Don Kixotun azadlığı

5 May 2019 16:57 (UTC+04:00)

Don Kixotu şüurlu qəhrəman kimi təqdim etmək, bu obrazın hərəkətlərinə məna qazandırmaq eyni adlı əsərin qiymətləndirilməsi baxımında, elə bilirəm, yanlış metoddur. Çünki əsərin mahiyyətinə varanda anlaşılır ki, Don Kixot müəllifindən, demək olar, ayrılıb. Bu əsərin qəhrəmanı, sanki, “yoxdan var olub”, tam müstəqil varlıqdır. Əsəri oxuyarkən Don Kixotu sadəcə Don Kixot kimi izləmək lazımdır... Necə ki, şüur axını zamanı biz özümüzdən asılı olmadan kənardakı mağaza, aptek və s. üzərindəki yazıları oxuyuruq, ancaq onun mənası haqqında düşünmürük, həmin mövcud məna bizim gözümüzə görünmür, eləcə də Don Kixotu oxuyarkən mənanın üzərindən o cür adlamalıyıq... Çünki “şüur axını” zamanı anladığımız mənalar bizim üzərində dirəşdiyimiz yox, azad şəkildə qəbul etdiyimiz mahiyyət və mənalardır... Don Kixotun hərəkətlərini yozmaq, onları şərh etməklə bağlı məna da şüuraltında olmalıdır... Necə?

Necə ki dünyanın hikmətləri, möcüzələri haqqında düşünəndə onları dünyanın özünə aid etmirik, eləcə də bu əsərin qüdrətini qəhrəmanla bağlamamlıyıq. Məsələn, biz deyirik ki, bu dağları Xuda necə yaradıb ki, üstümüzə aşmır, göy üzü niyə yerə düşmür, bu qədər dənizi – suları artıb-azalma nizamında saxlayan qüvvə nədir və s. Hətta Allahın varlığına şübhə edənlər belə kainatı axarında saxlayan hansısa fövqaladə qüvvənin varlığına inanırlar. Necə ki, aləmin mənasını, qüdrətini onun özü ilə deyil Allahla, Yaradıcı qüvvə ilə bağlayırıq, dünyanın öz-özlüyündə inkişafını, nizamını çox zaman düşünmürük, cahanın müstəqil var olduğu fikrini özümüzə yaxın buraxmırıq, bax, eləcə də Don Kixot haqqında düşünməliyik. Don Kixot obrazına, onun hərəkətlərinə məna verməyə dəyməz. Yəni biz dünyanın varlığının mənasını Allahda, onun yaradıcılığında görürük, eləcə də “Don Kixot” əsərində də biz baş qəhrəmanın hərəkətlərinə məna qazandırmamlıyıq, o əsərdəki mənanın (yozumun, rakursun) müəllifi Servantesdir, yəni əsəri yaradan – Allah kimi (əstəğfürullah) görünməz olan. Dünyanın mənasını Allahın yaradılış fəlsəfəsində tapdığımız sayaq və Xudanın qüdrətitək qəbul etdiyimiz kimi, “Don Kixot”un möhtəşəmliyini də qəhrəmanda yox, Servantesdə axtarmaq lazımdır. Yalnız bu yolla adı çəkilən əsəri anlamaq, romanın əsl mahiyyətini dərindən başa düşmək olar. Ondan bəzi suallar meydana çıxır:

• Bu ayrı-seçkiliyi (müəllif və qəhrəman baxımından) niyə salıram?
• Eyni fikri qanmaz bir inadkarlıqla başqa əsərlərə də aid etmək olmazmı?

Don Kixotluq mənadan imtinadır, çünki məna hədd ilə, ölçü ilə qiymətləndirilə bilən məsələdir. Don Kixot isə həddən, ölçüdən azad idi. İnsan heç zaman azad olmur deyə onun – Don Kixotun azadlığı tam dəqiq qiymətləndirə bilmərik. Məhrumiyyətlər çoxaldıqca insan çox mənasız, absurd şeylərdə belə azadlıq axtarışına çıxır. Don Kixotluğu ağılsızlıqla əlaqələndirməyin kökündə də məhz bu azadlıq məsələsi duyur. Bizim yalnız bir məqamda Don Kixotu anlamaq imkanımız var: Əsərin sonunda onun ağlı başına gəlir, reallığa – sanki yenidən bizim dünyaya qayıdır. Bax onda, o məqamda biz onu tam başa düşə bilərik. O məqam isə əsər demək deyil, sadəcə fraqmentdir. Deməli, Don Kixotu ancaq bir fraqment daxilində tam anlaya bilərik Çünki məhz bu məqamda bizim dünyalarımız tənləşir, məsələlərə eyni nöqtədən baxmağa başlayırıq. Nizami Gəncəvi deyirdi:

Çoxdur uzunumuz, enimiz ancaq,
Getməz xəyalımız dünyadan uzaq.

Misraların mənası budur ki, nə qədər böyük olsaq da, təsəvvürümüz bu dünya ilə məhdudlaşır. Ona görə də biz o biri dünyanı – axirəti də bu dünyanın meyarları ilə qiymətləndiririk. Ona görə də axirət dünyasına çox zaman insanlar inanmır, yaxud o aləm onlara qeyri-real gəlir. Oradakı hərəkətlərini bu dünyadakı kimi qavrayırlar. Don Kixot ilə bizim dünyalarımız arasındakı sərhəd də belədir, o dünyanın (Don Kixotun dünyasının) varlığını bilirik, amma onu tam mahiyyəti ilə anlamağa qabil deyilik. Çünki biz heç zaman Don Kixot qədər azadlığa qovuşmuruq...

Növbəti sual meydana çıxır: Bəs nə üçün mətni müəllifə aid edəndə “Don Kixot” əsərinin anlaşılacağını düşünürəm? Çünki mətni müəllifə aid edəndə Servantes nəqledən mövqedə dayanır. Həmin mövqe isə öz anladığını nəql edənin mövqeyidir. Təxminən, nağılçı mövqeyi. Yəni, belədə “Don Kixot”u nəql edən Servantes belə əsəri oxuyan minlərlə insan kimi subyektlərdən biridir. “Don Kixot” əsəri Servantesin dünyada mövcud olan minlərlə Don Kixot yozumlarından biridir. Biz süjeti Servantesin “ifasında eşidirik” deyə mənanı da onun “ayağına yazmalıyıq”, əks halda (yəni obrazın hərəkətini yozmaqla, mənalandırmaqla) əsəri anlamamışların sırasına qoşula bilərik...

Fərid Hüseyn