Lavrovun ikili siyasəti...

6 May 2019 09:42 (UTC+04:00)

Bakıda həbsdə saxlanılan erməni əsilli Rusiya vətəndaşı Marat Ueldenov – Qalustyan Moskvaya təhvil verilib.

Bəlkə də bu ad bizim oxucularımıza artıq elə bir şey demir. Elə biz də bu məsələyə diqqət ayırmazdıq, əgər iki detal olmasaydı.

Birincisi, Qalustyanın azad olunması üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov cənabları çox canfəşanlıq edirdi.

Prinsipcə, hətta bunu da “başa düşmək” iqtidarındayıq–bir daha deyirik ki, bu cənab Ueldenov-Qalustyan erməni olsa da Rusiya vətəndaşı idi və məsələyə bu aspektdən yanaşanda qonşu ölkənin baş diplomatının onun Rusiyaya təhvil verilməsini bilavasitə öz nəzarətinə götürməsi hər halda, başadüşülən bir detal sayıla bilər.

Amma burada bir məqam da var. Bir neçə illərdir ki, Ermənistanda həbsdə saxlanılan Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır və Sergey Lavrov cənabları bircə dəfə belə olsun, onun məsələsini qaldırmayıbdır. Daha doğrusu, o, bunu cəmi bircə dəfə edibdir. Bir ara Ermənistanda bir ailəni qətlə yetirən əsgər Valeriy Permyakovla bağlı Moskva ilə İrəvanın arasında mübahisə yaranarkən Sergey Lavrov ilk dəfə Dilqəm Əsgərovu “yada saldı” və dərhal da aydın oldu ki, Rusiyanın baş diplomatı bunu öz forpostlarına təzyiq məqsədilə edir. Sonradan Dilqəm Əsgərov tamamilə unuduldu və biz bu müddət ərzində bir dəfə belə görmədik, eşitmədik ki, Dilqəm Əsgərov da Lavrovun yadına düşmüş olsun.

Ona görə də buradan belə nəticə çıxarmaq olar ki, Rusiya dövlətinin himayəsini və diqqətini hiss etmək üçün ya gərək etnik rus olasan, ya da ki, soyadın heç olmasa, bir “yan” şəkilçisilə bitmiş olsun, yəni, erməni əsilli bir adam olasan. Əks təqdirdə qüdrətli Rusiya dövlətinin vətəndaşı olmaqla Vyetnamın vətəndaşı olmaq arasında bir fərq hiss etməyəcəksən və öz aqibətinlə barışmalı olacaqsan...

Əslində burada da təəccüblü və qeyri-adi dərəcədə gözlənilməz bir məsələ yoxdur. Cənab S.Lavrov özü də iki soyadı daşıyır – biri rəsmi, digərisə qeyri- rəsmi şəkildə. Bəli, bu adam rəsmi olaraq – XİN-nin sənədlərində milliyyətcə rusdur, amma internetdəki mənbələrdə onun erməni əsilli olduğu bildirilir.

O ki qaldı bu detalın Rusiyanın xarici siyasətindəki təzahürlərinə, biz bunun da dəfələrlə işarələrini görmüşük. Uzağa niyə gedək, elə bir-iki ay bundan əvvəl bu ölkənin Xarici İşlər idarəsinin Azərbaycana erməni əsilli Rusiya vətəndaşlarının buraxılmaması ilə bağlı qaldırdığı hay-küyü yada salmaq yetərli deyilmi? Və yaxud da Serj Sarqsyanın zamanında Ermənistan Avropa Birliyilə saziş imzalayarkən Lavrovun bu məsələyə heç bir reaksiya verməməsini unutmaq olarmı? İndiki kimi yadımızdadı, o vaxt S.Lavrov Avropa Birliyilə yaxın münasibətlər quran Gürcüstanın, Moldovanın, Ukraynanın qarasınca xeyli deyinmişdi, Bakını və Minski isə sədaqətinə görə tərifləmişdi, amma İrəvan haqqında bircə kəlmə belə deməmişdi...

Əlbəttə ki, biz iddia etmirik ki, Rusiyanın baş diplomatiya idarəsində digər bir adam otursaydı tamamilə fərqli mənzərə olacaqdı –yox, sözsüz ki, məsələ belə deyil, bir yada salın, görün indiyədək Rusiyada nə qədər xarici işlər naziri olubdur!..

Sadəcə, iki səviyyədə tendensiya olur. Bunlardan biri aparıcı, baş tendensiya olur, digəri isə köməkçi, ikinci dərəcəli. Baş, əsas tendensiya baxımından Rusiyanın xarici işlər naziri kim olursa olsun, onun Dağlıq Qarabağla bağlı siyasəti dəyişməz qalacaq; bu siyasət Rusiyanın region üzrə mövqelərini saxlamağa xidmət edir və o halda dəyişər ki, Kreml bu bölgədəki mövqelərini saxlamaq üçün Qarabağ problemindən effektli və daha etibarlı “rıçaq”lar əldə etsin.

Amma ikinci dərəcəli tendensiyalar da vardır ki, onlar müəyyən dərəcədə personifikasya olunub və Rusiyanın xarici işlər idarəsində kimin oturmasından asılıdır. Məsələn, yazının əvvəlində toxunduğumuz detala qayıdaq. Doğrudanmı, Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması Rusiyanın bölgədəki geosiyasi mövqeləri üçün təhdid yarada bilərdi? Əlbəttə ki, yox. Bu artıq Rusiyanın xarici işlər nazirinin kim olmasından asılıdır.

Yüzə-yüz əminik ki, burada məhz subyektiv və yaxud da ki, ikinci dərəcəli tendensiyalar özünü biruzə verir və bizi ixtiyarsız olaraq belə fikrə yönəldir ki, bəzi məsələlər başqa cür də ola bilərdi, əgər Lavrovun əvəzinə başqa bir adam nazir olsaydı...

Hüseynbala Səlimov