Şəxsi həyatınızı çox gizli saxlayırsınız. Buna səbəb nədir?

- Qoy elə sirr qalsın. Ümumiyyətlə, aktyorun şəxsi həyatı haqda heç nə bilməməlidirlər.

- Bizneslə məşğul olursunuz?

- Bəli, bizneslə məşğul oluram. Mən Almaniyada beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirmişəm. Ailəmizdə təhsil məsələsi çox önəmlidir. Düzdür, anam məni həkim və musiqi müəlliməsi kimi görmək istəyirdi.

Rəqsanə

AzNews.az