Aslan İsmayılovun bu hərəkəti insanlığa sığmır - Vəkil Emin İsayevlə MÜSAHİBƏ

2 May 2019 17:18 (UTC+04:00)

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyəti, problemlər və digər məsələlərlə bağlı AzNews.az-ın suallarını sözügedən kollegiyanın üzvü Emin İsayev cavablandırır.

- Emin bəy, son dövrlər Vəkillər Kollegiyasının fəaliyyətində dinamiklik hiss olunur. Bu barədə nə deyə bilərsiniz?

- Mən yeni rəhbərliyin dövründə kollegiyaya gəlmişəm. Ona görə indiki dövrü əvvəlki rəhbərliyin dövrü ilə müqayisə edə bilmərəm. Bu müqayisəni hər iki rəhbərliyin dövründə olan vəkillər daha yaxşı aparar. Amma mən yeni rəhbərliyin dövründə onu gördüm ki, açacağımız bir qapı var. Yəni biz vəkillər kollegiyanın tam sahibiyik. İstədiyimiz zaman tərəfimizdən seçilmiş rəhbərliyə sözümüzü deyə bilirik, vəkillik fəaliyyətimizdə qarşılaşdığımız porblemlərə dərhal reaksiya verilir. Bir vəkilə nə lazımdır? Onun işinə mnaeə yaradılmasın və əngəllər də aradan qaldırılsın. İndiki rəhbərlik bunu edir.

İkincisi, kollegiya dinamik fəaliyyət göstərir. Rəhbərlik və kollektiv demək olar ki, gənclərdən ibarətdir. Ona görə də hadisələrə dərhal reaksiya verirlər. Həm mətbuatla işləmək, həm də kollegiyanın tanıdılması çox vacibdir. Ümumiyyətlə, vəkillik institutunun ölkədə tanıdılması, nüfuzlu olması çox vacibdir. Mənim fikrimcə, bugünkü kollegiya bu istiqamətlərdə çox ciddi işlər görür və öhdəsindən gəlir. Cəmiyyətdə artıq vəkilliyə qarşı müsbətə doğru fikir formalaşır.

- Dediniz ki, hər hansı bir problemlə qarşılaşanda dərhal rəhbərlik tərəfindən reaksiya verilir. Maraqlıdır, əsasən hansı problemlərlə qarşılaşırsınız?

- Bir az primitiv misallardan başlasaq, deyək ki, bəzi məhkəmələr vəkili binaya telefonla buraxmırlar. Necə olur ki, ittiham olunan tərəf məhkəmə binasına telefonla rahat keçə bilir, vəkil girə bilmir?! Ümumiyyətlə, vəkilə qarşı hörmətsizlik, dövlət qurumlarının soruğularımıza gec cavab verməsi, yaxud heç cavab verməməsi, bəzi məhkəmələrə buraxılmanın gecikdirilməsi və s. problemlərlə üzləşirik. Amma rəhbərliyin müdaxiləsindən sonra dərhal reaksiya olduğunu hiss edirik. Bunlar o demək deyil ki, vəkillik sahəsində bütün problemlər öz həllini tapıbdır. Bununla belə, yaxşı başa düşürük ki, bütün məsələlər eyni anda həll edilə bilməz. Biz hüquqşünasıq, bilirik ki, hər bir məsələ mərhələ-mərhələ öz həllini tapacaq. Buna inanırıq.

- Emin bəy, bəs, bu gün Azərbaycanda vəkillərin ümumi sayı yetərlidirmi?

- Mənim bildiyim statistikaya görə, vəkillərin sayının çox aşağı olduğu ölkələrdən biriyik. Təbii ki, ümumi say qənaətbəxş deyil, artırılmalıdır. Mən bildiyim Gürcüstan nümunəsində hər on min nəfərə bir vəkil düşür. Bu məsələdə ən azından biz də Gürcüstan səviyyəsində olmalıyıq. Amma kollegiyada bu istiqamətdə çox işlər görülüb. Mən özüm imtahan vermək üçün iki il gözləmişəm. Sənəd qəbuluna da bir xeyli vaxt gedib. Amma bu gün kollegiya sənəd qəbulunu elektron formada aparır, ildə bir neçə dəfə imtahan təşkil edir. Bunların özü bir göstəricidir. İnanırıq ki, vəkillərin sayı ilə bağlı narahatlığımız da yaxın illərdə aradan qalxacaq.

- Əvvəllər dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsait müvafiq icra hakimiyyətinə ayrılırdı, amma prezidentin 03 aprel 2019-cu il tarixli fərmanından sonra bu vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılmasına qərar verildi. Bu yeni sistem barədə nə deyə bilərsiniz?

- Təbii ki, proses xeyli asanlaşıb. Hazırda mənim təyinatlı bir işim yoxdur deyə, bilmirəm ki, praktik olaraq onun ödənişi necə olacaq. Amma fakt budur ki, Prezidentin Fərman və Sərəncamları ilə müxtəlif məsələlərin həll olunması, Vəkillər Kolegiyasına ayrıca yer ayrılması və s. addımlar kollegiyanın nüfuzunu artırır. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı həmin fərman da uzun illərdən qalan bir problemin həlli deməkdir.

- Emin bəy, Aslan İsmayılovu tanıyırsınız yəqin ki! O, son günlərdə Vəkillər Kollegiyasının ünvanına müxtəlif ittihamlar səsləndirir. Onun bu hərəkətləri barədə nə deyə bilərsiniz?

- Mən konkret olaraq şəxslər barədə bir söz deyə bilmərəm. Amma Aslan İsmayılov bu günlərdə mərhum məktəbli Elina barədə yazarkən bizdən də bəhs etmişdi. Hətta əminliklə bildirmişdi ki, guya biz bu işə ona görə qoşulmuşuq ki, onu məhv edək. Yazmışdı ki, guya işin batırılması üçün əlimizdən gələni edəcəyik. Bizi bu şəkildə ittiham etmişdi. Mənim üçün şəxslər deyil, deyilən sözlər, atılan addımlar vacibdir. Onun bu yanaşması da nə hüquqşünas etikasına, nə də insanlığa sığacaq bir hərəkətdir. Bilmədiyi, onun tanımadığı şəxslər barəsində əminliklə böhtan xarakterli sözlər söyləməsi ümumi etikadan kənar bir şeydir.

- A.İsmayılov vaxtilə Vəkillər Kollegiyasının üzvü olub. Onu bir vəkil kimi necə tanıyırsız?

- Mən onunla heç bir məhkəmə işində qarşılaşmamışam. Fərdi olaraq, onun şəxsi haqqında fikirim yoxdur. Yəni tanımıram. Çünki şəxsi görüşüm, ünsiyyətim olmayıb.

Elgün Mənsimov
AzNews.az